16 Mart 2019 12:04
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə ABŞ Dövlət Departamenti 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı mənə daha öncələr ABŞ Dövlət Departamentinin tarixinə aid oxuduğum bir məlumatı xatırlatdı.

2001-ci ildə ABŞ Dövlət Departamentinin hesabatı Konqresə təqdim olunandan və sənədin dərcindən sonra, bir neçə gün ərzində ABŞ-ın əksər rəsmi dövlət strukturları və siyasi isteblişmentinin sərt tənqidlərinə məruz qalır, tənqidlər o qədər ciddi olur ki, ABŞ Konqresi Dövlət Departamentinin illik hesabatından imtina edir və özü alternativ hesabat hazırlamağı qərara alır.

Buna səbəb isə ABŞ dövlət rəsmilərinin öz ifadəsi ilə desək, Dövlət Departamentinin dərc etdiyi illik hesabatın reallığı əks etdirməməsi, qərəzli və ən əsası siyasiləşmiş olmasıdır.

Ümumiyyətlə,o hesabat ABŞ Dövlət Departamentinin tərtib etdiyi reallıqdan uzaq nə ilk, nə də sonuncusu siyasiləşmiş hesabatıdır. Eyni ilə 1995-ci ildə Dövlət Departamentinin dərc etdiyi qalmaqallı illik hesabatı da ABŞ Konqresi, rəsmi dövlət strukturları və siyasi istebleşmenti tərəfindən "sənədin tərtibatının Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakı ilə hədsiz siyasiləşdirildiyi” iddiası ilə rədd edilmişdi.

Yeni açıqlanmış sənədin Azərbaycana aid olan 40 səhifəlik hissəsində gəldiyim qənaət bu oldu ki, ABŞ Dövlət Departamentinin bu hesabatı da dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini obyektiv dəyərləndirilməsi deyil, növbəti qərəzli və siyasiləşmiş bir hesabatdır.

Hesabat ABŞ-la Azərbaycan arasında bu günün və sabahın təhdidlərinə qarşı həlledici, strateji əhəmiyyətli tərəfdaşlıq ruhuna uyğun deyil və çox saylı qalmaqal və istefalarla gündəmdə olan səriştəsiz Tramp administrasiyasının kənar maraqların təsiri altında tərtib etdiyi sənəddir. Ümumiyyətlə, ABŞ xarici siyasətının formalaşmasında müxtəlif lobbi qruplarının, həssas regionlarda ümumi məqsədlərə xidmət edən qüvvələrin və onların maraqlarının təsiri həmişə mövcud olmuşdur.

Həmçinin ABŞ-ın beynəlxalq münasibətlər tarixində, müxtəlif zamanlarda təhrif olunmuş məlumatların dərci, bu məlumatların əsasında böhranlar yaranması və hətta müharibələr başlaması təcrübəsi də mövcuddur. Buna misal olaraq, İraqın müxalifət lideri Əhməd Çələbinin ABŞ kəşfiyyatına ötürdüyü, Səddam Hüseyn hökumətinin kütləvi qırğın silahlarına malik olduğunu iddia etdiyi təhrif olunmuş məlumatlar əsasında İraqa bu günə qədər də davam edən hərbi müdaxiləni xatırlatmaq yerinə düşər.

Lakin hesabatın tərtib olunduğu sahələr üzrə təhlili də maraqlıdır və kiçik bir təhlil əslində hesabatın qərəzli və siyasiləşmiş olmasını daha aydın sübut edir. Hesabatı bir neçə əsas sahələr (media, azadlıqlar, seçki, işgəncələr, terrorizm və s.) üzrə təhlil edək

Sırf media azadlığı və senzura tətbiqi. Prezidentin onu tənqid edən media orqanlarını “xalqın düşməni” adlandırdığı, tənqidi suallar ünvanladığı üçün mətbuat konfransından jurnalisti qovduğu, nüfuzlu media qurumlarının prezidentin haqqında tənqidi materiallar dərc etdiyi üçün Ağ Evə girişi və müsahibə almaq hüququnu bloklandığı bir ölkədə, xarici siyasət idarəsinin Azərbaycan da daxil 100-ə yaxın ölkədə media azadlıqlarının vəziyyətini neqativ dəyərləndirməsi özü də bir “cəsarət” tələb edir.

Təhlil üçün ikinci maraqlı sahə, əlbəttə, seçki azadlığıdır. Haqqında “seçkidə qələbəsi kənar təsirlər”lə baş tutması iddiası ölkənin Ədliyyə Nazirliyi və xüsusi prokuror tərəfindən artıq iki ildir araşdırılan, Konqres və Senat kimi qanunverici qurumlarda sorğulanan, seçki qərargahı üzvlərini kənar şübhəli əlaqələr iddiası ilə həbs olunan dövlətə aid xarici siyasət idarəsinin dərc etdiyi hesabatda ölkəmizin qismən azad seçki imkanlarına malik bir ölkə kimi göstərilməsi sadəcə gülüncdür.

Hesabatda daha bir maraqlı məqam işgəncələrlə bağlıdır. Bircə onu qeyd etmək yerinə düşər ki, azyaşlı və yeniyetmələr də daxil, hər il onlarla günahsiz vətəndaşı kiçik təhlükə ehtimalı və ya şübhəli məqam üzərindən küçənin ortasında sorğusuz-sualsız güllələyən, döyüb öldürən polisi olan, hər il həbsxanalarda onlarla məhkumun həbsxanadaxili çəkişmələrdə qətlə yetirilməsinə "şərait” yaradan bir penitensiar xidmətə sahib dövlətin xarici siyasət idarəsinin öz hesabatında Azərbaycanın adını belə mövzuda qabartması əlbəttə ki, qərəzin göstəricisidir.

Hesabatda strateji məqam terrorizmlə bağlıdır , xüsusi ilə Gəncə hadisələri haqqında qeydlər və s.

Dünyanın müxtəlif bölgələrində öz milli maraqlarına hədə hesab etdiyi şəxs və qruplara qarşı sorğu-sualsız, minlərlə insan itkisi ilə müşayiət olunan əməliyyatlar aparan, ölkə daxilində məişət terroru səviyyəsinə qalxmış birgə yaşayışın mümkünsüzlüyü izahı ilə əməliyyatlar keçirən ölkənin Azərbaycanı terrorla mübarizəyə görə tənqid etməsi də çox gülməlidir.

Çünki belə həssas bir coğrafiyada bizi xaosa sürükləməyə çalışanlara qarşı, qanunlarımıza və təsisatlarımıza şübhə yaratmağa çalışan radikal qruplara, milli təhlükəsizliyə təhdid olan amillərə qarşı mübarizə aparmaq Azərbaycan dövlətinin haqqı və borcudur.

Xüsusi qeyd etmək istədiyim məqam isə , ABŞ haqqında yuxarıda sadaladığm halların heç birinin hesabatda əksini tapmamasıdır.

Əlbəttə, mən ABŞ-ın özünün tərtib etdiyi hesabatda özünü tənqid edə biləcəyinə inanacaq qədər sadəlövh deyiləm. Ancaq bəlkə də məhz bu məqamların heç olmazsa birinin hesabatda əksini tapacağı halda ABŞ Dövlət Departamenti növbəti dəfə utancverici, qərəzli və siyasiləşmiş hesabatının dərci iddiasından xilas ola bilərdi.

Yeganə Hacıyeva,
Beynəlxalq Hüquq və münasibətlər üzrə ekspert


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər