Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Anadolu agentliyinə müsahibə verib.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinə, problemin həlli yollarına, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasına dair mühüm məsələlərdən bəhs olunub.
Azərbaycanın tərəfinin Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində danışıqlara həmişə hazır olduğunu diqqətə çatdıran Hikmət Hacıyev vurğulayıb ki, 25 ildir problemin ədalətli həllini gözləyən Azərbaycanın bu məsələdə səbrinin həddi var. Təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq öz qüvvələrini Azərbaycan işğal edilmiş torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsindəki hüquqdan istifadə etməyə məcbur olacaq. Bildirilib ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində təbii sərvətləri qanunsuz olaraq istismar etməkdədir. Bu yolverilməz halın qarşısı alınmalıdır.
Azərbaycan xalqının sülhə hazır olduğunu diqqətə çatdıran şöbə müdiri deyib ki, sülh üçün əvvəlcə ədaləti bərpa etmək lazımdır. Bunun üçün, ilk növbədə, işğal altındakı Azərbaycan torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərə sülh şəraitində yaşmaqda maraqlı olmalıdır.
Müsahibədə, həmçinin Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətindən də bəhs edilib.