Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasına səfəri çərçivəsində Argentina Deputatlar Palatasının sədri deputat Emilio Monzo ilə görüşüb.
XİN-dən Teleqraf.com-a bildirilib ki, görüşdə Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd edilərək, parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əməkdaşlıq imkanlarının araşdırılması baxımından faydalı ola biləcəyi vurğulanıb.
Azərbaycan və Argentina arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir E.Məmmədyarov səfərinin iqtisadi-ticari əlaqə və mübadilənin gücləndirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin qarşı tərəfə Azərbaycanın iqtisadiyyat və ticarət üzrə strategiyasının əsas aspektləri barəsində məlumat verərək, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı və turizm sahəsinin bu strategiyanın əsas istiqamətləri olduğunu bildirib.
Görüşdən sonra Argentina Deputatlar Palatasında Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədri Hektor Olivares və qrupun üzvləri, həmçinin Palatanın Xarici İşlər və Etiqad Komissiyasının sədri Kornelia Şmit ilə keçirilmiş görüşdə əsasən iqtisadiyyat, kənd təsərrüfatı və sərmayə qoyuluşu sahəsində münasibətlərin inkişafı üçün geniş potensialın olduğu, bu xüsusda iş adamları arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd edilib.
Nazir E.Məmmədyarov, həmçinin Argentina Senatının müvəqqəti sədri Federiko Pinedo ilə görüşüb. F.Pinedo Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, ölkəmiz və xalqımız haqqında xoş təəssüratlarını bölüşüb. Görüşdə ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilib və ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmi qeyd olunub.