3 Aprel 2019 20:09
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışında diqqəti cəlb edən xeyli mühüm məsələ var. Bunlardan birincisi ondan ibarətdir ki, Vyana danışıqlarından dərhal sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə görüşdü və danışıqlar masasında öz xalqına və onun güclü ordusuna arxalandığını nümayiş etdirmiş oldu.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, ancaq Vyana görüşündən sonra Ermənistanın baş nazirinin hara telefon açdığına diqqət etsək görəcəyik ki, bu şəxs xalqına və ordusuna deyil, elə zəng etdiyi mərkəzlərə arxalanır:

“Yəni, Ermənistan müstəqil dövlət deyil, forpostdur. Kiminsə hərbi bazası statusunda olan bir subyektdir. Elə danışıqlara da sahibindən aldığı təlimatlar əsasında gedir. İkinci mühüm məsələ ondan ibarətdir ki, Ali Baş Komandan bir daha bildirdi ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fikir əslində işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər. Yəni Azərbaycan danışıqlar prosesini imitasiya, yaxud manipulyasiya etmək cəhdlərinizə sona qədər dözmək fikrində deyil və rəsmi Bakı torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır. Üçüncü mühüm ismarıc isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində digər bütün faktorlarla bərabər aprel döyüşlərindən sonra hərbi-psixoloji əhval-ruhiyyənin də Azərbaycanın lehinə dəyişməsilə əlaqədar idi”.

H.Babaoğlu daha sonra deyib:

“Prezident İlham Əliyev bildirdi ki, bizim hərbçilərimiz əlverişsiz mövqelərdən çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti var. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Bu mühüm əhəmiyyətli fikir həm də o deməkdir ki, baxmayaraq ki, bu gün xeyli sayda strateji yüksəkliklər və rayonlar işğal altındadır ancaq buna baxmayaraq Azərbaycan ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər. Buna Ali Baş Komandanın siyasi iradəsi və güclü ordumuzun hərbi gücü çatar. Nəhayət, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün bunlar isə belə bir ümumiləşdirmə aparmağa məntiqi əsas yaradır ki, Azərbaycan bütün üstünlüklərə sahib ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, qadirdir və geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər