Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Bundan sonra proses necə davam edəcək? Paşinyan bir neçə dəfə separatçıların danışıqlar masasına dəvət olunmasını, format dəyişikliyi kimi təkliflər səsləndirdi. Sizcə, bu təklif gündəmdən çıxdımı?
- Əvvəla, “separatçı” sözünün əvəzinə “işğalçı administrasiya” ifadəsinin işlədilməsinin tərəfdarıyam. İşğalçı administrasiya süni şəkildə əhalinin müstəqil olduğunu, iradəsini bildirdiyini göstərməyə çalışır. Paşinyanın format dəyişikliyi təklifinə gəlincə, bu, gündəmdən çıxmayıb və çıxa da bilməz. Çünki bu söhbətin ortaya atılması ondan ibarətdir ki, əsas mövzulardan uzaq olan hansısa digər mövzuları müzakirə eləsinlər. Biz başa düşməliyik ki, bu, imitasiyadır. Hamıya çoxdan bəllidir ki, torpaqlar danışıqlar yolu ilə azad edilməyəcək. Hansısa mövzuları vermək, görüntü yaratmaq və bu kimi məsələləri yenidən qaldıracaqlar.
- Nikol Paşinyan Ermənistanın baş naziri seçiləndə onun danışıqlara davam edib-etməyəcəyi barədə tərəddüdlər vardı. Bir neçə dəfə qeyri-rəsmi, sonuncu dəfə Vyanada rəsmi görüş oldu. Ermənilərin mövqeyini dəyişməsi hansı halda mümkündür?
- Nəzəri baxımından üç variant irəli sürmək olar. Birincisi, ermənilər ağıla gəlib işğalçılıq siyasətindən əl çəkməlidirlər. Bu, mümkün olan şey deyil. İkincisi, beynəlxalq ictimaiyyət onlara sanksiya tətbiq etməli, hansısa formada təzyiqlər göstərməli, işğala son qoymaq üçün hətta qoşunlar göndərməlidir. Bu da mümkünsüzdür. Üçüncü amil, təbii ki, Azərbaycan dövlətinin, xalqın iradəsidir ki, torpaqları işğalçıya vermək niyyətində olmadığını nümayiş etdirsin. Bu amil əsasdır və hesab edirəm ki, həmişə də əsas olacaq.
- Danışıqlardan dərhal sonra Ermənistan müdafiə naziri David Tonoyanın ərazilər əvəzinə sülh formatını dəyişərək, yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyinə dair bəyanatını necə şərh edərdiniz?
- Bəli, Tonoyan açıq şəkildə bəyan elədi ki, təzə əraziləri də işğal edəcəyik. Kim nə deyir- desin, bu, o deməkdir ki, danışıqların real nəticəsi yoxdur. Paşinyan da bu bəyanatı dəstəklədi və dedi ki, əksini desəydi, onu işdən çıxaracaqdım. Burada hansısa ayrı fikir ola bilməz. Mən bir şeyi bilirəm ki, Azərbaycan xalqı və dövləti işğal altında olan torpaqları azad etmək niyyətindədir, nəinki təzə torpaq vermək. Əlbəttə, bu, cəfəng bəyanatdır. Hansısa böhranlara məruz qalmasalar belə, buna hərbi imkanları çatmaz. Ümumiyyətlə, istər Azərbaycanda, istərsə də başqa ölkədə müharibə aparmaq üçün üç amil vacibdir. Birincisi, daxili sabitlik, dövlət institutlarının normal fəaliyyəti, ikincisi, müdafiə imkanları, yəni silah sursat, təlim və sair. Üçüncüsü isə müharibə üçün beynəlxalq şərait lazımdır.
- Bəs, Azərbaycan məsələnin həllində dönüş yaratmaq üçün hansı vasitələrə əl atmalıdır?
- Danışıqlar ümumi siyasətin davamıdır, özü-özlüyündə heç bir məsələni həll edə bilməz. Biz işğal olunmuş əraziləri azad eləsək, Ermənistan qoşunlarını torpaqlarımızdan rədd etsək, onda ermənilər özləri danışıqlar aparmaqda maraqlı olacaqlar. Ayrı səbəb görmürəm. Çünki bu, reallıqdır. Dövlət başçımız da onu dedi. Söylədi ki, təəssüflər olsun, beynəlxalq qanunlar işləmir, yeganə işləyən güc amilidir. Hesab edirəm ki, bundan açıq bəyanat vermək mümkün deyil. İmkan dairəsində təcrübədən gələn biliklərlə real vəziyyəti şərh etməyə çalışıram. Məntiqi olaraq vəziyyət belədir.
- Ermənistanın bu cür qeyri-konstruktiv mövqe tutması fonunda həmsədrlərin xalqların sülhə hazırlanması çağırıcını necə dəyərləndirmək olar?
- Həmsədrləri yaxşı başa düşürəm. Onlar dövlət rəhbərlərindən Ermənistana təzyiq göstərilməsi ilə əlaqədar təlimat almayıblar. Onlar yaxşı başa düşürlər ki, Ermənistan işğalçı ölkədir. Təlimat ondan ibarətdir ki, heç olmazsa, müharibə olmasın. İndi görüntü yaratmağa çalışırlar ki, guya danışıqlar gedir. Buna görə də müxtəlif məsələləri, o cümlədən xalqların sülhə hazırlanması məsələsini ortaya atıblar. Bunlar öz işlərini görürlər. Bizim isə real məsələləri qeyri-real məsələlərdən ayırmağa imkanımız var.
- Zaman-zaman bir sıra ekspertlər belə fikirlər irəli sürür ki, Rusiyanın vasitəçiliyi olmadan, onun qol qoymadığı görüşdə hansısa nəticədən söhbət gedə bilməz. Sizin qənaətiniz necədir?
- Bəzi dəyişiklik ola bilər, amma prinsipial dəyişiklik mümkün deyil. Söhbət ayrı məsələdən gedir, bölgədə Rusiya ilə Qərb arasında gedən rəqabət davam edir. Bu, özünü müxtəlif sahələrdə, o cümlədən Dağlıq Qarabağ konfliktinə münasibətdə, onun vasitəçiliyində göstərir. Ümumi proses gedir, Rusiya bölgədə öz maraqlarını itirir. Bunun nəticəsində Ermənistan Qərb yönümlü siyasi bəyanatlar verir və sair. Problem ondan ibarətdir ki, Ermənistan-Rusiya münasibətləri də gərgin vəziyyətdədir. Çünki ortaya sual çıxır, ruslar ermənilərə deyir ki, siz bizimlə həmişə dost əlaqələri barədə danışırsınız, amma Qərbyönlü siyasət yürüdürsünüz, niyə biz sizə təhlükəsizlik zəmanəti verək, hərbi cəhətdən kömək edək? Bu problemlər paralel gedir, bunlar heç də özünü danışıqlarda bir o qədər büruzə vermir, amma hesab edirəm ki, əsas vəziyyətin inkişafına təsir edən problemlərdən biri budur. Biz tamamilə doğru mövqedəyik, görürük ki, Rusiya-Ermənistan əlaqələri nə qədər zəifləsə, ermənilər reallığa bir o qədər yaxın olarlar. Əgər bu baş versə, vəziyyət dəyişəcək. Amma bir daha qeyd edirəm, vəziyyət öz-özünə dəyişməyəcək. Hərbi əməliyyatların bu və ya digər vaxtda bərpa olunması bu prosesi donmuş nöqtədən tərpətməlidir. Bu, baş verməsə, heç nə dəyişən deyil. Yenə də danışıqların imitasiyası olacaq, nəticəsiz görüşlər keçiriləcək.