17 Aprel 2019 09:12
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda seçkidən sonrakı 16 gün ərzində səslərin yenidən sayılması davam edir. Artıq bu gedişat insanlarda narazılıqlar və etirazlar doğurur. Çünki bir çox dairələrdə səslər bir neçə dəfə sayılıb. Hətta Malıtəpədə iki dəfə sayılan səslərin üçüncü dəfə sayılması məsələsi qaldırıldı. Buna ciddi etirazlar da olub. Malıtəpə Seçki Komissiyası 400 qutuda səslərin yenidən sayılması haqda qərar vermişdi, amma Yüksək Seçki Qurum bu prosesi dayandırdı. 153 qutuda səslər sayılmalı və məncə, bununla da proses yekunlaşmalıdır.

Bu fikirləri Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin sabiq köməkçisi Oqtay Qasımov İstanbulda keçirilən və hələ də nəticəsi açıqlanmayan bələdiyyə seçkiləri haqqında danışarkən deyib.

Oqtay Qasımov əlavə edib ki, AKP və onun lideri Ərdoğan İstanbulda yeni seçkilərin keçirilməsinə dair fikirlərini ifadə ediblər. Onun sözlərinə görə, İstanbulda yenidən bələdiyyə seçkiləri keçirilməsi Yüksək Seçki Qurumunun verəcəyi qərarlardan asılı olacaq: “Dünən AKP-nin İstanbul üzrə namizədi Binəli Yıldırımı mətbuat konfransı keçirdi və seçki prosesinə dair sərt ifadələr işlətdi. Binəli bəyin iddiası belə idi ki, seçkilərə hiylə qatılıb, ona verilən səslər rəqibinə yazılıb və s. Hər halda son qərarı Yüksək Seçki Qurumu verəcək. Seçkilərin yenilənməsinin mümkünlüyünü demək və bununla bağlı proqnoz vermək çətindir. Əgər hüquqa əsaslanan qərar olacaqsa, İstanbulda yeni bələdiyyə seçkilərinin keçirilməsi imkansızdır. Çünki Yüksək Seçim Qurumunun bundan əvvəl verdiyi qərarlar var və bu presedent xarakteri daşıyır. Ancaq hüquqla siyasət bir-birinə qarışırsa, siyasi təzyiqlər artırsa, bu zaman fərqli qərarlar ola bilər. Bu mənada proqnoz vermək çətindir. Konkret olaraq seçkinin yenidən keçirilməsini tələb edən tərəfin əlində faktlar olmayacaqsa, dəlillər təqdim edilməyəcəksə, təkrar seçkilər haqda qərar da olmayacaq. Binəli Yıldırımın çıxışından da aydın oldu ki, əldə sübut və dəlillər yoxdur, amma ehtimallar var. Məncə, Yüksək Seçki Qurumu ehtimallar əsasında qərar qəbul etməyəcək. İndiki halda yaranan durum hakimiyyətin və AKP-nin əleyhinə işləyən prosesə çevrilir”.

Oqtay Qasımovun fikrincə, əgər İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğv olunarsa və yeni seçkilər elan olunarsa, bu zaman nəticə dəyişməyəcək: “Əgər AKP doğurdanda tutarlı dəlillər ortaya qoyub sübut etsə ki, həqiqətən seçkilər saxtalaşdırılıb və AKP-nin namizədinə verilən səslər cinayətkarcasına rəqibinə yazılıb, bu ictimai rəyə təsir edə bilər. Yox, əgər ciddi dəlillər olmayacaqsa, siyasi yöndən və tutarlı olmayan faktlardan ibarət olacaqsa, bu zaman türk xalqı haqsızlığa uğrayanın tərəfində olacaq. Məncə, Türkiyə siyasətində bunun ən bariz nümunəsi Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğandır. Ciddi, əsaslı və tutarlı dəlillər təqdim edilmədən seçkilər ləğv edilib yeni seçkilər keçiriləcəksə, bu zaman Əkrəm İmamoğlunun şansları daha yüksək ola bilər. Çünki indiki görüntü belədir ki, İstanbulda AKP seçkini uduzub və Əkrəm İmamoğlunun haqqı tanınmır. Bu da istər-istəməz cəmiyyətdə haqsızlığa uğrayana müdafiə kompleksi yaradacaq və onun şansları təkrar seçkilərdə daha da artacaq. Ancaq indiyə qədər ortaya qoyulan sübut və dəlillər seçkinin ləğv edilməsinə əsas verməyib. Ən vacibi də odur ki, Əkrəm İmamoğlu bütün dairə və məntəqələrdən imzalı və təsdiq edilən protokollara malikdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər