16 Aprel 2019 19:15
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov Axar.az-a müsahibəsində “deportasiyası”, “həbsi”, guya mənzilində aşkar edilmiş “milyon rubllar”, bəzi azərbaycanlıların ermənilərlə əlbir olması barədə özünün qənaətləri və bir çox başqa məsələlər barədə danışıb:

- Sizin Rusiyadan deportasiyanız, Moskvadakı mənzilinizdə axtarış aparılması, həbsiniz və ən maraqlısı isə evinizdən 15 milyon rubldan çox vəsait aşkar edilməsi ilə bağlı məlumatlar son günlərdə sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrilib...

- Hazırda deportasiya və həbs barədə mənə heç bir şey məlum deyil, mənə bu barədə heç kim heç nə deməyib. Evimdə axtarış aparılmasına gəldikdə isə bu, açıq-aşkar yalandır. Bu mənada mənzilimdə külli miqdarda vəsait aşkar edilməsi ilə bağlı informasiyalar da eyni zamanda yalan və böhtandır.

Deportasiyamla bağlı ilk informasiyanı Zabil Məhərrəmov adlı kimsə sosial şəbəkə hesabında paylaşıb. Azərbaycan saytları bu xəbəri kütləvi şəkildə tirajlamağa başladı. Ən dəhşətlisi isə odur ki, saytlar buna həmçinin mənim həbsim, mənzilimdə axtarış aparılması və hansısa 15 milyonun tapılması ilə bağlı məlumatları əlavə etdilər.

Separatçılar, bizim düşmənlərimiz Azərbaycan və azərbaycanlıların əleyhinə çalışanda bunu anlayıram, məntiqlidir. Bu məlumatı belə şövqlə yayan diaspordan olan həmvətənlərimiz və Azərbaycan saytlarına isə bunun nə üçün lazım olması anlaşılmazdır... Bu saytların adlarını çəkməyəcəm, ancaq böhtana görə onlar məhkəmə qarşısında cavab verməli olacaqlar.

Qeyd etdiyim kimi ermənilərin mənim əksimə hərəkət etməsi təəccüblü deyil. Çünki mən onların Azərbaycan və Azərbaycan dövlətçiliyi əleyhinə istənilən fəaliyyətlərinə qarşı dururam. Məsələn onlar Moskvada qondarma “dqr” himninin təqdimat mərasimini keçirmək istəyirlər. Mən təqdimatın keçiriləcəyi yerdə peyda oluram və onların planlarını həyata keçirmələrinə mane oluram. Təbii ki, istisnasız olaraq onların hər biri mənə nifrət edir. Məni Rusiyadan çıxarmaq onların arzusudur. Ancaq məni bağışlayın, mən eynilə düşmənlərimiz kimi məni və mənim fəaliyyətimi Rusiyada görmək istəməyən bizim diaspor təşkilatlarımızı anlaya bilmirəm. Bu, sadəcə “AzərRos” (Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti) və “AzərMos” kimi təşkilatların ermənilərlə birlikdə vahid orqanizm kimi hərəkət etməsindən xəbər verir.

Hətta onlar Rusiyanın müvafiq strukturlarına təsir göstərə bilsələr və mən həqiqətən deportasiya edilsəm belə, bu mənim fəaliyyətimin sonu anlamına gəlməyəcək. Etiraz, apellyasiya olacaq. Mən antiazərbaycan qüvvələrinə qarşı mübarizəmi davam etdirəcəm.

- Sual yaranır: mənzilinizdə 15 milyon rubl tapılması barədə şayiələr nəyə əsaslanır? Bizə öz gəlirləriniz barədə danışın.

- Bir çox insanlarda belə təəssürat yaranır ki, mən öz ictimai-siyasi fəaliyyətinlə milyonlar qazanıram. Bu pulları Rusiyadakı Azərbaycan diasporuna qarşı hansısa fəaliyyətlərə sərf etməyi planlaşdırdığımı düşünən insanlar da tapılır. Bu insanlar mənə külli miqdarda vəsait verən sponsorlarımın olduğunu düşünürlər. Reallıqda isə mən sadəcə “kraudfandinq” sistemi yaratmışam. Yəni mən çalışıram, məni dəstəkləyən insanlar isə mənim hesabıma pul köçürürlər. Ancaq heç bir milyonlardan söhbət belə gedə bilməz. Hansı milyonlar?!

Bir qədər əvvəl, dəqiqliklə desək, martın 12-də Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov təşkilatın toplantılarının birində mənim 6 milyonum olması barədə fikirlər səsləndirib. Qeyd edim ki, bu dəyirmi masada həmçinin erməni millətindən olan şəxslər də iştirak edirdi. Dəyirmi masanın mərkəzi mövzusu mənim fəaliyyətim olub. Onlar məndən yaxa qurtarmağın yollarını axtarırdılar.

Üstündən bir ay keçdikdən sonra artıq yeni informasiya peyda olur. Bu dəfə artıq mənim 6 yox, 15 milyon rublum olduğu bildirilir. Üstəlik bunun 9 milyonu bir aya peyda olub (gülür – müəllif). Bu, absurddur.

Məni həm mənəvi, həm də maddi mənada dəstəkləyən hər kəsə minnətdaram. Mən həmişə demişəm ki, məni maddi mənada dəstəkləməklə bağlı heç bir öhdəlik yoxdur. Bütün bunlar yalnız könüllü əsaslarla edilir. Bu məbləğ milyonçu ola biləcəyiniz məbləğ deyil. İsrail dövləti xalq maliyyələşməsi sayəsində yaradılıb. Ermənistan hazırda bunun sayəsində mövcuddur. Burada kriminal heç bir şey yoxdur.

- Sizin təşəbbüsünüzlə Rusiya azərbaycanlılarının növbədənkənar qurultayı keçirilməlidir. Buraya Moskvanın və Rusiyanın Azərbaycan ictimaiyyəti dəvət olunub, Azərbaycan diasporuna yeni rəhbər seçilməsi planlaşdırılır. Hər şey plana uyğun şəkildə davam edir? Sizi deportasiya ediblərsə, qurultay baş tutacaqmı?

- Qurultay istənilən halda baş tutacaq. Mən bu tədbirdə iştirak etmək yolu taparam. Yenidən xalq maliyyələşməsi mövzuna qayıdaraq – sözügedən qurultayın keçirilməsi və təşkilatçılığı mənim tərəfimdən ödənilir. Bu qurultayda Rusiya azərbaycanlıları bizim diasporumuzun layiqli təmsilçisini seçməlidilər. Bu, bütün Rusiya azərbaycanlıları və bizim dövlətçiliyimiz üçün vacib tədbirdir.

- Rusiyadakı Azərbaycan diasporu rəhbərliyinə namizədlər arasında sizin də adınızın olması barədə fikirlər səsləndirilir?

- Hətta mən bunu istəsəm belə, bunun üçün mənim qanuni haqqım yoxdur. Çünki mən Azərbaycan vətəndaşıyam, diaspora isə yalnız Rusiya Federasiyası vətəndaşı olan azərbaycanlı rəhbərlik edə bilər. Namizədlər arasında çox layiqli insanlar var. Onların adını çəkə bilmərəm. Çünki heç kimdə Fuad Abbasovun öz adamını reklam etməsi barədə təəssürat yaranmasını istəmirəm. Şəffaf səsvermə olacaq. Azərbaycan diasporuna bizim ölkəmizin layiqli bir nümayəndəsi rəhbərlik etsə, mən öz missiyamı yerinə yetirilmiş hesab edəcəm.

Mənə gəldikdə isə heç vaxt Azərbaycan diasporuna rəhbərlik etmək kimi bir ambisiyalarım olmayıb. Mənim vəzifəm onilliklər ərzində Rusiyada yaşamasına baxmayaraq hələ də bizim bu ölkədə diasporumuz olduğunu bilməyən azərbaycanlıların gözlərini açmaqdan ibarətdir. Onlar həmvətənlərimizin problemləri ilə məşğul olmaq əvəzinə əksinə ermənipərəst ideyalara inandırmağa çalışırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər