Moskvada əldə edilən razılaşma o qədər də böyük ümidlər oyadan razılaşmalar deyil. Bunu hələlik sülhyaratma prosesinin elementi də hesab etmək olmaz. Sadəcə olaraq bir sıra texniki məsələlər ətrafında fikir mübadiləsi gedib. Əsir və girov yaxınlarının bir-birilə görüşlərinin, jurnalist nümayəndə heyətlərinin Azərbaycana, Dağlıq Qarabağa və Ermənistana qarşılıqlı səfərlərinin təşkil edilməsi, kənd təsərrüfatı işləri zamanı əhaliyə zərər verə biləcək hərəkətlərə yol verilməməsi, eləcə də atəşkəs rejiminin daha yaxşı və dəqiq monitorinqinin aparılması haqqında razılaşma əldə edilib. Bütün bu razılaşmanın hamısının axıradək yerinə yetirilməsinin vacibliyi qeyd edilib.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, Ermənistan tərəfi bu dəfə də təmas xətti boyunca monitorinqə nəzarət erdəcək texniki vasitələrin sayının çoxaldılmasını tələb edib:
“Texniki vasitələri Avropa ölkələri və ABŞ göndərir. Nədənsə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu məsələlərdə xüsusi fəallıq göstərir və ermənilərin arzularının ödənilməsi üçün xüsusi təkidlə gündəliyə çıxarır. Biz əl-qolumuzu bağlayan atəşkəs rejiminə uzun müddət əməl etmək niyyətində deyilik. Yalnız sülh prosesi lazımı qaydada gedərsə, o zaman ola bilsin atəşkəs rejiminə əməl olunması məsələsi öz aktuallığını qoruyub saxlaya bilər”.
Q.Hüseynli qeyd edib ki, kənd təsərrüfatı ilə bağlı məsələlərdə Azərbaycan daha çox narahatdır:
“Çünki Sərsəng su anbarından suyun Azərbaycan tərəfinə ötürülməməsi Azərbaycana qarşı su soyqırımıdır. Mən görüş zamanı bu məsələnin qaldırılmamasına təəccüblənirəm. Çünki aran Qarabağın rayonlarının ərazisinin 90 faizi su təchizatı məhz Sərsəng su anbarından gələn suyun hesabına həyata keçirildi. Ermənilər neçə illərdir bu suyun Azərbaycana gəlməsinin qarşısına bənd qoyublar. Bununla Azərbaycaan çox ciddi ziyan vururlar. Humanitar məsələlər sırasında bu cür aktual məsələnin qaldırılmaması məndə çox ciddi narahatlıq doğurur və görünür gələcəkdə bu məsələləri ciddi surətdə nəzərə almaq lazımdır”.
Q.Hüseynli əlavə edib ki, danışıqlar prosesinə start verilsə də sülhyaratma prosesində ciddi irəliləyişlər haqqında danışmaq mümkün deyil:
“Bu da Ermənistan tərəfinin özünü çox təkəbbürlü aparmasından və açıq demək lazımdır ki, Rusiya tərəfinin də o qədər də ürəkaçan moderatorluq qabiliyyətinin olmamasından irəli gəlir. Zənnimcə, Rusiyanın bundan əvvəlki moderatorluğu ilə keçirilən görüşlərdə daha mühüm və əhəmiyyətli məsələlər müzakirə olunurdu. Ümid edək ki, gələcəkdə bu cür görüşlərdə tədricən həm müzakirə edilən məsələlərin səviyyəsi, həm də ümumi sülhyaratma prosesinə töhfəsi daha yüksək olacaq”.