Ötən bir ildə Ermənistanın siyasi palitrası, əlbəttə, xeyli dəyişib, amma sosial-iqtisadi baxımdan demək olar ki, heç nə dəyişilməyib.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O qeyd edib ki, bir il bundan öncə olan problemlər hələ də aktualdır. Onların həllində real heç bir addımlar atılmayıb:
“Ancaq gözləntilər ondan ibarət idi ki, “məxməri inqilab” sadə insanların həyatına təsir göstərəcək, onların güzəranını yaxşılaşdıracaq, sosial-iqtisadi problemlərin həllində kifayət qədər əsaslı addımlar atılacaq. Ancaq ortalıqda sözdən başqa heç nə yoxdur. Paşinyan dekabrda keçirilən parlament seçkisindən sonra yeni bir sözlə gündəmə gəlib. Bu, “iqtisadi inqilab” sözüdür”.
İ.Vəlizadə qeyd edib ki, Nikol Paşinyan özü üçün siyasi monopoliyanı təmin edib. Belə ki, Qarabağ klanı darmadağın edilib, ancaq iqtisadi problemlərin olması əhalinin müxtəlif təbəqələrinin indiki hakimiyyətə bir sıra suallar ünvanlamasına səbəb olub.
Politoloq bildirib ki, Ermənistanda real vəziyyət heç də dəyişməyib:
“Paşinyanın hazırda əsas məqsədi Ermənistana pul axınını təmin etməkdən ibarətdir. Bu, ancaq kredit vasitəsilə, yaxud da donorluq yolu ilə mümkündür. Əks-təqdirdə hansısa investisiyadan danışmaq çox çətindir. Ciddi investorlar bu ölkəyə investiya yatırmaq niyyətində deyillər. Əvvəllər rus mənşəli erməni investorlar Ermənistana investisioya yatırmağa həvəs göstərirdilərsə indi heç onlar da maraq göstərmirlər. Ona görə də Paşinyan üzünü Qərbə tutur. Ancaq bu da inandırıcı görünmür. Reallıqda Ermənistana heç bir investisiya yatırılmayıb. Düzdür, müəyyən kredit xətti ilə Ermənistan bir qədər pul alıb. Bax, sosial-iqtisadi baxımdan Ermənistanda bu cür qeyri-müəyyənlik hökm sürməkdədir”.
İ.Vəlizadə əlavə edib ki, siyasi baxımdan müəyyən qədər sakitlik görüntüsü var:
“Amma bu da yanlış bir sakitlikdir. Çünki sosial-iqtisadi zəmində məğlubiyyət yeni siyasi proseslərə təkan verəcək”.
Müsahibimiz Dağlıq Qarabağ məsələsində cərəyan edən proseslərə də toxunub:
“Paşinyan burda da çalışır ki, müəyyən qədər populist addımlar atsın. Belə ki, onun əsas tələbi qondarma Dağlıq Qarabağ rejimini danışıqlar masasına gətirməkdən ibarət olmuşdu. Ancaq bu, əslində mümkün olan bir şey deyildi. Bununla belə onun bu istəyi cəmiyyəti müəyyən qədər çaşdırıb. Bu istiqamətdə də heç nəyə nail olmayıb. Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün də Paşinyan tərəfindən real olaraq heç bir addım atılmayıb. Biz bunu təəssüf hissi ilə qeyd etməliyik”.
Politoloq ümumiləşdirilmiş şəkildə deyib ki, Paşinyanın bu bir ildəki siyasəti vaxt udmağa hesablanıb:
“Daxili siyasi məsələlərdə, sosial-iqtisadi məsələlərin həllində, Qarabağ münaqişəsinin həlli məsələsində vaxt udmağa çalışır. Amma ümumiyyətlə götürdükdə, hesabladıqda və vəziyyətə nəzər salanda əslində vaxtın Paşinyanın xeyrinə işləmədiyini görmək mümkündür. Cəmiyyət hər üç istiqamətdə konkret həllini gözləyən məsələlərlə bağlı addımların atılmasını tələb edir. Bu addımların atılmadığı halda gələcəkdə Ermənistanı həm daxili siyasi həyatda, həm sosial-iqtisadi vəziyyətdə, həm də Qarabağ probleminin həllində heç də nikbin perspektivlər gözləmir”.
Qeyd edək ki, 2018-ci il aprelin 23-də Ermənistanın baş naziri Serj Sərkisyan istefa verib. Ölkə parlamentinin qərarı ilə bu ildən etibarən aprelin 23-ü Ermənistanda “Vətəndaş günü” kimi qeyd olunur və qeyri-iş günüdür.