30 Aprel 2019 09:12
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada 2013-ci ilin sonlarından başlayan və 2014-cü ilin əvvəlində başa çatan siyasi böhranı (Avromaydan) və bu böhran nəticəsində Viktor Yanukoviçin istefaya getməsini çevriliş kimi qəbul etdi bunu bəhanə edərək Krımı ilhaq siyasətini həyata keçirdi, Donbasda separatizm ocağı yaratdı. Müharibə oldu, hər iki tərəf xeyli itki verdi. Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Petro Poroşenko ilə münasibətləri də gərgin idi. Düşünülürdü ki, yeni prezident seçkisindən sonra müəyyən dialoq mühiti yarana bilər. Amma Rusiya prezident seçilən Vladimir Zelenskini nəinki təbrik etmədi, ona ilk pisliyini etdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, bir neçə gün sonra Vladimir Putinin imzaladığı fərmanla separatçılara pasport paylanacağı elan olundu:

“Bu o deməkdir ki, Rusiya faktiki olaraq Donbası da ilhaq edir. Çünki sabah Ukrayna ordusu ilə separatçılar arasında toqquşma olsa, separatçılar itki versələr – həlak olsalar onların cibindən Rusiya pasportu çıxacaq və Rusiya müdaxilə edəcək. Yəni faktiki ilhaq edəcək. Bəzi ekspertlər deyirlər ki, əslində Putinin məntiqində müəyyən qədər əsaslar var. Məsələ burasındadır və çox təəssüf ki, Ukraynanı təkcə Rusiya parçalamır. Bəzi Avropa ölkələrinin də Ukraynaya münasibəti heç də yaxşı deyil. Ukraynada müəyyən dağıdıcı proseslərə alət olurlar. Məsələn, Zaporojye vilayətində macar əsilli ukraynalılar da yaşayır. Bir müddətdir ki, Macarıstan həmin ukraynalılara da macar pasportları paylayır. Halbuki Ukrayna qanunvericiliyinə görə, ikili vətəndaşlıq yasaqdır. Eyni prosesi Rumıniya da həyata keçirir. Putin də məhz bunu əlində bəhanə tutaraq deyir ki, necə olur Macarıstan Ukraynadakı macarlara Macarıstan pasportu paylaya bilir, mən Donbasda rusiyalılara və ya ukraynalılara Rusiya pasportu verə bilmərəm? Yəni bu məntiqdən çıxış edir. Putin bu günlərdə Çinə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında isə bildirdi ki, asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının alınmasına dair fərman gələcəkdə bütün Ukrayna vətəndaşlarına şamil edilə biləcək”.

E.Şahioğlu qeyd edib ki, Donbas əhalisinin mütləq əksəriyyəti Rusiya pasportuna yiyələnəcəklər:

“Çünki bu onlara müəyyən üstünlük qazandıracaq. Xaricə gedə biləcəklər, Rusiyadan yüksək maaş və pensiya ala biləcəklər. Ona görə də bu onları cəlb edir. Ukraynanın digər bölgələrində də kimlərsə tutaq ki, Rusiya pasportlarına yiyələnə bilərlər. Amma bu siyasətin özü faktiki olaraq Ukraynanı dağıtmağa və parçalamağa yönəlib. Rusiya tərəfdən bu siyasətin belə aktivləşdirilməsi yeni seçilən prezident Zelenskinin də Poroşenko kimi məcbur qalın sırf qərbpərəst siyasət yürütməsinə xidmət edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər