Venesuelada baş verən hərbi-siyasi böhran ilk növbədə geopolitik qarşıdurmanın nəticəsidir. Bu qarşıdumanın tərəf müqabilləri isə ABŞ və Rusiyadır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Venesuela Latın Amerikasında Rusiyanın əsas hərbi-siyasi dayağıdır:
“ABŞ-ı narahat edən əsas factor budur. Çünki yeni dünya nizamının formalaşmasında ABŞ çalışır ki, Rusiyanın Latın Amerikasında hərbi-siyasi müttəfiqləri olmasın. Vaşinqton Rusiyanın Latın Amerikasında hərbi-siyasi təsirini sıfıra endirmək işinə Venesueladan start verib. ABŞ Latın Amerikası ölkələrində Çin və Rusiyanın siyasi və iqtisadi təsirini azaldaraq, bu regionda təkbaşına öz siyasi mövqeyini gücləndirməyi planlaşdırır.
Dəstək verdiyi müxalifət lideri, Venesuela Milli Assambleyasının sədri, yanvarın 23-dən özünü Venesuela Prezidentinin səlahiyyətlərinin icraçısı elan edən Xuan Quaydo “Azadlıq əməliyyatı”na başlanmasını elan edərək, ordunun bir hissəsinin onun ətrafında birləşdiyini elan edib. Xuan Quaydonu ABŞ hərbçiləri mühafizə edir. Güman etmək olar ki, Nikolas Maduro müxalifətə qarşı əməliyyatlara başlasa ABŞ hərbi müdaxilə edəcək”.
Siyasi şərhçi qeyd edib ki, N.Maduro hakimiyyətdən getmək istəməməsi ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər:
“Bu gün Venesuelada baş verənlər Maduronın əleyhinə işləyir. Ölkədə yoxsulluq, inflyasiya xalqda narazılığın artmasına səbəb olur. Silahlı qüvvələrin hissə-hissə Quaydonun ətrafına keçməsi gözlənilir”.
M.Əsədullazadənin fikrincə, Venesuelada baş verənlər Azərbaycan üçün də əhəmiyyət kəsb edir:
“Çünki Rusiya bizimlə qonşu ölkədir. ABŞ öz regionunda Rusiyanın təsirini azaldarsa, Moskva da öz ətrafında yerləşən dövlətlərə, o cümlədən ölkəmizə ABŞ-ın siyasi-iqtisadi təsirinin azaldılması üçün təsir və təzyiq edə bilər. Ona görə də Venesuela böhranı sıradan hakimiyyət dəyişikliyi deyil. Bu, dünyanın digər regionlarına da təsir edə biləcək siyasi qarşıdurmadır”.