17 May 2019 09:18
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Belçikanın paytaxtı Brüssel şəhərində Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı yubiley sammiti keçirildi. Bununla bağlı geniş məlumat verilmişdi. Ancaq mən təəssüf edirəm ki, bəzən mətbuatda yanlış məlumatlar da baş alıb gedir. Müxalifyönlü bəzi nəşrlər, saytlar belə bir fikir yayırlar ki, guya orada hansısa saziş imzalanmalı idi, ancaq imzalanmadı.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, birincisi, orada saziş imzalanması nəzərdə tutulmamışdı:

“Bu, yubiley sammiti idi və Avropa İttifaqı rəhbərləri ilə proqramı imzalayan ölkələrin rəhbərləri 10 ildə gedilən yola nəzər yetirməli, gələcək perspektivi müəyyənləşdirməli idilər. Belə də oldu. Eyni zamanda Azərbaycan orada ərazi bütövlüyü məsələsini də qaldırdı. Amma çox təəssüf ki, Avropa İttifaqında Ermənistanı müdafiə edən bəzi dairələr yenə də ikili standart həyata keçirdilər, ərazi bütövlüyü prinsipinin sammitin yekun bəyannaməsinə daxil edilməsinə razı olmadılar. Amma Azərbaycan öz mövqeyində qalır”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında sazişin hazırlanması prosesi gedir və onun imzalanma günü rəsmi şəkildə bildiriləcək:

“Qeyd edim ki, sazişdə bizim üçün əsas məqam Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi olacaq. Bu bənd ora salınmasa, Azərbaycan onu imzalamayacaq. Bu saziş Azərbaycana nə qədər lazımdırsa, Avropaya da o qədər lazımdır. Azərbaycan o sazişi imzalayacaq nadir ölkələrdəndir ki, Avropadan nəsə xahiş etmir. Biz nə kredit, nə Avropa İttifaqına üzvlük, nə də ölkəmiz üçün hansısa xüsusi güzəştlər xahiş edirik. Bizim istədiyimiz bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıqdır. Avropa İttifaqı Azərbaycanın bu mövqeyini qəbul etməlidir. Biz kiminsə əlavəsinə çevrilmək, kiminsə forpostu, kiminsə hansısa siyasətində bir alət olmaq istəmirik. Azərbaycan müstəqil ölkədir, müstəqil daxili və xarici siyasəti var və kim bizimlə bərabərhüquqlu şəkildə əməkdaşlıq etmək istəyirsə, Azərbaycan da bu istiqamətdə əməkdaşlıq edəcək”.

Deputat insan hüquqları məsələsinin də sazişdə çox vacib yer tutacağını vurğulayıb:

“Biz Avropa İttifaqı ilə bu istiqamətdə geniş müzakirələr aparılmasında, bu məsələyə daha dərindən, daha geniş spektrdə yanaşmaqda maraqlıyıq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər