"Amerika zor dilində danışır. Dünya gördüyü kimi ABŞ zamanında imzaladığı nüvə sazişinin əleyhinə çıxır, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qarşı mövqe sərgiləyir. Bunlar bir yana, üstəlik İrana qarşı sanksiyalar tətbiq edir. Başqa sahələr üzrə də sanksiyalar tətbiq etməyə çalışır. İran neftini alan ölkələrə müəyyən təzyiqlər göstərir və beləcə İranın neft ixracatını aşağı salmağa çalışır. Ancaq İran da bəyan edib ki, neft ixracatını davam etdirəcək. İrandan neft alan ölkələrdə alqı-satqı prosesinin davam etməsinin tərəfdarıdır. Hazırda münasibətlər gərgindir".
Bu fikirləri Teleqraf.com-a İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymani deyib.
Süleymani hesab edib ki, bu mərhələdə vacibi İranla nüvə razılaşması imzalayan digər dövlətlərin tutduğu mövqedir: “Avropa, Rusiya və Çin sözdə olsa da, ABŞ-ın hərəkətlərini qınayırlar və İranla imzalanan beynəlxalq sazişin davam etməsini tələb edir. Bununla paralel olaraq da onların əlindən bir şey gəlmir. Xüsusilə, Avropa ölkələri bir şey edə bilmirlər. Artıq bir ildən çoxdur ki, ABŞ sazişdən kənara çıxıb, amma Avropa çalışsa da, ABŞ-ı sazişə qaytara bilmir. Son günlərdə isə ABŞ prezidenti başqa sahələrlə bağlı da addımlar atır. Elə 5+1 sazişinin tam əleyhinə qərar qəbul edilib. Əslində bu sazişə uyğun olaraq İran uranı zənginləşdirdikdən sonra başqa ölkəyə göndərir, həmin ölkədə sonradan zəngiləşən urandan alınan məhsul İrana qaytarılır, burada nüvə stansiyasının yanacaq sistemində ondan istifadə olunurdu. Uranın zənginləşməsi 300 kiloqram səviyyəsinə çatanda İran bunu başqa ölkəyə göndərirdi. Eyni zamanda ağır su adlandırılan mayeni İran özü istifadə edir və ya satırdı. Donald Tramp isə bəyan edir ki, İran ümumiyyətlə bunları edə bilməz. İranda deyir ki, sənin qərarların doğru deyil. Çünki bu razılaşmanı ABŞ-dan savayı 5-6 ölkə təsdiqləyib. İran tərəfi də açıq elan etdi ki, uranın zənginləşdirilməsi prosesini davam etdirəcək. İran həm də nəzərə alır ki, Çin, Rusiya, Almaniya, Fransa və İngiltərə bu müqavilədən çıxmayıb və onun şərtlərinə əməl edir”.
Keçmiş diplomat hesab edir ki, tərəflər arasında müharibə ehtimalı yoxdur və bu gözlənilmir də: “Guya qarşı tərəfdə olan məlumata əsasən İran Fars körfəzində olan ölkələrdəki ABŞ hədəflərini vura bilər. Körfəzə silah-sursat toplamalarını da belə əsaslandırırlar ki, İran vurmaq istəsə, ona cavab versinlər. Əslində, İran belə bəyanat verməyib, buna cəhd də etməyib. Bu proses də ABŞ-ın İrana təzyiqinin tərkib hissəsidir. Yəni bir tərəfdən iqtisadi sanksiyalar tətbiq olunur, digər tərəfdən də hərbi qüvvələri göndərir. Beləcə çalışır ki, İran ciddi basqı altında qalsın və nəhayətdə Amerikanın dedikləri ilə razılaşsın. Güman etmirəm ki, ABŞ hərbi məsələyə üstünlük verə bilər. İranın ABŞ-a hərbi hücuma keçməsi üçün bəhanə vermək niyyəti yoxdur”.
Cavad