17 May 2019 17:44
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada son günlərdə 3 önəmli hadisə baş verib. Birincisi, məşhur oliqarx İqor Kolomoyski bir neçə illik sürgündən sonra Ukraynaya qayıdıb. İkincisi, müğənni Svyatoslav Varakçuk siyasətə qayıtdığını və “Səs” adlı partiyası ilə parlament seçkisinə qatılacağını bəyan edib. Üçüncüsü, hazırki prezident Vladimir Zelenski vaxtından əvvəl parlamenti buraxa bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İ.Kolomoyskini ölkədən keçmiş prezident Petro Poroşenko qovmuşdu və onun bankını milliləşdirmişdi:

“Çünki Kolomoyski o biri oliqarxlardan fərqli olaraq siyasətin içində olmaq istəyir, hakimiyyətin siyasətini sabotaj edirdi. Poroşenko ona qapını göstərdi və Kolomoyski bir neçə il əvvəlcə İsveçrədəki villlasına, sonra isə pasportunu daşıdığını İsrailə köçdü. İndi isə Kolomoyskinin yenidən Kiyevə qytmasına heç nə mane olmurdu. Çünki Vladimir Zelenski Kolomoyskinin televiziya kanalında məşhurlaşmışdı. Buna görə də Kolomoyski düşünür ki, Zelenski onun layihəsidir və yeni prezident gələcək siyasətində onunla məsləhətləşəcək. Bunun belə olub-olmayacağını indidən söyləmək çətindir. Çünki Zelenski “Kolomoyskinin adamı” obrazından çıxmaq istəyir. Buna baxmayaraq, Kolomoyskinin xarakterini nəzərə alaraq oliqarxın Ukraynada dinc dayanmayacağını söyləmək mümkündür”.

“Svyatoslav Vakarçukun siyasətə qaydışı niyə bu qədər diqqət cəlb edir” sualını cavablandıran E.Şahinoğlunun sözlərinə görə, məsələ burasındadır ki, Vakarçukun Ukraynada reytinqi yüksəkdir. Politoloq qeyd edib ki, ukraynalı ekspertlərin ehtimallarına görə əgər Vakarçuk prezident seçkisinə qatılsaydı Zelenskinin ikinci turda rəqibi Petro Poroşenko yox, məhz Vakarçuk olacaqdı:

“Ona görə də keçmiş illərdə deputat olan, sonra mandatından imtina edən Vakarçukun yeni partiyası ilə siyasətə qayıdışı Ukraynada bir sıra siyasi partiyaların planlarını pozub, yuxularına haram qatıb. Çünki Vakarçuk bir neçə partiyanın səslərini qoparacaq. Ukraynada parlament seçkisindən sonra qəribə situasiya yarana bilər; prezident artist, baş nazir müğənni!”.

Siyasi şərhçi daha sonra bildirib ki, Vladimir Zelenski prezident seçilən kimi parlamenti buraxa biləcəyinə açıqlamışdı:

“Bunun üçün onun mayın 27-ə qədər andiçmə mərasimi keçirilməli idi. Çünki bu tarixdən sonra qanuna görə parlamenti buraxmaq mümkün deyildi. Parlamenti buraxmaq üçün qərar seçki günündən 6 ay əvvəl verilməlidir. Prezidentin andiçməsi mayın 20-ə təyin olundu. Bu o demək idi ki, Zelenski parlamenti buraxa bilər. Vaxt da buna imkan verirdi. Zelenski parlamenti buraxıb erkən seçkidə partiyasının qələbəsini təmin edə bilərdi. Ancaq parlamentdəki hakim koalisiya bu dəfə də Zelenskinin planlarını pozdu. “Xalq Cəbhəsi” fraksiyası “Petro Poroşenkonun Bloku” ilə koalisiyadan çıxdığını bəyan etdi. “Xalq Cəbhəsi” fraksiyası bunu ona görə etmədi ki, “Petro Poroşenkonun Bloku” ilə fikir ayrılığı var. Məsələ burasındadır ki, qanuna görə hakim koalisiya dağıldıqdan sonra 30 gün ərzində yeni koalisiya formalaşmalıdır. Bu müddətdə isə qanuna görə artıq prezident parlamenti buraxa bilməyəcək. Çünki 30 gündən sonra prezidentin parlamenti buraxmaq üçün 6 aylıq müddət limiti bitmiş olacaq. Parlamentdəki aparıcı partiyalar hiyləgər gediş etdilər. Beləliklə, Ukraynada parlament seçkisi əvvəlcədən müəyyənləşdirdiyi tarixdə – oktyabrda keçiriləcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər