21 May 2019 08:44
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Köçəryan həm ölkə daxilində – xüsusilə qondarma Dağlıq Qarabağ rejimi tərəfindən, həm də ölkə xaricində müəyyən qüvvələr tərəfindən kifayət qədər ciddi dəstəklənir. Onun uzun müddət həbsdə qalacağı lap əvvəldən inandırıcı görünmürdü. Xatırladım ki, əvvəllər də bir neçə dəfə Köçəryanın həbsdən azad olunması istəkləri həm qondarma DQR rejimində, həm də ölkə xaricində səsləndirilmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, nəhayət, görünür qondarma DQR rejimi tərəfindən Paşinyana təzyiqlərin intensivləşməsi onun mövqeyinin yumşalmasını şərtləndirdi və Köçəryan azadlığa buraxıldı:

“Bunun ardınca Paşinyanın yenidən kütləyə müraciət etməsi, kütlənin yenidən məhkəmə binalarının giriş-çıxışında toplaşması, bir sözlə yenidən küçələrə çıxarılması ondan xəbər verir ki, Paşinyan öz acizliyini dərk edir. Yəni, əvvəldən də bilinirdi ki, Paşinyanın idarəetmə sahəsində təcrübəsi yoxdur və o, Ermənistan və qondarma DQR rejimi üzərində nəzarəti təmin edə bilməyəcək. Bu proseslər ona dəlalət edir ki, həqiqətən də Paşinyan Ermənistanda cərəyan edən prosesləri nəzarətdə saxlaya bilmir və yenə də əsas ümidini kütləyə bağlayır”.

E.Mirbəşiroğlunun sözlərinə görə, amma onu da nəzərə almaq lazımdır ki, Paşinyan həmin kütlə qarşısında verdiyi vədləri də yerinə yetirə bilmədi.

Bundan sonra hadisələrin necə cərəyan edəcəyinə dair sualımızı cavablandıran politoloq deyib:

“Təbii ki, Paşinyan “Qarabağ klanı” ilə üz-üzədir və bu durum Ermənistanda vəziyyəti daha da gərginləşdirəcək. Məncə, hələlik proseslərin yumşaq mərhələsi müşahidə olunmaqdadır. Bundan sonra daha kəskin, daha gərgin proseslər baş verəcək. Çünki Köçəryan Paşinyanın real opponenti rolunda çıxış edir. Təbii ki, onun əsas istəyi Ermənistanda hakimiyyətə gəlməkdən ibarətdir və həm xaricdə, həm də “Qarabağ klanı” tərəfindən ciddi dəstəklənən Robert Köçəryan Paşinyana sözün əsl mənasında ciddi başağrısı verəcək. Bunu, yəni hakimiyyətinə real təhlükənin meydana çıxdığını dərk edən Paşinyan yenidən küçə etirazlarını alovlandırmağa çalışacaq. Belə olan halda yenə də əsas zərbə ermənilərə – sadə xalqa dəyəcək. Onsuz da ağır sosial-iqtisadi vəziyyətdə olan insanlara əlavə olaraq siyasi problemlər də yüklənəcək. Bu baxımdan mən hesab edirəm ki, Ermənistanda siyasi vəziyyətin dramatikliyi sözün həqiqi mənasında acınacaqlı temp üzrə inkişaf edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər