Böyük Britaniya Xarici İşlər Nazirliyinin səyahət tövsiyəsi müntəzəm olaraq yenilənir. Bu səyahət tövsiyəsi son illərdə əhəmiyyətli dərəcədə dəyişməyib. Son yenilənmə mayın 1-də olub və oraya İstanbul aeroporunun fəaliyyətə başlaması ilə bağlı bir cümləlik bənd əlavə olunub. Bizə də maraqlıdır ki, "Arsenal" və "Çelsi" futbol komandaları, Formula 1 yarışları zamanı Böyük Britaniya vətəndaşları səfər etmişdi və XİN-in tövsiyəsi o zaman da vardı, amma media tərəfindən buna diqqət olmamışdı. Bakıda keçirilən cüdo və digər yarışlarla əlaqədar da britaniyalılar səfər edib. Azərbaycanın idman bağı getdikcə genişlənib. Tezliklə daha çox Britaniya vətəndaşlarının Azərbaycana səfərinin şahidi olacağıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts keçirdiyi brifinqdə Böyük Britaniya XİN-in Azərbaycana səfər edəcək şəxslərə tövsiyəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, səyahət tövsiyəsi Böyük Britaniya vətəndaşlarının səfər etdikləri ölkələrdə daha hazırlıqlı olmaları üçün verilir: "Mühüm məqam ondan ibarətdir ki, britaniyalıların vizaları, həyat sığortları qaydasında olsun, gedəcəkləri ölkədə öz qayğılarına necə qalacaqları barədə məlumatlı olsunlar, özləri ilə tibbi ləvazimat da aparsınlar. Bütün ölkələr üçün Böyük Britaniyanın bu cür səyahət tövsiyəsi vardır. Əmin olmaq istəyirik ki, vətəndaşlarımızın hansı ölkəyə getməsindən asılı olmayaraq, səfərləri çox uğurlu keçsin, səyahətlərindən həzz alsınlar, vətənə sağ-salamat geri dönsünlər. Mənim özümün şəxsi qonaqlarım var ki, bir neçə dəfə Azərbaycana gəliblər, son 3 ildə səfir olduğum müddətdə nəinki idman yarışlarını izləmək, ümumilikdə səyahət üçün səfər ediblər".
Diplomat qeyd edib ki, hazırda Bakıda böyük Britaniya icması var, 400-500 Britaniya şirkəti burada fəaliyyət göstərir, 4-5 min Britaniya vətəndaşı Azərbaycanda yaşayır: "Mən hər zaman Azərbaycanda özümü evdə olduğum kimi hiss edirəm. Ailə üzvlərim, dostlarım dəfələrlə Azərbaycana gəlib. Azərbaycanda qonaqpərvərliyin yüksək səviyyədə olduğunun şahidi olmuşam,dostyana münasibət müşahidə etmişik. İctimai nəqliyyatdan istifadə edəndə insanlar durub bizə yer verib. Azmısınızsa, insanlar istiqamət göstərir".
Səfir başına gələn maraqlı hadisədən də danışıb: "Bir dəfə rəfiqələrimlə birgə maşınla səyahət edirdik. Diplomatik deyil, adi avtomobillə səfər edirdik. Yağışlı gün idi, idarə etdiyimiz maşın batdı, təkəri qırıldı, üç xanım yağışın altında qaldıq. Yerli adamlar gəlib kömək təklif etdilər. Hətta birinin aləti qırıldı, gedib başqasını gətirdilər, yağışın altında cücəyə dönmüşdülər, düşdüyümüz vəziyyət pozitiv auraya çevrildi".