ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda olarkən, işğalçı Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması təxribatdır və ATƏT-in missiyasına meydan oxumaqdır. Çünki Minsk Qrupu və onun həmsədri olan ölkələrin missiyası BMT Təhlükəsizlik Şurasının xüsusi mandatı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini həll etməkdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, buna görə də hər şeydən öncə ATƏT və onun Minsk Qrupu işğalçı ölkənin bu hərəkətlərini adekvat olaraq qiymətləndirməli, problemin həlli ilə bağlı ona ciddi təzyiqlər göstərməlidir:
“Əks təqdirdə regionda onsuz da gərgin olan vəziyyət daha da gərginləşə və hadisələr proqnozlaşdırıla bilməyəcək qədər mürəkkəbləşə bilər. Azərbaycan hələ də Minsk Qrupunun vasitəçilik missiyasını yerinə yetirə biləcəyinə inanır və onu bu problemi dərhal həll etməyə çağırır. Əks təqdirdə problemi həll etmək üçün ölkəmiz öz hərbi-siyasi və iqtisadi resurslarından istifadə edə bilər və bu resurslar torpaqlarımızı işğaldan azad etmək üçün artıqlaması ilə mövcuddur. Ordumuz heç bir halda Ermənistan tərəfindən törədilən təxribatları cavabsız qoymayıb və qoymayacaq. Gec və ya tez işğalçı Ermənistan bu vaxta qədər öz havadarlarına arxalanaraq törətdiyi bütün cinayətlərə görə cavab verməli olacaq. Əgər Paşinyan və onun komandası öz sələflərinin işğalçılıq siyasətini davam etdirmək niyətindən əl çəkməsə, onların siyasi ömrü çox qısa olacaq”.
H.Babaoğlu daha sonra deyib:
“Unutmasınlar ki, Ermənistanın yeni hakimiyyəti Azərbaycan Ordusunun aprel döyüşlərindən sonra yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olaraq, hakimiyyətə gəldi və Azərbaycan Ordusunun növbəti həmləsindən sonra da hakimiyyəti tərk edə bilər. Ona görə də mövcud reallığı düzgün qiymətləndirib substantiv danışıqlara başlamalı və işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidirlər. Mövcud status-kvo daimi ola və Ermənistan heç vaxt bunu legitimləşdirə bilməz. Çünki Azərbaycan zəruri geostrateji şərtlər olan kimi öz torpaqlarını azad edəcək”.