5 İyun 2019 15:25
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmə cəhdləridir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında “Dostluq haqqında xartiya”nın imzalandığı məlum idi:

“Bu fakt əlbətdə, digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldü və onun ləğv edilməsi üçün müvafiq qurmlarla səmərəli iş aparıldı. Nəticədə Azərbaycan problemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu. Belə ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etdi. Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq əlbətdə, uğur hesab edilə bilər”.

H.Babaoğlunun sözlərinə görə, ancaq bu faktın başqa mühüm tərəfləri də var ki, bu da onun yeni hüquqi presedent yaratmış olmasıdır:

“Məhkəmənin öz qərarını imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presedentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır və bu təkcə Fransada deyil, digər Avropa Birliyi ölkələrində də bənzər hadisələr baş verərəsə presedent kimi qəbul edilə bilər. Məlumdur ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırmış və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi. Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər