1993-cü ilin 15 iyun ərəfəsində baş verən hadisələrin həm iştirakçısı, həm də şahidi olaraq dəyərləndirməm olacaq. Əlbəttə, biz hadisələrin mərkəzində olan adamlar olmuşuq. Daim fəal şəkildə baş verən proseslərdə iştirak etmişik. İştirak etmədiklərimizin də ən azı şahidi olmuşuq. Mən xatırlayıram; Azərbaycan həqiqətən də dağılmaq, yox olmaq ərəfəsində idi.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.
O qeyd edib ki, bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, digər tərəfdən çoxsaylı qaçqın və məcburi köçkün ordusunun ölkənin müxtəlif yerlərinə yayılması, digər tərəfdən xüsusilə etnik zəmində qarşıdurmaların körüklənməsi, Azərbaycan xalqını parçalamaq istəyən xarici qüvvələrin ölkə daxilində faktiki olaraq at oynatması, eyni zamanda silahlı adamların başıpozuq şəkildə sağa-sola qaçması, istədikləri adamları hədələməsi kimi hallar baş verməkdə idi:
“Əlbəttə, bu durumda olan ölkəni xilas etmək lazım idi. Düzdür, indi bəzi adamlar iddia edirlər ki, Heydər Əliyev siyasi hakimiyyətə guya çevriliş vasitəsilə gəlib və sair. Bunlar hamısı nağıldır. Biz hamımız xatırlayırıq ki, həmin günlərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəy şəxsən özü Heydər Əliyevi Bakıya dəvət etdi ki, bizi bu vəziyyətdən xilas et. Yəni, onun özü əlbəttə, vəziyyətdən çıxa bilmirdi. Çünki komandası faktiki olaraq darmadağın idi. İnsanlar onun sözünə qulaq asmırdılar. Bir çoxları Əbülfəz Elçibəyə xəyanət edirdilər, Azərbaycan dövlətinə münasibətdə xəyanət yolu tutmuşdular. Belə bir vəziyyətdə təbii ki, ölkəni idarə etmək asan deyildi. Ona görə də daha qətiyyətli, daha təcrübəli, daha cəsarətli bir liderə ehtiyac var idi. Əbülfəz Elçibəy də belə bir lider qismində Heydər Əliyevi gördüyü üçün onu Bakıya dəvət etdi və Azərbaycanın idarə edilməsini ona ötürmək üçün özü şəxsən ilk addımı atmış oldu. Heydər Əliyev də Azərbaycanı sevən, hər zaman Azərbaycanla nəfəs alan bir insan olaraq bu təklifi qəbul etdi. Hətta, həyatı üçün risk olmasına baxmayaraq, Bakıya qayıtdı”.
A.Həsrət bildirib ki, Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtmasaydı – dəvət edilməsəydi, yaxud özü bunu qəbul etməsəydi, bizi çox böyük fəlakətlər gözləyirdi:
“O fəlakətləri biz bu gün İraqda, Suriyada baş verənlərlə müqayisə edə bilərik. Xatırlayıram, həmin günlərdə ermənilər söz vermişdilər və çox geniş də təbliğ edirdilər ki, Azərbaycanı Livana, Bakını da Beyruta çevirəcəyik. Yəni, burada hər gün bombalar partlayacaq, terror olacaq, insanlar rahat yaşaya bilməyəcək. Bax, belə bir durumda olan Azərbaycanın məsuliyyətini Heydər Əliyev öz üzərinə götürdü. Yavaş-yavaş əli silahlı müxalifləri, etnik bölücülüklə məşğul olanları, Azərbaycana xaricdən müdaxilə edib ölkənin içini qarışdırmaq istəyən başqa ölkələrin xüsusi xidmət orqanlarının buradakı uzantılarını zərərsizləşdirdi:
“Təbii ki, vətəndaş sülhünü bərpa etmək üçün yeni bir ideologiya təqdim etdi. Bu da azərbaycançılıq ideologiyası idi. Yəni, bu ideologiya Azərbaycan xalqını milli, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, birləşdirdi. Bu gün də Azərbaycan xalqı məhz həmin ideologiyanın ətrafında çox sıx şəkildə birləşib”.