20 İyun 2019 19:30
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor, siyasi analitik Əli Abbasovla müsahibəni təqdim edir:

- Əli müəllim, İranın ABŞ-a məxsus dronu vurmasından sonra bu iki ölkə arasında yaranan vəziyyəti necə dəyərləndirmək olar?

- Regionda ciddi gərginlik mövcuddur, amma mən inanmıram ki, bu gərgin durum partlayaraq müharibə ilə nəticələnsin. Çox güman ki, tərəflər arasında dialoq olacaq. Amerikanın məqsədi problemi dialoq və danışıqlar vasitəsilə öz maraqlarına uyğun formada həll etməkdir.

- Artıq İran uranın zənginləşdirilməsi faizini artırdığını elan edib...

- Bəli, əvvəlcədən bununla bağlı açıqlama vermişdilər, indisə bunu həyata keçirirlər. Açığı, bunu bir qədər də şantaj məqsədilə edirlər. Amma hara qədər edəcəklər, bunun hansı nəticələr yaradacağı hələlik bəlli deyil. Hər halda böyük bir şey olmamaldıır.

- Müharibə?

- Əslində indi tərəflərdən heç biri müharibə istəmir. Bu, açıq-aydın sezilir.

- Müharibə istəməyən tərəf körfəzə bu sayda texnika və hərbi personal cəmləşdirərmi?

- Təbii ki, müharibəni daha çox kənarda olan dövlətlər istəyir. Məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, habelə İsrail. Ancaq tərəflərdən heç biri müharibəni başlamaq və bu ağır məsuliyyətin onun üzərinə düşməsini istəmir. Bu, dəqiqdir.

- ABŞ-a məxsus dronun İran tərəfindən vurulmasının hansı nəticələri ola bilər?

- Heç bir nəticəsi olmayacaq. Dronlar ona görə yaradılır ki, ya kəşfiyyat məlumatları toplasın, ya da qarşıdakı dövlət tərəfindən məhv olunsun. Dron İran hava sahəsində kəşfiyyat məlumatı topladığı üçün məhv edilib. İndi heç kim İrana deyə bilməz ki, nə üçün dronu vurmusan. İkinci maraqlı məqam neft tankerlərinə edilən hücumla bağlıdır. Ancaq bu günə qədər gəmilərə konkret kim tərəfindən hücum edildiyi bilinmir. Amerika tərəfindən yayılan video görüntü oldu, ancaq elə ABŞ tərəfi özü dedi ki, görüntülərdə hansı qüvvələrin hücum etdiyi müəyyən deyil. Əlbəttə, bunu sonradan İranın üzərinə yıxmaq tendensiyası var. Amma mən inanmıram ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibə qərarı versin.

- Ancaq bu yaxınlarda İsrail kəşfiyyatı ABŞ-ın İrana zərbə endirəcəyi haqda informasiya tirajladı...

- Bəli, İsrail istəyir ki, müharibə başlasın, Amerika bu ölkəyə zərbələr endirsin. Ancaq Amerika da İranın gücünü, imkanını və potensialını qiymətləndirir, bilir ki, İran nəyə qadirdir. İran İraq və ya Əfqanıstan deyil. İranla o formada müharibə də keçməz. Nəzərə alın ki, İran böyük və qədim dövlətdir, normal hərbi qüvvələri var, ölkə böyük ərazilərdən ibarətdir. Yəni müharibəni başlayıb bitirmək asan olmaz. Əgər bu imkan olsaydı, İrana qarşı çoxdan müharibəyə başlayardılar. Ancaq görün neçə illərdir ki, Amerika İrana qarşı düşmən münasibətdədir. Nəhayətdə Amerikanın bir neçə şərti var və bəyan edib ki, Tehran bu şərtləri qəbul edərsə, yeni müqavilə imzalana bilər. Amma indi ABŞ deyir ki, biz İran tərəfi ilə şərtsiz görüşüb müzakirələr aparmağa etiraz etmirik.

- Demək istəyirsiniz ki, ABŞ İrana qalib gələ biləcəyinə şübhə edir?

- Nəzərə alın ki, ABŞ-da bir azdan prezident seçkiləri keçiriləcək. Artıq orada faktiki seçki kampaniyası başlayıb. Müharibə başlasa, seçkilərə təsir edə, Trampın əleyhinə də işləyə bilər. Bu halda müharibə nəyə lazımdır?

- ABŞ-da İrana yanaşma ilə bağlı vahid mövqe hakimdir?

- Yox. Əslində orada problem belədir: Trampın ətrafı çalışır ki, İranla müharibə olsun. Bunun üçün hər şey edirlər. Amma Prezident Donald Tramp bundan çəkinir. Mən hesab edirəm ki, Tramp müharibə qərarı verməyə hazır deyil və bunu istəmir. Prezidentin ətrafı çoxdan bunu istəyir, amma həm də anlayırlar ki, birinci nömrəli şəxs deyillər.

- Sizə elə gəlmirmi ki, ABŞ İranla mümkün müharibənin ağırlığını Səudiyyə Ərəbistanı və digər bu dövlətlərin üzərinə qoymaq istəyir?

- Əksinə, Səudiyyə, İsrail və digər ölkələr istəyirlər ki, İranı Amerikanın əli ilə sıradan çıxarsınlar. Həm də digər ölkələrin İrana gücü çatmaz. Bir qədər İsrailin gücü çata bilər. Amma İsrail başlasa, daha çox şey itirər. Ona görə də İsrail özü başlamır. Mümkündür ki, fövqəladə halda toqquşma olsun, amma bunun sonradan böyük müharibəyə keçməsi və davamlı olmasına inanmıram. Üstəlik Rusiya, Çin və Türkiyənin bəlli mövqeyi var. Yəni bu dövlətlər məsələni BMT-də müzakirəyə çıxarmağa qədər gedə bilər.

- ABŞ danışıqlara hazır olduğunu elan edir, İran isə ümumiyyətlə, ABŞ rəsmiləri ilə danışıqları rədd edir. Bu qeyri-müəyyən durum hansı ana qədər davam edə bilər?

- ABŞ faktiki olaraq Yaponiyanın baş nazirini Tehrana göndərdi. Baş nazir konkret təkliflərlə getmişdi. Amma Tehranın etirazı özünü açıq göstərdi. Deməli, təkliflərdə nəsə var ki, Tehran bunu rədd etdi. Özü də belə gərgin bir durumda. Görünür, İranda müəyyən potensial və informasiya olduğundan niyə qəbul etmədiklərini bilirlər. Mənim fikrimcə, müharibə olmayacaq, amma indiki vəziyyət olduğu kimi də qalacaq. Ancaq bunu elə formada edəcəklər ki, körfəzdə neft tankerlərinə problem yaranmasın. Bütün hallarda sonda razılaşma əldə olunacaq.

- ABŞ İranla razılaşmaya getsə, bu, İsrail və Səudiyyə başda olmaqla bəzi dövlətlərin narazılığına səbəb olmayacaq?

- Yox, bu ölkələr elə gücdə deyillər ki, razılaşmanın əleyhinə gedə bilsinlər. ABŞ indi bəyan edir ki, müharibənin tərəfdarı deyil, danışıqlara getməyə hazırdır. Müharibə olsa, kim orada iştirak edəcək? Müharibə olsa, vəziyyət bir qədər də pisləşəcək. Hazırda Tramp deyir ki, ABŞ Yaxın Şərqdəki müharibə və müdaxilələrə 7 tirilyon dollar xərcləyib, amma ortada heç nə yoxdur. Tramp hər zaman açıq deyir ki, əgər problemi başqa vasitələrlə yoluna qoymaq mümkündürsə, müharibə nəyə lazımdır. Nəzərə alın ki, İran mövzusu ABŞ daxili siyasətində də istifadə olunur. Artıq seçki kampaniyasına start verilib.


Müəllif: Cavad