29 İyun 2019 15:35
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimli və onun qaragüruh dəstəsinin dövlət və dövlətçilik əleyhinə kampaniyalarını hər zaman müşahidə etmişik.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. Məhkəmələrin cərimə kəsdiyi şəxslərə pul toplamaq üçün Ə.Kərimlinin “xeyriyyə marafonu” adı altında qanunsuz addıma cəhd etməsinə münasibət bildirən politoloq qeyd edib ki, özünü “radikal müxalifət” qismində görən bu şəxs və onun komandasına Azərbaycanda sabitlik, iqtisadi inkişaf lazım deyil:

“Azərbaycanda radikal müxalifətin destruktiv fəaliyyətinə artıq adət etmişik və ona görə də Ə.Kərimli və dəstəsinin ötəngünkü addımına da təəccüblənmirik. Əksinə, onların dövlət, xalq üçün lazımlı məsələlərdə mövcud hakimiyyətlə, xalqla birlik nümayiş etdirməsi təəccüblü olardı. Xatırlayırsınızsa, hətta Aprel savaşında xalqın bir yumruq kimi birləşdiyi və Ordumuzun qısa müddətdə qazandığı böyük uğur zamanı erməni mediası Əli Kərimlinin Feysbuk statuslarını manşetdən verir, onun üzərindən təbliğat qururdular. Çünki hətta o zaman belə Əli Kərimlinin mövqeyi xalqımıza, Ordumuza, dövlətimizə qarşı idi”.

A.Camalqızı bildirib ki, radikal müxalifət ictimai sifariş, dövlət maraqları, xalqın çıxarları ilə deyil, Qərbdəki bəlli dairələrin sifarişi ilə hərəkət edir:

“Görünür, Əli Kərimli Qərbdə, Avropadakı bəlli qruplardan növbəti sifarişini alıb. Təbii, biz də bilirik ki, dünyada ermənilərin Azərbaycana qarşı informasiya müharibəsi gedir və onlar bu məqsədlə ölkədaxili bəzi antimilli qüvvələrdən istifadə edirlər. Böyük ehtimalla, dünənki olay da bu sifarişin icrasına həsr olunmuşdu”.

Politoloqun sözlərinə görə, zamanın seçilməsi də təsadüfü deyil:

“Gürcüstanda ardıcıl aksiyaların keçirilməsi fonunda Rusiyanın bu ölkəyə sanksiyalar tətbiq etməsi, Tiflisin isə rus turistlərə Bakı və Trabzon marşrutu təklif etməsi, daha yaxın marşrut olmasına baxmayaraq, İrəvan hava limanından imtina etməsi və s. Azərbaycanın mövqeyini və turizm mövsümündə imkanlarını bir daha önə çıxarır. Beləliklə, İrəvandan imtina edilməsi və Bakının rus turistlər üçün təklif edilməsi məqamında Əli Kərimli “marafonlamaq” qərarı verir. Sizcə, təsadüfdürmü? Yoxsa, İrəvandan imtinanın heç də “yaxşı fikir olmadığı” haqda təsəvvür yaratmaq üçün ermənipərəst qüvvələrin oyunudur? Məncə, illərdir kəsilən cərimə cəzası üçün “xeyriyyə marafonu” cəhdinin məhz indi seçilməsi qətiyyən təsadüf deyil və sifarişdir. Əgər doğrudan da məqsəd cərimələrin ödənilməsi və yaxud xoş niyyət olsaydı, London-Vaşinqton marşrutunu su yoluna çevirən oğluna bir neçə günlük korluq verməklə, Əli Kərimli həmin şəxslərin simvolik cərimələrini ödəyə bilərdi”.

Politoloq Azərbaycan polisinin ötəngünkü prinsipial addımını alqışlayıb:

“Olduqca mürəkkəb qlobal şəraitdə Azərbaycanda siyasi stabilliyin qorunması vacib şərtlərdəndir və bu baxımdan polis qanunvericiliyə uyğun olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Əli Kərimliyə qanunları pozmamaqla bağlı xəbərdarlıq edildi. Hesab edirəm ki, radikal müxalifət Azərbaycan hüquq-mühafizə orqanlarının qanunu pozanlara qarşı qanunvericiliyə uyğun bütün addımları atmağa hazır olduğunu bir daha gördülər və bu da onlara bir xəbərdarlıqdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər