“Bu günə qədərki dövrlərdə cəbhə xəttində nisbi sakitlik fasilələrlə olub. İndiki dövrdə baş verən nisbi sakitlik ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri və münaqişə tərəfləri arasında aparılan danışıqlarla bağlıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Politoloq işğalçı tərəfin müxtəlif dövrlərdə cəbhə xəttində Azərbaycanın mövqelərinə qarşı əl atdığı təxribatlara da toxunub:
“Adətən, Ermənistan tərəfi təxribatlara yol açırdı və Azərbaycan tərəfi bu təxribatlara cavab verirdi. Ermənistan rəhbərliyinin atəşkəslə bağlı verdiyi bəyanatlara baxmayaraq, müəyyən zaman kəsiyində Azərbaycan ərazilərinin atəşə tutulması intensivləşirdi. Bunun qarşılığında Ermənistan ciddi cavab zərbəsi aldı ki, bu da erməni cəmiyyətində gərginliyə səbəb oldu. Bu baxımdan, düşünürəm ki, nisbi sakitliyin əsas səbəbi Ermənistanın təxribatlarının qarşısının ciddi şəkildə alınması barədə Azərbaycanın verdiyi mesajdır. Bu da məsələdə önəmli faktorlardan biridir. Bəllidir ki, Ermənistan atəşkəsi pozmağa cəhd edərsə və cəbhə xəttində gərginlik yaradarsa, bu, kifayət qədər ağır nəticələrə yol aça bilər.
Digər faktor, Dağlıq Qarabağdakı separatçı rejim və Paşinyan hakimiyyəti arasındakı ziddiyyətlərin dərinləşməməsi üçün aparılan müzakirələrdir. Bu sırada Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın işğal altında olan Azərbaycan ərazilərinə səfərini və separatçılarla görüşünü xüsusi olaraq qeyd etmək lazımdır. Görünür, daxili razılaşma əldə etmək üçün müəyyən addımlar atılır, bu faktor da nisbi sakitliyin baş verməsində müəyyən rol oynaya bilər”.
Elçin Mirzəbəyli nisbi sakitlikdəki əsas faktorun güclə bağlı olduğuna diqqət çəkib və bunu Azərbaycan ordusunun işğalçı üzərindəki üstünlüyü ilə izah edib:
“Şübhəsiz ki, əsas amil güc faktoru ilə əlaqədardır. Nikol Paşinyan və separatçılar da yaxşı başa düşürlər ki, gərginlik artarsa, bunun qarşılığında hərbi əməliyyatların başlaması üçün çox ciddi əsas yarana bilər. Bu gün regionda da vəziyyət kifayət qədər həssasdır. İran ətrafında gedən proseslər də Ermənistanın mövqeyinə təsir göstərə bilər. Çünki hansısa bir gərginlik Ermənistanı hadisələrin episentrinə ata bilər. Bbu ölkə isə özünü qorumaq gücündə deyil.
Hər halda faktorlar çoxdur, amma mən bu prosesin uzunmüddətli olmayacağını düşünürəm. Çünki son illərdə cəbhə xəttindəki vəziyyətin kifayət qədər dəyişkən olduğunu dəfələrlə görümüşük. Gah nisbi sakitliyin hökm sürdüyünün, gah da təxribatların baş verdiyinin şahidi olmuşuq. İndiki şəraitdə isə atəşkəsin pozulması və vəziyyətin gərginləşməsi üçün zəmin yoxdur”.
Politoloqun sözlərinə görə, adətən, Ermənistan tərəfi bu faktorlardan danışıqlar prosesinin intensivləşdiyi dövrlərdə istifadə edir ki, danışıqlara üstün tərəf kimi getmək imkanı qazansın “Yəni, Ermənistan ona çalışır ki, əsas müzakirə regionda təhlükəsizliyin təmin olunması və gərginliyin azaldılması olsun. İndiki şəraitdə də danışıqlar prosesi səngiyib. Düşünürəm ki, danışıqlar prosesi intensivləşsə, işğalçı tərəfin buna bu və digər formada reaksiyasının şahidi olacağıq”.