ABŞ və müttəfiqləri çalışır ki, İranı bir dövlət kimi çökdürsün. Bu prosesdə İsrail də yaxından iştirak edir. İndi yeni mərhələ başlanıb, bu mərhələdə London xüsusilə aktivdir.
Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuruyev son günlər Tehran və London xəttində yaranan gərgin münasibətləri şərh edərkən deyib.
Politoloq qeyd edib ki, İsrailin ABŞ-dakı səfirliyi bu yaxınlarda Alyaskada məxfi görüş keçirib: “Həmin görüş nüvə başlıqlı raketin sınaqdan keçirildiyi həftə baş verib. Bundan sonra ingilislər boğazda müəyyən addım atıb. Ümumiyyətlə dünyada bütün müharibələrin uvertürasını ingilislər çalır, digərləri isə bunu həyata keçirirlər. Birinci və İkinci dünya müharibələrində də belə olub.
Bu gün də Yaxın Şərqin başında fırlanan bəlaların başında İngiltərə durur. Onlar çalışırlar ki, İran neftinə sahiblənsinlər. Onların bunda marağı var, amma İngiltərə müharibə aparan deyil.
Prezident Ruhani bu səbəbdən deyib ki, ingilislərin indiyə qədər hər hansı müharibəni udduğu olmayıb. Bunlar daha çox prosesləri uzunmüddətli müşahidə edir və az qüvvə ilə döyüşə girirlər. Uduzmasalar da böyük itkiləri olmur.
Odur ki, İngiltərənin İranla vuruşmaq niyyəti yoxdur. Amerika da hələlik ehtiyatlı addımlar atır. İranda körfəzdə təhlükəsizliyini təmin etmək adı ilə öz hazırlığını həyata keçirib”.
Cümşüd Nuruyev əlavə edib ki, hazırda İranın güclü müttəfiqləri var və bu səbəbdən İrana batmaq asan məsələ deyil: “Rusiya, Çin İranı qoruyur. Hadisələrin gedişatı hələlik İranın xeyrinədir. Bölgədə müharibənin başlama ehtimalı 50 faizdir.
Əgər müharibə başlayarsa, ən çox ziyan çəkən İsrail olacaq. Baxmayaraq Səudiyyə bu məsələdə İsraili dəstəkləyir, amma Səudiyyə Ərəbistanı güclü hərbi potensiala malik deyil. Yəni Səudiyyənin ordusu olsa da, bu peşəkar və döyüşkən ordu deyil. İran ordusu isə kifayət qədər peşəkardır”.