2 Avqust 2019 09:18
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Teleqraf.com-un qonağı olub.

O, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixdən etibarən viza tələbinin ləğv edilməsinə münasibət bildirib.

Natiq Miri qeyd edib ki, bu qərarın qəbulu elmi, iqtisadi, siyasi, mədəni və hətta hərbi cəhətdən iki ölkə arasında münasibətlərin inkişafına müsbət mənada öz töhfəsini verəcək.

Müsahibimiz Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsinin iyunun 24-də Xəzər dənizində qəzaya uğramasından da bəhs edib. Arsenalında 49 “MiQ-29” olan Hindistanda ötən illər ərzində sözügedən təyyarələrin 5-nin qəzaya uğradığını deyib.

Politoloq, həmçinin, Ermənistan-Azərbaycan dövlət sərhədində son günlər baş verən insidentlərə dair öz baxışını açıqlayıb.

Natiq Miri daha sonra deyib:

“Artıq birmənalı şəkildə hiss olunur ki, Nikol Paşinyan iqtidarı təmas xəttində hərbi proseslərə nəzarət edə bilmir. Bundan əlavə işğal olunmuş Azərbaycan ərazilərində Robert Köçəryan və Serj Sərkisyanın qurub yaratdığı və rəhbərlik etdiyi hərbi xuntaya aid generalitet Paşinyan hökumətini saymır. Bu generalitet Paşinyan hökumətini devirmək üçün hərbi təxribatlar törətməklə yeni müharibəyə rəvac verə və nəticədə Ermənistan ordusu Azərbaycan ordusundan ciddi zərbə ala bilər.

Bu zərbə təkcə canlı qüvvə və hərbi texnika itkisi ilə deyil, həm də çox ciddi strateji ərazilərin azad olunması ilə də nəticələnə bilər”.

Həmsöhbətimiz əlavə edib ki, Ermənistan ictimai rəyində hələ də Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı dəyişiklik mövcud deyil:

“Erməni ictimai rəyi hələ də Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasına heç bir vəchlə razılıq vermir. Ona görə də əgər Köçəryan-Sərkisyan rejiminə xidmət edən hərbi xunta Azərbaycanın işğal olunmuş ərazilərində bu cür hərbi təxribatlar yaradarsa, – düşünürəm ki, son hərbi insidentlərin də arxasında bu istək və niyyətlər dayanır –bu, Paşinyan üçün həqiqətən də çox xoşagəlməz durum yarada bilər”.


Müəllif: Səxavət Həmid