“ABŞ-ın SSRİ ilə imzaladığı yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqaviləni ləğv etməsi yeni dünya nizamı formalşadırmağa hesablanıb. Vaşinqton bununla Rusiyanın ikiqütblü dünya yaratmaq cəhdinin qarşısına keçmək istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, ABŞ həm də Rusiyanı silahlanma yarışına cəlb etməklə, iqtisadi inkişafının qarşısnı almağı planlaşdırır:
“İkincisi, ABŞ öz raketlərini Avropada yerləşdirməklə Moskvanın Avropaya yönələn aqressiyasını önləməyə çalışır. Üçüncüsü, bir müddətdən sonra Rusiya ilə daha əverişli şərtlərlə yeni müqavilə bağlamaq niyyətindədir.
Təsadüfi deyil ki, Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirməklə öz narahatlığını dilə gətirdi”.
Məhəmməd Əsədullazadə qeyd edib ki. ABŞ və Rusiya arasında yaşanan bu gərginlik Cənubi Qafqazada təsirsiz ötüşməyəcək:
“Moskva öz qonşularına qarşı daha kəskin siyasətə əl ata bilər. Bu məqsədlə Ermənistan və Xəzər dənizindəki hərbi texnikalarının sayını artırması gözləniləndir. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan addımların sayını artıra bilər.
Lakin ABŞ da geri çəkilməyəcək, Rusiyaya cavab olaraq Cənubi Qafqazda öz təsir gücünü artırmağa çalışacaq. Buna görə də düşünürəm ki, ABŞ Azərbaycana diqqətini daha da artıracaq. Ermənistana isə Rusiya ilə yaxınlaşma siyasətinə görə maliyyə yardımını xeyli həcmdə azaldacaq.
Qənaətimə görə, ABŞ-dan Qarabağa maliyyə yardımının dayandırılması, buna adekvat olaraq Azərbaycana 100 milyon dollar maliyyənin ayrılması Vaşinqtonun yeni siyasətindən qaynaqlanır. Hesab edirəm ki, ABŞ-Rusiya qarşıdurması fonunda şimaldan təzyiq artsa, Vaşinqton Bakıya siyasi dəstək verəcək”.