Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Teleqraf.com saytının qonağı olub.
O, müsahibə zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın 1991-ci ildə Azərbaycanın SSRİ-nin tərkibindən çıxdığı kimi Dağlıq Qarabağın da Azərbaycanın tərkibindən çıxdığına dair iddialarına münasibət bildirib. Qeyd edib ki, N.Paşinyanın hər bir açıqlaması əslində Azərbaycanın xeyrinədir. “Paşinyanın hər bir bəyanatı Azərbaycanın maraqlarının reallaşması fonunda baş verir”, – deyən politoloq əlavə edib ki, Bakının illərdir dediyini Paşinyan öz açıqlaması ilə sübut edir.
Z.Məmmədov, həmçinin, qeyd edib ki, N.Paşinyanın çıxışları özünün savadsızlığı ilə fərqlənir.
Ermənistanın keçmiş prezidenti, Xocalı faciəsinin bilavasitə iştirakçısı Robert Köçəryanın həbsi ətrafında yaranmış vəziyyətə dair fikirlərini bölüşən müsahibimiz Rusiya Prezidenti Vladimir Putinin oktyabr ayında İrəvana edəcəyi rəsmi səfərədək R.Köçəryanın azadlığa buraxılacağını güman etdiyini bildirib.
Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında əzəldən problemlər olduğunu, onların psixoloji, mental baxımdan bir-birini qəbul etmədiyini deyən Z.Məmmədov onu da bildirib ki, N.Paşinyan son zamanlar ağır günlər keçirir.
Z.Məmmədovla müzakirə etdiyimiz növbəti məsələ Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bir neçə gün öncə Bakıya etdiyi səfərlə bağlı olub. O qeyd edib ki, Rusiya və Azərbaycanın bir-birinə vermək istədikləri mesajlar var.
“Polşa hazırda ABŞ-ın Avropa İttifaqında danışan dilidir”, – bu fikri isə Z.Məmmədov son zamanlar Avropada İkinci dünya müharibəsində SSRİ-nin roluna dair formalaşan trendə münasibət bildirərkən deyib.
Bundan əlavə siyasi ekspert Qoşulmama Hərəkatının 25-26 oktyabr tarixində Bakıda keçiriləcək zirvə görüşünə dair fikirlərini bölüşüb, Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsindən əldə edəcəyi dividentlərin nədən ibarət olacağını açıqlayıb.