17 Sentyabr 2019 19:57
2 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professor: “BMT Baş Məclisinin davam etdiyi anlarda ABŞ, İsrail və ya Səudiyyənin İrana hücumu baş verə də bilər”

Teleqraf.com-un Səudiyyənin neft müəssisələrinin vurulması mövzusunda suallarını sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, Səudiyyənin neft emalı zavodlarının vurulması ciddi böhran və müharibə situasiyası yaradıb. ABŞ buna görə İranı ittiham edir, Tehran bu ittihamı rədd edir, Yəməndəki Husi şiə qruplaşması hücumun onlar tərəfindən həyata keçirildiyini elan edir. Sizcə, Səudiyyənin neft obyektlərinə hücumu kim təşkil edib və əsas maraq nə olub?

- Ciddi araşdırmalar göstərir ki, iki neftayırma zavodu və bir sıra neft mədənlərinə hücum nəticəsində Səudiyyədə neft istehsalı 50 faiz azalıb. Eyni zamanda bu neft təssisatlarına edilən hücum zamanı istifadə edilən silahların İran istehsalı olduğu müəyyən edilib.

ABŞ kəşfiyyatı birmənalı əmindir ki, hücumu İran təşkil edib. Husilərdən danışarkən, nəzərə almaq lazımdır ki, bu silahlı qrup bir gün ərzində qəbul edilən qərara uyğun olaraq hücum təşkil etməyi sevir. Husilərin dron və raketlərini Səudiyyənin hava hücumundan müdafiə sistemləri asanlıqla zərərsizləşdirir. Amma ABŞ kəşfiyyatının fikrincə, budəfəki hücum hazırlığı bir günün və ya bir ayın nəticəsi deyil. Əksinə, bu bir neçə ay ərzində aparılan araşdırma və müşahidələrin nəticəsində həyata keçirilib. Bu səbəbdən də Səudiyyənin hava hücumundan müdafiə sistemi endirilən zərbələrin qarşısını ala bilməyib. ABŞ-ın fikrincə, belə diqqətlə hazırlanan, texnoloji baxımdan uğurla həyata keçirilən əməliyyatı yalnız İranın xüsusi kəşfiyyat orqanları, xüsusi təlim görən SEPAH hissələri həyata keçirə bilər. ABŞ-ın təbrincə desək, bu hücumu ayaqyalın hüsilərin həyata keçirməsi mümkünsüzdür.

- Bu hücumdan sonra dünya bazarında neftin qiyməti artdı. Yəni hücuma qədərki situasiya ilə hücumdan sonrakı situasiya ciddi fərqlənir. Yaranan yeni vəziyyəti necə xarakterizə etmək olar?

- Bəli, məlum hücumdan sonra dünya bazarında neftin qiyməti qalxıb və bu proses artan xətt üzrə davam edir. ABŞ siyasətçilərinin danışması bir yana, Pentaqon rəhbəri bəyan edib ki, biz İrana onun hiss edə və bundan nəticə çıxara biləcəyi hücumlar hazırlamağa başlamışıq. Düzdür, Prezident Tramp bəzən baş-ayaq sözlər deyir. Amma bu dəfə İrana cavab verilməsə, bu ölkə xeyli ürəklənəcək. Səudiyyə özü təkbaşına İrana cavab vermək iqtidarında deyil. İrana cavab prosesinə mütləq İsrail və ABŞ-ın qoşulması lazım gələcək. Yəqin ki, ABŞ “gözə-göz, qola-qol” prinsipi ilə hərəkət edərək, İranın neft təsissatlarını vurmağa çalışmayacaq. ABŞ İranın neft obyektlərinə zərbə endirsə, bu, dünyada böyük enerji qıtlığının yaranmasına gətirə, nəticə etibarı ilə neftin qiyməti 100 dolları keçə bilər. Bu da öz növbəsində dünya iqtisadiyyatına ağır zərbə vurardı. Bu nöqteyi- nəzərdən Pentaqon şefi elan edir ki, onların əsas vəzifəsi bu hücumu həyata keçirən beyn mərkəzlərini sıradan çıxarmaqdır. Beyn mərkəzləri sırasında ilk olaraq SEPAH rəhbərliyini nəzərdə tuturlar. Üstüörtülü formada qeyd edirlər ki, ölkənin siyasi rəhbərliyinə də müəyyən zərər vurula bilər. Real vəziyyət bundan ibarətdir.

- Əslində ABŞ Prezidenti bildirdi ki, onlar indi daha çox Səudiyyənin mövqeyini gözləyirlər. Amma Ər-Riyad neçə gündür ki, susqunluq nümayiş etdirir və ortaya mövqe qoymur...

- Əslində Səudiyyə hazırda məlum hücumla bağlı araşdırma aparır. Hücum zamanı istifadə edilən İran istehsalı olan bəzi silah qalıqları tapılıb. Mən inanmıram ki, ABŞ hazırda Səudiyyəni gözləsin. Trampın dedikləri sadəcə diplomatik jestdir. Digər tərəfdən, Pentaqona cavab zərbəsi endirmək hazırlığı haqda təlimat verilib. Belə məsələlərdə prezident təkbaşına qərar vermir. Belə qərarın qəbulunda dərin dövlətdən tutmuş Pentaqon, Dövlət Departamenti, Milli Təhlükəsizlik müşavirliyi və onlarla qurum iştirak edir. Dövlət katibi Pompeo İrana adekvat cavab vermək lazım olduğunu bəyan edib. Pentaqonun mövqeyini də yuxarıda qeyd etdim.

- Yeri gəlmişkən, son 4 gündə yaranan gərgin vəziyyət Trampın istefaya göndərdiyi milli təhlükəsizlik müşaviri Con Boltonun haqlı olduğunu ortaya qoymadımı?

- Baş verən hadisələr onu göstərdi ki, bir çox məsələlərdə, xüsusilə İranla bağlı proseslərdə Boltonun mövqeyi reallığa yaxın olub, yaxınlaşan təhlükəni Bolton digərlərindən fərqli olaraq, daha yaxşı duyurmuş. İndiki situasiya göstərir ki, Bolton beynəlxalq münasibətlərin təhlilində öz prezidentindən bir boy yuxarıda dayanırmış.

- ABŞ faktiki seçki prosesinə daxil olub. Tarixi təcrübəyə istinad etsək, Əfqanıstan və İraq müharibələri göstərdi ki, Amerika seçiciləri müharibəyə qarşıdır. Hazırda növbəti prezident seçkilərinə hazırlaşan Trampın İrana qarşı müharibə qərarı verməsi ağlabatandırmı?

- Mən müharibə ehtimalının olduğu qənaətindəyəm. Bir daha qeyd edirəm ki, dünyanı sarsıdan belə hərəkətlərlə bağlı qərarı ABŞ prezidenti təkbaşına vermir. ABŞ-ın bir sıra strukturları belə ciddi qərarların qəbulunda yekdil iştirak edir. Ola bilsin ki, Trampın xəyalından ikinci dəfə prezidentlik keçir. Amma ABŞ-ın milli maraqları məsələsi var. ABŞ-ın milli maraqları Trampın şəxsi maraqlarından qat-qat yuxarıda durur. Digər tərəfdən, ABŞ bu dəfə də fərsiz davransa və müttəfiqləri ilə birlikdə BMT-nin rizasını alıb cavab addımı atmasa, faktiki Amerikanın dünya liderliyi haqqında təsəvvürlər alt-üst olacaq, ABŞ-ın lider dövlət kimi statusu sıradan çıxacaq. Bütün bunlar strateji məsələlərdir və bu məsələlərdə prezidentin arzusu yeganə meyar kimi götürülmür.

- Səudiyyənin neft obyektlərinə məlum hücumdan sonra İranın davranışlarını necə qiymətləndirmək olar?

- Açığı, mən İranın davranışlarını anlaya bilmirəm. Təbii ki, İran Səudiyyəyə hücum etdiyini etiraf etməli deyil və bunu ondan heç kəs gözləmir də. Lakin İranın təhdidedici mövqedə dayanması maraqlıdır. Məsələn, İranın hərbi hava qüvvələrinin komandanı bəyan etdi ki, ABŞ İrana hücum edəcəyi təqdirdə onun Qətər və BƏƏ-dəki hərbi hazalarına, eləcə də Hörmüz boğazındakı hərbi gəmisinə zərbə endirərək məhv edəcəyik. Bu faktiki olaraq gərgin olan münasibətlərin üzərinə sanki yanacaq tökür. Məncə, bu məsələlərdə İran həm diplomatik, həm də siyasi rəhbərliyinin davranışı baxımından ciddi səhvə yol verir.

- Sizə elə gəlmirmi ki, İran davranışları ilə “müharibəyə hazırıq” mesajını verir?

- Mən iri miqyaslı və uzun müddət davam edəcək müharibə gözləmirəm. Məncə, İranın müəyyən obyektlərinə, siyasi rəhbərliyin olduğu ofislərə və ya yeraltı qatlarda olan obyektlərə sarsıdıcı zərbələr vurula bilər. Bu zərbələr nəticəsində İran siyasi rəhbərliyində xaosa oxşar durum yarana bilər. Amma insanlara ziyan vuran, iqtisadiyyatı dağıdan uzun müddətli müharibə haqda söhbət gedə bilməz.

- Əslində İran Prezidenti Həsən Ruhani ilə ABŞ Prezidenti Donald Trapın BMT-də görüşü nəzərdə tutulur. Bu şəxslərin görüşü və razılığa gəlməsi gərgin olan münasibətlərin üzərinə sərin sular səpə bilərmi?

- Əslində BMT-nin sessiyası bu gün başlayıb. Prezidentlər isə sessiyanın plenar iclasında deyil, müzakirələr gedən hissədə iştirak edəcək. Mən son hadisələrdən sonra ABŞ və İran prezidentləri arasında görüşün keçirilməsini gözləmirəm. Əksinə, BMT Baş Məclisinin davam etdiyi anlarda ABŞ, İsrail və ya Səudiyyənin İrana hücumu baş verə də bilər. Doğrudur, münasib zaman deyil, amma belə hücum ola bilər. Bütün hallarda hesab edirəm ki, artıq Tramp-Ruhani görüşü baş tumayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər