19 Sentyabr 2019 15:40
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün dünyada baş verən proseslər bütün ölkələri çağırışlar qarşısında qoyub. Bu baxımdan, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması məcburi addım idi”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının neft müəssisələrinə dron hücumları da sübut edir ki, ABŞ-ın öz müttəfiqlərini hava hücumundan müdafiə sistemləri ilə təchiz etməsi məsələsində ciddi problemlər var:

“Digər yandan, Türkiyənin dəfələrlə təşəbbüs qaldırmasına baxmayaraq, ona vəd edilən “Patriot” sistemləri verilmədi. İndiki şəraitdə, xüsusən də, sərhədləri yaxınlığında ciddi bir münaqişənin olduğu təqdirdə, eyni zamanda beynəlxalq terrorizmin təhdidlər yaratdığı bir vaxtda Türkiyənin özünümüdafiəyə ciddi ehtiyacı var.

Ya ABŞ və NATO üzrə müttəfiqləri Türkiyəni müdafiə etməli idilər, ya da Türkiyə öz təhlükəsizliyinin təmin edilməsi yönündə addımlar atmalıydı. Bu həqiqət Birləşmiş Ştatların rəsmiləri tərəfindən dilə gətirilib, amma qəbul etmədikləri xüsusi olaraq vurğulanıb”.

Elçin Mirzəbəyli, indiki şəraitdə Rusiyadan hava hücumundan müdafiə sistemləri alan Türkiyəyə ABŞ-dan sanksiyaların tətbiq olunacağını gözləmədiyini bildirib:

“Hazırkı durumda Türkiyəyə sanksiya tətbiq etmək ABŞ-ın da marağına uyğun gələn variant deyil. Regionda baş verən proseslər də buna əsas vermir. Türkiyəyə qarşı sanksiyalar tətbiq olunarsa, bu, NATO-da ciddi çatların yaranmasına gətirib çıxara bilər. Söhbət faktiki olaraq, Türkiyədən getmir, bu halda NATO-nun bir ittifaq olaraq mövcudluğu şübhə altına düşəcək, bu da parçalanma üçün müəyyən əsaslar yaradacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər