Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdikləri görüş nəticəsiz qaldı. Çünki görüşdən bir gün əvvəl Ermənistan ordusu təxribat törədərək təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirdi. Ancaq bu insident olmasaydı belə, görüşdən nəticə çıxmayacaqdı, onsuz da hər il xarici işlər nazirlərinin Nyu-Yorkdakı ənənəvi görüşlərindən nəticə çıxmır.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdakı iki cümlə də Nyu-Yorkdakı görüşün əhəmiyyətsiz olduğunu göstərir:
“Birinci cümlədə “Xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı” deyilir. Yəni, hərbçimizin qətlə yetirilməsindən sonra hansı nəticədən danışmaq olar? Qəsdən törədilmiş təxribatdır.
İkinci cümlədə isə bildirilir “Mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”. Yəni, nazirləri görüşdülər, əvvəlki mövqelərini təkrarladılar və ayrıldılar. Bu isə 25 ildən çoxdur davam edir”.
“Atlas”ın yazısında bildirilir ki, beləliklə, görüşün görüş xatirinə keçirilməsinin imitasiya xarakteri daşıdığı və bunun Azərbaycanın maraqlarına cavab vermədiyi bir daha təsdiq olunur:
“Çünki həm vaxt uzanır, həm də Ermənistan belə bir görüntü yaradır ki, guya danışıqlara hazırdılar, əsl həqiqətdə isə İrəvan imitasiya xarakterli bu danışıqlardan status-kvonun uzanmasına çalışır. Ona görə də bu vəziyyətdə rəsmi Bakı İrəvanla lazımsız danışıqlardan bir müddət imtina və ya fasilə vermək barədə düşünməlidir. Bu beynəlxalq təşkilatlara da Azərbaycanın ciddi niyyətindən xəbər verər”.