25 Sentyabr 2019 13:52
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrandakı dini-siyasi hakimiyyət ənənəvi hücum taktikasını davam etdirir. Onlar üçün qarşılarında ABŞ, İsrail və ya Səudiyyə Ərəbistanının olmasının fərqi yoxdur. Bu kimi rejimlərin başqa cür davranmaq imkanı da yoxdur”.

Politoloq Zaur Məmmədov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ Prezidenti Donald Tramp türk həmkarı Rəcəb Tayyib Ərdoğan və ölkəsinin ünvanına xoş sözlər səsləndirməyə başlayıb. Üstəgəl, Türkiyənin yenidən F-35 proqramına qaytarılması və ticarət həcminin 100 milyard dollara qaldırılmasına dair anlaşmanın əldə ediləcəyi deyilir. Maraqlıdır ki, niyə ABŞ Rusiyadan S-400 sistemləri alan Türkiyəni cəzalandırmaq yerinə anlaşmağa üstünlük verdi?

- Türkiyə ilə münasibətlərin pozulması ABŞ-ın Yaxın Şərqdəki geosiyasi maraqlarına cavab vermir. Bu, eyni zamanda Rusiya ilə gərgin münasibətlər fonunda da Vaşinqtona sərf etmir. ABŞ yaxşı başa düşür ki, Türkiyə Yaxın Şərqin açarı rolunu oynayır. Türkiyənin bu bölgədə yerləşən dövlətlərə təsiri və gücü hər kəsə məlumdur. ABŞ və digər Qərb ölkələri Türkiyə olmadan Yaxın Şərq regionunda heç bir uğur qazana bilməz. Liviya, Suriya və İraqda baş verən geosiyasi hadisələri buna nümunə göstərmək olar.

Digər yandan, ötən əsr boyu Türkiyənin bölgədə Rusiyaya qarşı çəkindirici faktor olması da ABŞ və ya Qərbə məlumdur. Lakin son zamanlarda, xüsusən də Barak Obama dönəmindən ABŞ Türkiyəyə qarşı qeyri-sağlam münasibət sərgilməyə başladı. Türkiyə isə ABŞ-dan hava hücumundan müdafiə sistemləri almaq istəyirdi, amma təəssüflər olsun ki, Vaşinqton istədiyini Ankaraya vermədi. Halbuki Türkiyənin cənub sərhədlərində “Patriot” sistemləri yerləşdirilmişdi, amma NATO Türkiyənin bundan PKK və PYD/YPG terror təşkilatlarına qarşı istifadə etməsinə icazə vermədi. Bu vəziyyətdə Türkiyənin seçimi yox idi və buna görə də Rusiyaya müraciət etdi. Nəticədə də S-400 sistemlərinin alınması ilə bağlı Rusiya və Türkiyə arasında anlaşma əldə olundu. Bundan sonra Amerikanın Türkiyəyə qarşı daha sərt davaranacağı gözlənilirdi. Buna adekvat olaraq, Türkiyə, Çin və Rusiya arasında təmaslar sıxlaşdı. İndiki vəziyyətdə isə belə bir yaxınlaşma bütün istiqamətlərdə Vaşinqton üçün məğlubiyyət demək olardı.

- Habelə İran faktoru...

- Əlbəttə, İran-İsrail və İran-ABŞ münasibətlərinin gərginləşdiyi bir dövrdə Türkiyəni öz tərəflərinə çəkmək lazımdır. Məlumdur ki, İran və Türkiyənin geosiyasi maraqları üst-üstə düşmürdü. Lakin bu iki ölkə Rusiyanın vasitəçiliyi ilə Suriya və İraqda ortaq dil tapa bilir. Əlbəttə, ABŞ-a görə İranla gərginliyin artdığı bir dövrdə Türkiyəni bu cəbhədən kənarda saxlamaq lazımdır. Buna görə də yaxın gələcəkdə ABŞ-Türkiyə münasibətlərinin isinməsinin şahidi olacağıq. Bu, Türkiyənin ABŞ-a yox, ABŞ-ın Türkiyəyə yaxınlaşması ilə müşayiət olunacaq. Çünki bu münasibətlərin isinməsində ABŞ daha çox maraqlıdır.

- İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ-la müharibənin qaçılmaz olduğunu dedi. İranın nüvə proqramı ilə yanaşı, Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumunda Tehranın ittiham olunması da savaş ehtimalını artırır. Prosesin bu yöndə inkişaf edəcəyi nə dərəcədə mümkündür?

- İrandakı dini-siyasi hakimiyyət ənənəvi hücum taktikasını davam etdirir. Onlar üçün qarşılarında ABŞ, İsrail və ya Səudiyyə Ərəbistanının olmasının fərqi yoxdur. Bu kimi rejimlərin başqa cür davranmasına imkanı da yoxdur. Yəni, müharibə ehtimalı yüksək olsa da, hesab edirəm ki, İran və İsaril, yaxud İran və ABŞ arasında belə bir savaş baş verməyəcək. Çünki hər iki tərəf müasir silahlarla təchiz olunmuş güclü ordusu olan ölkələr sırasındadır. İndiki vəziyyətdə belə dövlətlərin açıq savaşa getməsi mümkün deyil. Onlar daha çox üçüncü ölkənin ərazilərində bir-birinə qarşı mübarizə aparır, bu siyasi və hərbi mübarizə də ola bilər.

Digər yandan, Con Boltonun istefasından sonra ABŞ-İran münasibətlərinin bir qədər yumşalacağı gözlənilir. Zənnimcə, yaxın vaxtlarda tərəflər arasında gizli danışıqlar başlayacaq, bu danışıqların da əsas məğzi yeni nüvə anlaşmasının imzalanmasından ibarət olacaq. Bu proses də müəyyən vaxt aparacaq, çünki ABŞ yeni anlaşmasında İrandan nüvə proqramından imtina etməsini istəyəcək, amma İranın bununla bağlı fikirləri tamam fərqlidir.

- Livanın müdafiə naziri Elias Bou Saab açıqlamasında bildirdi ki, Ermənistana Azərbaycanın İsraildən aldığı dronların zərərsizləşdirilməsində kömək edə bilər. Livanın bu istəyi bir təhlükə vəd edirmi?

- Livanda erməni faktoru həmişə güclü olub. Biz hər zaman Livan hökumətində və parlamentində erməni nazirlər və deputatların təmsil olunduğunu görürük. Bu, bir kvotadır – ermənilər Livan hökumətində təmsil olunmalıdır. Livanda ermənilərin çox güclü diasporu var. Bizə məlumdur ki, Qarabağ savaşında Fələstin və Livanda ermənilərlə bağlı qruplaşmalar hansı rolu oynayıb. Buna görə də bu təhlükəni həmişə nəzərə almaq lazımdır.

Livandan verilən bu açıqlama xoş qarşılanmamalıdır. Yaxşı olardı ki, Livan daha çox öz müdafiə imkanlarına baxaraq, öz ərazilərinin təhlükəsizliyi ilə məşğul olsun. Digər yandan isə məlumdur ki, İsrail dronları savaşlarda böyük effektə malikdir. Nə Livan, nə də Ermənistan ordusunda bu dronların qarşısını almaq gücü yoxdur. Azərbaycan ordusu İsraillə yanaşı, bir çox ölkədən alınmış silahlarla gücləndirilib ki, bunların da hansı silahlar olduğunu ictimaiyyətə açıqlamaq olmaz. Əlbəttə, Azərbaycan atəşkəs dönəmində öz sülhsevər mövqeyini qoruyaraq, hərbi gücünü artırmağı da davam etdirib. Çünki Ermənistanın davam edən təxribatlarının hansı nəticələr verəcəyini bilmirik. Amma Azərbaycan Silahlı Qüvvələri istənilən vəziyyətə hazırdır.

- Ümumiyyətlə, bir-iki müsəlman dövləti – Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı istisna olmaqla, digərlərindən Dağlıq Qarabağ məsələsində niyə Azərbaycana dəstək verilmir, yaxud vermək istəmirlər? Bir sıra hallarda verilən dəstək də nəzəri xarakter daşıyır.

- Müsəlman birliyindən ancaq şifahi şəkildə danışmaq olar. Bu gün İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nəzəri cəhətdən müsəlman ölkələri arasında birliyin şahidi oluruq. Amma bunun özünü praktikada necə doğruldacağı əvvəlcədən bəllidir, çünki bu gün biz müsəlman və ərəb ölkələr arasında hansı münasibətlərin olduğunu görürük. Hərbi potensiala gəlincə, hərbi və siyasi mənada Azərbaycanın müsəlman dünyasındakı mövqeyini müsəlman dünyasının aparıcı ölkələrinin mövqeyi ilə bərabərləşdirə bilərik.

Digər yandan, əslində müsəlman ölkələrindən Azərbaycana diplomatik dəstək var, bu da az deyil. İslam Əməkdaşlıq Təşkilatının BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində baş tutan toplantısında Ermənistan növbəti dəfə işğalçı adlandırıldı. Pakistan tərəfindən Ermənistandan öz işğalçı ordusunu Azərbaycan ərazilərindən çıxarılması tələb olundu. Biz bu dəstəyi “şifahi dəstək” adlandırın heç endirə bilmərik. Eyni zamanda, Azərbaycan İslam dünyasında hərbi-siyasi çəkiyə malik ölkələrin hər biri ilə də əməkdaşlıq edir. Bu ölkələrə də Pakistan və Türkiyə başçılıq edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər