“Yeni Müsavat” qəzetinin baş redakoru Rauf Arifoğlu Teleqraf.com-un qonağı olub.
Noyabrın 10-da “Yeni Müsavat” qəzetinin yaranmasının 30-cu ildönümü olduğunu deyən Rauf Arifoğlu yubiley tədbirinin keçiriləcəyini bildirib.
Yubiley münasibətilə film hazırlandığını söyləyən Rauf Arifoğlu qeyd edib ki, ssenariyə görə sanki 30 il əvvəldədir: “Bu müddət mənim üçün göz qırpımında keçdi. Qəzet quraq deyə bir ideya olmadı, partiya deyə bir ideya oldu".
“Yeni Müsavat”ın tarixindən bəhs edən baş redaktor "Hansı qəzetləri oxuyursunuz" sualını belə cavabladırıb: "Ölkədə çıxan bir neçə qəzet var, onlara hər gün baxıram, amma saytların hamısını oxuyuram. Xüsusilə sosial şəbəkə üzərindən vitrinə qoyulan xəbərlərə dərhal baxıram. Feysbuk, Yutub və internet məkanı bir çoxları üçün zaman keçirtmə yeridir. Mənim üçünsə iş yeri, daha sürətli və çevik xəbərləmə, xəbərötürmə imkanıdır. Qəzet artıq seçimim içərisində birinci deyil. Xəbər emalçısı kimi bir şeyi bilirəm ki, qəzetin məlumatları köhnədir, ancaq özəl məlumatlar ola bilər, onda da çalışırıq ki, sayta başqalarından tez qoyaq”.
Rauf Arifoğlunun fikrincə, qəzet həm də ənənəyə görə lazımdır: “Həsən bəy Zərdabinin məmləkətində qəzet olmalı və qalmalıdır. Prezidentin qurduğu Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yardımlarının çox böyük əhəmiyyəti var. Çünki qəzet bazarı çox kiçikdir. Qəzetlərin özünü özbaşına qoruyub saxlaması olduqca çətin, bəlkə də mümkünsüz olardı.
Əlbəttə, qəzetçiyəm, bu məsləyə 30 ilimi vermişəm, başqa bacardığım iş yoxdur. Düzdür, yeni media sektorunda da fərqlənən media quruluşları yarada bilmişəm, amma mənim üçün əsas məsələ tarixilik, davamiyyət və gələcək baxımından kağız versiyaların qalmasıdır. Övladlarım, yeni nəsil də print versiyanı görsünlər. Bu, insanlığın ən gözəl icadlarından biridir. Bunu simbioz kimi görürəm. Elektron versiyaların kökündə qəzetlər olanda çox güclü olur".
Rauf Arifoğli qurucusu olduğu Müsavat Partiyasının son başqan seçkilərinə də münasibət bildirib: "2014-cü ilə qədər özümün də iştirak etdiyim həmin dönəmi Müsavat üçün daha müsbət dövr kimi xarakterizə edirəm. Amma lider saydığım İsa Qəmbər gedəndən sonra Arif Hacılının dövründə Müsavat partiyası çox zəiflədi.
Bunun da əsas günahkarı elə Arif Hacılının özüdür. Tutumu çox zəifdir və yanında güclü adamı sevmir. İsa Qəmbərin vitrini ilə Arif Hacılının vitrininin şəkillərini mərkəzdə özləri olmaqla kollaj edin baxın, müqayisəni görəcəksiniz. Dəhşətli dərəcədə fərqli mənzərə yaranır. Partiyanın gücü də orada siyasət ulduzlarının olması ilə ölçülür.
Son seçkilərdə partiyanı dağıdıb parçaladığı, kiçiltdiyi üçün nə qədər ünvanına qızğın olsam da, Arif Hacılının qalmasının tərəfində idim. Onun rəqibləri o qədər zəif idilər ki, Arif Hacılının yanında çox kiçik görünürdülər. Bu da onun öz taktikası idi. Bütün güclüləri sıfırlayıb ki, qurultay dövründə ona bir rəqib belə qalmasın. Bu, özünü göstərdi”.
Rauf Arifoğlu hesab edir ki, bu günlərdə dünyasını dəyişmiş Vurğun Əyyub, Hikmət Hacızadə, Sabit Bağırov, Nəsib Nəsibli, Rauf Arifoğlunun özü, Qubad İbadoğlu, Adil Qeybulla, İbrahim İbrahimli başqanlıq yarışında güclü rəqib ola bilərdi: “Hər biri ayrı-ayrılıqda İsa Qəmbərin yanında ikinci idi. İçimizdə ən qərəzli, kinli və xarakteri yovuşmaz Arif Hacılı idi, İsa Qəmbər ona "stavka" elədi və partiyanı batırdı.
İndi isə vəziyyət o qədər pisdir, Ariflə yarışanların dərəcəsi, potensialı, imkanları o qədər kiçikdir ki, biz köhnə müsavatçılar heç olmazsa üç pisdən ən yaxşısını Arif olaraq xarakterizə elədik və istədik ki, o qalsın. Canlı yayımda demokratik seçki oldu, amma müdaxilə, yönləndirmələr də oldu. Bu, o dərəcədə kobud şəkildə idi ki, bizim olduğumuz zamanlarda, adətən, İsa Qəmbər bunu etmirdi, biz də etməyə cəsarət etmirdik”.
Baş redaktor Müsavat Partiyasına əl qoyacağı barədə yayılan iddialara da aydınlıq gətirib.
Video-müsahibəni təqdim edirik:
Qeyd: Müsahibə oktyabrın 18-də götürülüb.