6 Noyabr 2019 17:42
2 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü məsələsi zaman-zaman gündəmə gəlir. Ekspertlər səviyyəsində müxtəlif fikirlər səsləndirilsə də, Rusiyanın siyasi dairələrinin bununla bağlı rəsmi mövqeyi bəllidir: Azərbaycanı birlikdə görmək. Dəfələrlə istər Rusiya xarici işlər naziri, istərsə də parlament səviyyəsində Moskvanın Bakını Avrasiya İttifaqında görmək istəyi dilə gətirilib. Bəs, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü barədə ölkəmizdə nə düşünürlər? Bu ittifaqa üzvlük Azərbaycana nə qazandıra bilər?

Avrasiya ideyası

Bu suallara keçməzdən öncə “Avrasiyaçılıq nədir” sualına aydınlıq gətirmək yerinə düşərdi. Politoloq Vüqar Zifəroğlunun sözlərinə görə, Avrasiyaçılıq nəzəriyyəsi bir geosiyasi və ideoloji konsepsiya olaraq hələ 20-ci əsrin əvvələrində formalaşıb: “Əsasən rus fikir adamlarının ortaya atdığı bu ideya Türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsini və Qərbə qarşı real güc olaraq ortaya çıxmasını özündə təcəssüm etdirməkdə idi.

Sovet dönəmində isə Avrasiyaçılıq – Rusiyanın ABŞ-a qarşı Avropa və Asiyada duruş gətirə bilmək ideologiyasına çevrildi. Əslində çox cazibəli görünən və hətta məsələn, Lev Qumilyov kimi məşhur tarixçi-türkoloqların da müdafiə etdiyi bu nəzəriyyənin kökündə, ilk növbədə Rusiyanın imperialist maraqları dururdu. Hər bir idealist-siyasi nəzəriyyə zamanın acımasız təsiri ilə daha real şəkil aldğı kimi, Avrasiya nəzəriyyəsi də getdikcə öz ilk “günahsız” simasını dəyişərək, bu gün açıq şəkildə Rusiyanın siyasi iddialarını Qərbə nümayiş etdirmək formasını aldı”.

Daxildə Qarabağ çatı

Beləliklə, Avropa İttifaqına alternativ kimi qurulan Avrasiya İttifaqı hələ də Rusiyanın geosiyasi təsir dairəsini böyütmək istəyi kimi anlaşılır və belə də qəbul edilir. Lakin Moskvanın bu planı hələlik onun istədiyi effekti verməyib. Ermənistanın ittifaqa münaqişəli ölkə kimi cəlb olunması Azərbaycanı bu ittifaqdan kənarında qalmasına səbəb oldu. Üstəgəl, ittifaqa üzv olan Qazaxıstan və Belarusun Dağlıq Qarabağ münaqişəsi kontekstində baxışları birmənalı deyil.

Belarus bu münaqişədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı ölkəmizə silah satışını həyata keçirirsə, Qazaxıstanın Ermənistanla diplomatik münasibətləri o səviyyədə deyil. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyənlər və Ermənistanı işğalçı kimi tanıyan dövlətlər sırasında yer alıb. Bu istər BMT-də, istərsə də İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda da özünü göstərir.

Təsadüfi deyil ki, Türk Şurasının Bakıda keçirilən sonuncu sammitində Qazaxıstan da şuraya üzv digər dövlətlər kimi Ermənistanın işğalçılıq siyasətini pislədi.

Belarus

Belarusa gəlincə, Minskin Bakıya “Polonez” hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikaları satması, hələ də Ermənistanda müzakirə mövzusudur. Üstəgəl Prezident Aleksandr Lukaşenkonun ara-sıra Qarabağın Azərbaycan ərazi kimi tanımasına dair səsləndirdiyi fikirlər İrəvanda qıcıq yaradır. Rəsmi İrəvanın mövqeyi budur ki, Belarus Azərbaycanı dəstəkləməklə Ermənistanla müttəfiqlik münasibətləri zərbə altında saxlayır.

“Mehriban düşmənlər”

Avrasiya İttifaqı çətiri altında birləşən dövlətlər arasındakı münasibətlərin “mehriban düşmən” səviyyəsində olması Yuri Xaçaturov KTMT-nin baş katibi postunda olarkən İrəvanda həbs edilməsi ilə özünü açıq formada büruzə verdi. Nikol Paşinyan hökuməti 2008-ci il martın 1-də İrəvanda 20 nəfərin ölümü ilə yadda qalan gülləbaranın təşkilində ittiham etdiyi Xaçaturovu müttəfiq dövlətlərin etirazlarına baxmayaraq həbs etdi. Bundan sonra Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan açıq formada İrəvan əleyhinə kəskin ifadələr səsləndirdi. Qazaxıstan, Belarus, habelə Rusiyada Qarabağ münaqişəsində Azərbaycana dəstəyin verilməsi məsələsi də o günlərdə ən çox danışılan mövzulardan biri idi.

Təzyiqlər qarşısında qalan İrəvan geri çəkilsə də, müttəfiqlər Ermənistanı bağışlamadı. KTMT-yə dönəm rəhbərliyi Ermənistandan alınmaqla yanaşı, Avrasiya İttifaqı, KTMT və Gömrük Birliyi kimi qurumlarda qeyri-rəsmi olaraq veto hüququndan məhrum edildi. Bu dönəmdə baş verirdi ki, Aleksandr Lukaşenkonun Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə Paşinyanı pozuculuqda ittiham etməsi İrəvanda səs-küy qaldırmışdı.

Üzvlük Azərbaycana nə qazandıra bilər?

Avrasiya İttifaqının üzv dövlətlərə və ya üzv olacağı halda Azərbaycana qazandıracağı dividentlərə gəlincə, hələlik üzvlüyün müttəfiq dövlətlərə iqtisadi qazanclar gətirəcək işlək bir mexanizmi yoxdur. İndiki halda birlikdəki dövlətlərə üzvlüyə görə hansısa güzəştlərin tətbiqindən söhbət getmir. Hələ də iqtisadi münasibətlər dövlətlərarası münasibətlərə dair imzalanmış sənədlər müstəvisində davam edir.

Ziddiyyətlərə baxmayaraq, iki müttəfiqimizin bu birlikdə söz sahibi olması müsbət haldır. Balanslaşdırma siyasəti yürüdən Azərbaycanın ən yaxın qonşularıyla bu və ya digər şəkildə işbirliyində olması qaçılmazdır. Birlikdə mövcud olan iqtisadi problemlər hələ ki, aydın perspektiv göstərməsə də, bu ittifaqın Qarabağ problemində Ermənistana təzyiq vasitəsi kimi nəzərdə tutulması məqsədəuyğun və real dəyərləndirilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər