Prezident İlham Əliyev noyabrın 12-də Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal və Xətai rayonlarının icra hakimiyyəti başçılarını vəzifəyə təyin olunmaları ilə bağlı qəbul edərkən bir sıra çox mühüm, əhəmiyyətli məsələlərə toxundu. İlk növbədə cənab prezident vurğuladı ki, ölkəmizdə kadr islahatları həyata keçirilməkdədir və bu islahatlar davamlı xarakter daşıyır. Eyni zamanda qeyd etdi ki, sual yarana bilər, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? “Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”, – deyə cənab prezident daha sonra fikirlərinə əlavə etdi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O qeyd edib ki, təkmilləşmə də, yeni şəraitə uyğunlaşma da, tərəqqi də nəticə etibarilə ölkəni yeni üfüqlərə, yeni zirvələrə aparan bir yoldur və bu baxımdan cənab prezidentin islahatlar kursuna belə sadiq qalması məntiqlidir və onun ölkəmiz üçün çox böyük faydası var:
“İlk növbədə kadr islahatları bu məsələdə çox böyük rol oynayır. Kadr islahatları cənab prezidentin həyata keçirdiyi ümumi islahatların mühüm tərkib hissəsidir. Bu islahatları zəruri edən əsas amil onunla bağlıdır ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə daxil olub, yeni hədəflər var və dünya dəyişir. Bu gün yeni yanaşmalar, yeni texnologiyalar, innovativ, kreativ yanaşma tərzi dünya siyasətində və iqtisadiyyatında həlledici rola malikdir. Bu baxımdan dəyişən şəraitə uyğunlaşmaq bizim üçün çox vacibdir. Ona görə də bu islahatlar həyata keçirilir və ilk növbədə perspektivli, savadlı, bilikli və ən başlıcası vətənpərvər gənclərin irəli çəkilməsi bu gün çox böyük aktuallıq kəsb edən məsələyə çevrilib. Cənab prezident vurğuladı ki, burada təcrübə ilə yeniliyin sintezi uğurlarımızın əsas bazasıdır. Yəni, müəyyən yaşlı insanların təcrübəsi ilə gənclərin dinamizmi arasında sinxronluq vacib məsələdir. Bir balansın gözlənilməsi vacibdir. Bu istiqamətdə də addımlar atılır”.
E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyev təyin olunan icra başçılarını və bütün məmurları xalqa ləyaqətlə xidmət etməyə çağırıb:
“Ləyaqətlə xidmət etmək isə ilk növbədə təmiz, şəfaff olmaq, rüşvətxorluğa, korrupsiyaya qarşı amansız mübarizə aparmaqdır. Elə bir şərait yaratmaq lazımdır ki, ölkənin ümumi inkişafına töhfə verəsən. Elə bir fəaliyyət göstərmək lazımdır ki, vətəndaşlar məmnun qalsınlar, insanlar icra başçısına dəstək versinlər, ona dayaq olsunlar. Bunun da sayəsində Azərbaycanın bundan sonrakı inkişafı təmin edilsin. Xüsusilə, cənab prezident icra başçılarının investisiya cəlb etməyi bacarmalarının vacibliyini vurğuladı. Elə etməlisiniz ki, rayonlarımız daha da inkişaf etsin. Ölkənin ümumi inkişafında onların payı, çəkisi daha da artmış olsun”.
E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyev ilk növbədə böyük etimad göstərərək kadrları vəzifələrə təyin edir:
“Bu etimadı xalq görür. Bu xalqa ismarıcdır. Amma eyni zamanda cənab prezident qeyd etdi ki, hər şey sabah onların işindən, fəaliyyətindən asılı olacaq. Bildirdi ki, bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. Yəni cənab prezident onlara həm etimad göstərir, həm də izah edir ki, arxayınçılıq heç bir halda qəbul edilə bilməz. Bax, bu məqamları cənab prezident xüsusi vurğuladı. Eyni zamanda onu da qeyd etdi ki, çox təəssüf ölkəmizdəki bu inkişafı gözü götürməyən radikal antimilli ünsürlər, rəzil siyasi qruplaşmalar hər şeyi hər zaman qara rəngdə görür, bizim ayağımızı dolaşmaq istəyirlər. Ancaq bu heç bir nəticə verməyəcək.
Çünki ortada Azərbaycan xalqı, onun siyasi iradəsi var. Ölkəmizdəki siyasi və iqtisadi sabitliyin də əsas şərti xalq-hakimiyyət birliyindən keçir. Bu birliyi möhkəmləndirmək üçün hər bir məmurun üzərinə böyük məsuliyyət düşür. Hər bir məmur öz xalqına şərəflə, ləyaqətlə xidmət etməlidir”.