Politoloq Zərdüşt Əlizadə İranda baş verən etiraz aksiyaları, hadisələrin mümkün inkişaf ssenariləri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, İranda başlayan və hazırda davam edən aksiyaları necə xarakterizə edirsiniz. Bu etirazlar nə ilə nəticələnə bilər?
- Hökumət qərar qəbul edərək, yanacağın qiymətini qaldırıb. Çox ucuz qiymətə yanacaq almağa öyrənən əhali qiymət artımına etiraz edir. Etirazın forması səsvermə deyil, küçələrə çıxıb mitinqlər təşkil etməkdir. Etirazçılar “Rədd olsun Seyid Əli Xameneyi ”, “Rədd olsun islam hakimiyyəti” şüarlarını səsləndirir. Aksiya çərçivəsində hökumət binalarına, banklara hücumlar edilir. Proses bu şəkildə davam edir. Hökumət hələlik polisin gücü hesabına çalışır ki, nümayişlərin qarşısını alsın. Hazırda hər iki tərəfdən ölənlər var. Hökumət açıq şəkildə etirazçılara deyir ki, həddinizi bilməsəniz, güc amilini işə salacağıq. “İnqilab keşikçiləri” kimi yarıhərbi qurumlar da müəyyən mesajlar verir. Sözsüz ki, dünyada islam dövlətinin adı bədnamdır, islam respublikasını istibdad və anti-demokratik quruluş kimi qələmə verirlər. Hərçənd belə deyil. Hər bir dövlət özünü müdafiə etməlidir. ABŞ və Avropa dövlətləri lazım gələndə özünü qətiyyətlə və amansız şəkildə müdafiə edirlər. İndi hər şey islam hakimiyyətinin bu nümayişlərin davam etməsinə necə reaksiya verməsindən asılı olacaq. Əslində yanacağın qiymətinin qalxması labud idi, çünki vəziyyəti bu şəkildə saxlamaq üçün mövcud resurslar artıq tükənirdi. Mümkün olanlar içərisində ən asanı və gözəgörünəni yanacaq idi. Hökumət labud addım atıb, elə əhali də ona lazım olan addımı atıb. Nəticədə iki qüvvə üz-üzə dayanıb.
- İranda baş verən ciddi etiraz dalğasında xarici təsir varmı, varsa, nədən ibarətdir?
- Düşünürəm ki, xarici faktor əsasən, ABŞ-la bağlıdır. Bu hansı şəkildə özünü büruzə verir? Altı dövlət razılığa gəlib nüvə sazişi imzalamışdı. Sonra ABŞ İsrailin təzyiqi və Trampın özünün düşüncə qəribəliyindən irəli gələn addımlar atdı, ABŞ beynəlxalq qanun statusu alan müqavilədən çıxdı, yəni qanunu pozdu və bundan sonra İrana qarşı sanksiyalar tətbiq etdi. İran neftinin satışına icazə vermədi. Bu qadağa Avropanın da xoşuna gəlmədi, amma ABŞ bunu “Ağa nəzərəm, belə gəzərəm” məntiqi ilə etdi. ABŞ öz aləmində İran xalqını islam rejiminə qarşı qaldırmağa başladı. Sonradan bu qadağaların İran iqtisadiyyatına güclü təsiri oldu. İndi sözdə islam rejimi ilə işləri olmadıqlarını desələr də, ABŞ-ın məqsədi ona itaət etməyən islami quruluşu devirmək və özündən asıl olan quruluş yaratmaqdır. Bunun üçün ABŞ hər şeydən istifadə edir. Həm gizli üsullarla, həm iqtisadi qadağalarla işləyirlər. Vaşinqtonun ənənəvi xarici dövlətlərdə ona xoş olmayan hökumətləri devirmək çalışmaları davam edir.
- İran mitinqlərində Seyid Əli Xameneyi ilə bağlı şüarlar səsləndirilsə də, əslində siyasi tələblər irəli çıxrmır. Sizcə, buna səbəb nədir?
- Aksiya qiymət artımına etiraz olaraq başlayıb. Amma mitinqlər davam edəcəksə, bu zaman siyasi tələblər də önə çıxacaq. Yadınıza salın ki, 1988-ci ilin sonunda başlayan birinci mitinq dalğasında “Ekoloji”, “Təbiət”, “Lenin”, “Partiya” şüarları səslənirdi, sonra isə “Rədd olsun Sovet İttifaqı”, “Rədd olsun Kommunist Partiyası” şüarları önə çıxdı. Vəssalam. Hər şeyin öz zamanı var. Etiraz mitinqlərinin də özünün dalğaları var. Görəndə məqsədə çatılmadı, bu zaman siyasi rəhbərliyi ittiham edirlər. Mən əminəm ki, İranda yanacaq əvvəlki qiymətə qayıtmayacaq və etirazçılar da müəyyən mərhələyə çatandan sonra siyasi şüarlar səsləndirməyə başlayacaq.
- Siyasi tələblərlə paralel etnik-milli tələblər də önə çıxa bilərmi?
- Milli-etnik tələblər əslində iqtisadi tələblərin pərdəsi, siyasi hakimiyyətin əldə edilməsi üçün istifadə edilən alətdir. Ermənistanda Qarabağ erməniləri hakimiyyətdə idi. Bu, yerli ermənilər üçün qıcıqlandırıcı hal yaradırdı. Bu səbəbdən də yeni qüvvələr millət, vətən, azadlıq, demokratiya şüarları qışqıraraq qıcıqlanmanı atəşləndirdilər. İrandakı azərbaycanlılar da deyirlər ki, məktəbimiz olsun. Heç kim orada Azərbaycan dilində danışmağı, oxumağı, Azərbaycan rəqski etməyi qadağan etmir. Dilin əhəmiyyəti nədir? Azərbaycan dilində dərsliklərin olmasıdır. Amma bu o demək deyil ki, belə olsa çox keyfiyyətli, dünya səviyyəsində məktəblər və təhsil olacaq. Siyasi hakimiyyət naminə insanları səfərbər etmək üçün dini, sinfi, etnik və torpaq məsələlərindən istifadə edilir.
İran xalqı inqilab etdi, qərbləşməyə doğru iri addımlar atan şah rejimi devrildi. Əvəzində nə qurdular? İsam rejimi. Onlar demokratik Qərb modelinə söykənən azad cəmiyyət qura bilərdilərmi? Yox, İran xalqının siyasi mədəniyyəti buna imkan vermir. İndi də islami hakimiyyətə qarşı inqilab etmək istəyirlər. Əvəzində demokratik ölkə quracalar? Yox. İslami rejimi dəyişsələr təxminən Misirdə və ya Liviyadakı kimi rejim quracaqlar. Yəni İranı dağıdacaq və ABŞ-dan asılı vəziyyətdə olan quruluş yaradacaqlar. Amerikadan asılılıq hansısa xalqa xoşbəxtlik gətiribmi? Yox! Xoşbəxtliyi xalq gərək daxildən özü qursun. Əgər bu yoxdursa, nə quracaqsan? Əvəzində ölkə dağılacaq.
- Aksiyada səslənən “Seyid Əli Xameneyiyə ölüm”, “Rədd olsun islam rejimi” kimi çağırışların cəzası edamdır. Bu çağırışı minlərlə etirazçı səsləndirib. Bu insanların hamısı edam olunacaq?
- Düşünmürəm ki, minlərlə insanı edam edəcəklər. Amma cəza aparatı işə düşsə, xeyli sayda insanı həbs edib cəzalandıracaqlar. Bu, İranda birinci hadisə deyil.
- Bu aksiyalar islami rejimi dəyişəcək potensiala malikdirmi?
- Mənim fikrimcə, bundan da geniş aksiyalar islami rejimi dəyişmək gücünə malik deyil. Amma ola bilsin ki, mən yanılıram, gözlənilməz hadisələr baş verə bilər. Hələlik islam rejimi cəmiyyətdə kifayət qədər şəbəkələşib, cəmiyyətin bütün təbəqələrinə sirayət edə bilib və güclüdür.