“Suriyada savaşın başa çatması haqda danışmaq hələ tezdir. Məlumdur ki, bölgədə terrorizmə qarşı hərbi əməliyyatlar hələ də davam edir”.
Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.
Ekspertin fikrincə, YPG terrorçularının Suriya ilə sərhədlərdən uzaqlaşdırılması prosesinin başlamasına baxmayaraq, Türkiyəyə hücumların sayı günbəgün artır:
“Türkiyənin anti-terror əməliyyatlarından sonra bölgədə təhlükəsizlik zolağının qurulması ilə bağlı ABŞ-la razılışma əldə olunmağa cəhdlər edildi. ABŞ da bu yöndə problemin yaranmaması üçün sərhəd bölgələrində yerləşmiş YPG-nin geri çəkiləcəyi ilə bağlı Türkiyəyə vəd verdi. Lakin Ankaranın bu istiqamətdə Vaşinqtonla apardığı danışıqlar nəticə vermədi. ABŞ anlaşmanın şərtlərini yerinə yetirmədi, terrorçuları Türkiyənin istədiyi məsafəyə qədər geri çəkmədi. Terrorçular bölgədəki fəaliyyətlərini bu gün də davam etdirir – ABŞ-ın nəzarətində olan neft quyularını qoruyurlar. Bununla yanaşı, Türkiyəyə qarşı hücumlar təşkil edilir.
Eyni hal Rusiya ilə əldə edilmiş anlaşmadan sonra da təkrarlandı. Prezidentlərin görüşündən sonra Rusiya və Türkiyə hərbi qüvvələri Suriya ilə sərhədlərdə patrul xidmətinə başladı. Amma Rusiya da YPG qüvvələrinin geri çəkiləcəyi ilə bağlı verdiyi vədləri yerinə yetirmədi”.
Ramiyə Məmmədova Türkiyənin bölgədə çətin durumla üzləşdiyini vurğulayıb:
“Çünki Türkiyənin planlaşdırdığı hərbi əməliyyatlar sonadək aparılmadı. PKK/YPG terror təşkilatlarının yenidən silahlandırılması prosesi də bu fonda gedir. Ərdoğan Trampla görüşündə YPG-nin ABŞ-da terror təşkilatı kimi tanınmamasına etiraz etdi. Bu isə o deməkdir ki, bu təşkilata hərbi-texniki dəstək davam etdirilir. Ərdoğan onu da açıq formada bildirdi ki, həmin təşkilatlar Türkiyəni təhdid edəcəklərsə, əməliyyatlar Suriyanın ərzi bütövlüyünü pozmadan davam etdiriləcək.
Hesab edirəm ki, Türkiyə bu məsələdə doğru istiqamətdə irəliləyir. Çünki Türkiyə həmişə terror təhlükəsi ilə üz-üzə qalıb və vəziyyət dəyişməsə bundan sonra da belə olacaq. Əlbəttə, bu təşkilatları tamamilə zərərsizləşdirmək çətindir, amma Türkiyəyə təhlükə yaratmayacaq məsafəyə çəkmək mümkündür. Ankaranın da əsas istəyi budur”.