25 Noyabr 2019 19:13
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Azərbaycan ikitərəfli münasibətləri neçə illərdir stabil inkişaf edir. Bu, xüsusilə ticarət mübadiləsinin həcmində öz əksini tapır. Belə ki, ticarət mübadiləsi son illər ərzində 2,5 milyard dollara bərabərdir. Ötən illərdə bu rəqəm daha böyük olub və 2012-cü ildə pik həddə çatıb. Həmin dövrdə bu rəqəm 4 milyard dollara yaxın idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

O qeyd edib ki, həmin vaxt neftin dünya bazarında qiyməti yüksək idi:

“Ona görə göstəricilər də belə idi. İkitərəfli iqtisadi münasibətlər belə deyək, problemsiz inkişaf etmişdi. Son 2-2,5 il ərzində keyfiyyətcə kifayət qədər, gözəçarpan dəyişikliklər baş verir”.

Bu dəyişikliklərin nədən ibarət olduğuna aydınlıq gətirən İlqar Vəlizadə qeyd edib ki, investisiya hissəsi ikitərəfli münasibətlərdə mühüm yer almağa başladı:

“Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Rusiyanın iri neftayırma zavodu Antipisk neftayırma zavodunun səhmlərinin 80 faizini aldı və əlbəttə, bu, Azərbaycan üçün önəmli vəsait xərclənməsi deməkdir. Ona görə də son illərdə Rusiyanın emal sahələrinə bizim diqqətimiz artıb və bu ikitərəfli iqtisadi münasibətlərdə keyfiyyətcə yeni bir mərhələdir. Hazırda Azərbaycan Rusiya üçün regionda bir nömrəli ticarət tərəfdaşı sayılır. Digər tərəfdən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri də göstərdi ki, Rusiya regionları ilə əlaqələr qurmaq hər iki tərəf üçün çox önəmlidir. Rusiya regionları Azərbaycanla əməkdaşlıq etməyə səy göstərirlər. Bunlar həm Rusiya Federasiyanın qonşu Şimali Qafqaz respublikaları, həm də Volqaboyu vilayətləri və mərkəzi şəhərləridir. İkitərəfli ticarət mübadiləsində bu respublikaların, bu vilayətlərin yeri və rolu artır. Mehriban Əliyevanın Moskvaya səfəri zamanı keçirilən Rusiya-Azərbaycan X regionlararası forumu göstərdi ki, əslində maraq böyükdür. Əsas maraq da Azərbaycan investisiyalarını bu regionlara gətirməkdən ibarətdir. Biz bilirik ki, Rusiya son illərdə sanksiyaların təzyiqi altındadır. Xarici investisiyaların Rusiyaya marağı bir qədər azalıb. Bunun fonunda Azərbaycandan gələn yatırımlar Rusiya üçün çox önəmlidir. Bu investisiyaların siyasi riskləri kifayət qədər azdır, amma əmsalı çox yüksəkdir. Ona görə də Rusiya çalışır ki, bu investisiyalar onun regionlarına cəlb olunsun”.

İlqar Vəlizadə bildirib ki, son illər ərzində məhz investisiyalar sahəsində ikitərəfli əməkdaşlıq öz bəhrəsini verir:

“Eyni zamanda Rusiya Azərbaycanda bir neçə istehsal müəssisələri açıb. İstehsal müəssisələri təkcə Azərbaycan bazarına deyil, eyni zamanda üçüncü ölkələrin bazarına malların çıxarılmasına hesablanıb. Yəni, bu onu göstərir ki, Rusiyanın iqtisadi baxımdan mahiyyətcə ancaq inkişaf etmiş ölkələrlə bu cür əməkdaşlığı mövcuddur. Məsələn, Qazaxıstan, Belarus kimi istehsal sahələri güclü olan ölkələrlə daha çox belə münasibətlər qurulub. Bu onu göstərir ki, əlbəttə, Azərbaycan regionda Rusiya üçün bir nömrəli iqtisadi tərəfdaşa çevrilib və bu mövqe möhkəmlənməkdədir”.

Politoloq bildirib ki, birinci vitse-prezident Mehriban Əliyevanı bu səfər zamanı iqtisadi blokun çox önəmli fiqurları müşayiət edirdi:

“Bu onu göstərir ki, yaxın illərdə məhz iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas sütunlarından birini təşkil edəcək. Düşünürəm ki, bu, əslində yaxşı bir haldır. Çünki həm əmək bazarının inkişafına təkan verəcək, həm də Azərbaycanın ixrac potensialını daha çox genişləndirəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər