Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsinin yaxşı bir ənənəyə çevrildiyini bildirib: "Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, – görüşlərin təməli 2017-ci ildə qoyulub, – bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük.
Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülh sizin əldə etdiyiniz razılaşmalardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimada əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik. Bu gün ən yüksək səviyyəyə çatmış münasibətlərimizin qədim tarixi də bunu təsdiq edir".
Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfərinə toxunan ölkə başçısı bu səfərin münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdiyini qeyd edib: "Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb. Əlbəttə, Hökumətin sədri ilə, Federasiya Şurasının sədri ilə görüşlər də çox konstruktiv, zəngin olub və həmçinin regionlararası yubiley forumunun keçirilməsi və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması – bütün bunlar bizim əlaqələrin möhkəmlənməsi işində çox mühüm addımlardır. Əminəm ki, növbəti il də səmərəli olacaq. Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq.
Əlbəttə, sizin məşğul olduğunuz sahədə də müsbət dinamikanı görürük. Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələn il qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var. Ona görə də bir daha xoş gəlmisiniz. Qarşıdakı görüşdən yaxşı nəticələr arzu edirəm".
Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, həmçinin hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən müdafiə idarələrinin Xəzərdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Valeri Gerasimov habelə Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla danışıqlar aparıb. Görüşlərin gedişində beynəlxalq və regional təhlükəsizlik problemləri, habelə ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri, müdafiə nazirlikləri arasında Xəzərdə əməkdaşlıq müzakirə olunub.