Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı dairə seçki komissiyalarına 2416 nəfər müraciət edib.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, onlardan 2305 nəfərin namizədliyi təsdiq olunub: “2193 nəfər imza vərəqi götürüb. 1255 nəfər imza vərəqələrini, həmçinin, digər zəruri seçki sənədlərini DSK-lara geri qaytarıb. Bu günədək 689 nəfərin namizədliyi qeydə alınıb”.
M.Pənahov bildirib ki, imza vərəqlərini və digər zərur seçki sənədlərini geri qaytaran 1255 nəfərdən 237 nəfəri 17 siyasi partiyanı təmsil edir, 9 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 1009 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
MSK sədri qeyd edib ki, qeydə alınan 689 nəfərdən 355-i 20 siyasi partiyanı təmsil edir: “Bu, bir yerə 6 nəfərdən artıq, 7 nəfərə yaxın namizəd deməkdir. Qeydə alınan namizədlərdən 153 nəfəri 14 siyasi partiyanın siyahısı üzrə irəli sürülüb. 6 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 530 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Ümumilikdə, 689 namizəd arasında 24 siyasi partiyaya mənsub olanlar var”.
MSK sədri onu da bildirib ki, namizədliyin qeydə alınması üçün müddət yanvarın 10-da başa çatacaq:
“Bu gün və sabah saat 18:00-dək sənədlər DSK-lara qaytarıla bilər. Sabah saat 18:00-a 1 dəqiqə qalmış da iddiaçılar dairəyə daxil olsalar, DSK-lar onlara imza vərəzələri və zəruri seçki sənədləri verməlidirlər. İddiaçılara maksimum şərait yaradılmalıdır”.