Avropa Şurasının Azərbaycandakı Ofisinin Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirdiyi informasiya sessiyası davam edir.
Teleqraf.com xəbər verir ki, “Seçkinin mediada işıqlandırılması: Avropa Şurası standartları” mövzusunda Türkiyənin Bilkənd Universitetinin professoru dr. Bülənd Mehmet Çaplı çıxış edib.
Türkiyəli ekspert çıxşına 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı bir filmdən fraqmenti çatdırmaqla başlayıb. O qeyd edib ki, həmin il Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkinin qalibi olmasında əsas rol oynayan vasitələrdən biri “Fox News”televiziyası olub: “Bu telekanalın rəhbəri Donald Trampa zəng edib, ona deyib ki, “Fox News” onu rəzil də edə bilər, vəzir də. Həmin telefon danışığı ilə tərəflər Donald Trampın televiziyada təbliğatının aparılması ilə bağlı anlaşma əldə ediblər. Medianın gücü budur”.
Bülənd Mehmet Çaplı daha sonra seçki prosesi zamanı medianın gender məsələsinə münasibətindən danışıb:
“Vaxtilə Türkiyədə Tansu Çillər namizəd olanda hamı onun nə danışmasından çox, nə geyindiyi, hansı çantanı götürdüyünü, geyimi ilə çatnasının uyğun gəlib-gəlmədiyini müzakirə edirdi. Seçki vaxtı medianın namizədlərə neqativ yanaşması çox sıx qarşılaşdığımız məsələlərdən biridir. Hər bir cəmiyyətdə qütbləşməyə yol verilir. Qütbləşmiş cəmiyyətlərdə medianın da rolu çətinləşir. Artıq gənc nəsil xəbərləri televiziyadan deyil, sosial mediadan alır. Bilirsiniz ki, noyabr ayında İngiltərədə seçkilər oldu. Seçki dövründə siyasi partiyaların namizədlərə münasibəti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, mediada Mühafizəkarlar və Leyboristlər Partiyasının namizədləri ilə bağlı eyni sayda xəbərlər yer alıb. Ancaq həmin xəbərlər içərisində Mühafizəkarlar Partiyasına daha yaxşı münasibət bəsləndiyi, daha pozitiv xəbərlərin əksini tapdığı məlum olub. Yəni, medianın namizədlərlə bağlı nə qədər xəbər yaydıqları ilə yanaşı nə yaydıqları da önəmlidir. Yəni, ədalət anlamında bir sıxıntı vardır. Yenə qayıdıram 2016-ci ldə ABŞ-da keçirilən prezident seçkilərinə. Həmin il ABŞ-da ingiliscə desək “feyk nyus” pik həddə çatmışdı. Hətta, həmin vaxt Roma Papasının adından Trampın namizədliyinin dəstəklədiyinə dair xəbər yayılmışdı. Biz Türkiyədə də bu problemləri yaşadıq. 2020-ci ildə ABŞ-da yalan xəbər dediyimiz xəbərlər inanılmaz dərəcədə yayğınlaşacaq. Bu xəbərlərin önünə keçmədiyimiz təqdirdə insanlar buna inanırlar. Seçim sürəcində insanların bilgiyə ehtiyacı var. Bunun üçün də sosial mediada dolaşan hər xəbərə inanmayın. Hər bir bu cür informasiyaları xəbərə çevirməyin. Avropa Şurasının bununla bağlı standartları var”.
Ekspert tərəfsizliyin olmadığını vurğulayıb:
“Hamımız tərəfik. Ona görə də tərəfsiz insanların olması mümkün deyil. Tərəfliliyin fərqində olun, amma adil, obyektiv, müstəqil olun”.
Bülənd Mehmet Çaplı ən çox yalanın ictimai rəy sorğuları vasitəsilə cəmiyyətə yeridildiyini deyib:
“Ona görə də bu xəbərləri ictimaləşdirərkən diqqətli olmalısınız. Bizdə – Türkiyədə bu məsələdə əsas rolu taksi sürücüləri oynayır. Onlar bir-iki nəfərdən eşitdikləri sözü toplumun mövqeyi kimi təqdim edirlər”.
Ekspert qeyd edib ki, dünyanın bir sıra ölkələrinin mediasında olduğu kimi Azərbaycan mətbuatında da cavab haqqı qorunur:
“Türkiyədə də bu var. Ancaq media cavab haqqı məsələsində ideal bir tövr sərgiləmir. Cavab haqqı medianın sevmədiyi bir haqdır. Mən də qəzetçilik etmişəm, bir sıra xarici media orqanlarında çalışmışam. Mən bilirəm ki, normal şərtlərdə, seçki və fövqəladə vaxtlarda qəzetçilik etmək məşəqqətli bir işdir. Avropa Şurası da deyir ki, dövlət jurnalistləri himayə etməlidir. Çünki qəzetçilər ictimai xidmət göstərirlər. Amma bu huimayə onların müstəqilliyini məhdudlaşdırmamalıdır”.
Daha sonra suallar və cavablar əsasında müzakirələr aparılıb.