Çiçəklənən Ermənistan Partiyasının lideri, deputat Qagik Çarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general Artur Vanetsyan arasında razılaşma əldə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumatda Rusiyanın hakim siyasi elitasının adamı kimi adı hallanan Vanetsyanın yaxın gələcəkdə oliqarx Çarukyanın partiyasına qoşulacağını bildirilib. Bu məlumata görə, Vanetsyan partiyanın sıravi üzvü olmayacaq, partiyanın yaxınlaşan qurultayında məclis üzvü seçiləcək.
Çiçəklənən Ermənistan partiyasının lideri Qagik Çarukyan bu iddianı rədd etsə də, erməni mediası Nikol Paşinyan hökumətinə qarşı mütəşəkkil siyasi hərəkatın yarandığını istisna etməyib.
Həmin məlumata görə, adı son zamanlarda “qiyamçı general” kimi hallandırılan Vanetsyanın “Qarabağ klanı” (Robet Köçəryan və Serj Sərkisyan) ilə də anlaşdığı bildirilib. Vanetsyanın keçmiş hakim elitaya yeni siyasi hərəkat barədə öz təkliflərini verdiyi bildirilsə də, bunun detalları açıqlanmır.
Keçmiş baş nazir, iş adamı Karen Karapetyanın da yeni siyasi hərəkata qoşulacağı, bu barədə onunla Vanetsyan arasında İrəvandakı mehamanxanalardan birində müzakirə aparıldığı bildirilib.
Ötən günlərdə Ermənistanın keçmiş hakim Respublikaçı partiyası sədrinin müavini Armen Aşotyan generalın bu barədə təkliflərini sözügedən partiyanın sədri Serj Sərkisyana çatdırdığını təsdiq etmişdi.