29 Yanvar 2020 17:16
2 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donald Trampın kürəkəni Kuşnerin vasitəsi ilə hazırladığı “Yaxın Şərq sülh planı” daha çox İsrailin maraqlarına uyğun gəlməsi səbəbilə Fələstin rəhbərliyi tərəfindən qəbul edilməsə də, Vaşinqton bəzi ərəb ölkələrindən plana anlayış gözləyir. Yəni Ağ Ev mövcud planı hazırlayarkən, kimin necə reaksiya verəcəyini ehtimal etməli idi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə Vaşinqtonda haqqında danışılan planın detallarını açıqlayarkən zalda Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omanın səfirləri də var idi:

“Halbuki İsrailin bu ölkələrlə diplomatik münasibətləri yoxdur. Üstəgəl Vaşinqtonun səyləri ilə son illərdə Səudiyyə Ərəbistanı ilə İsrail arasında yaxınlaşma baş verir.

Əlbəttə, plan ziddiyyəlidir, ancaq planda Fələstin üçün bəzi şirnikləndirici təkliflər var. Birincisi, yeni plana görə Fələstinin ərazisi indikindən iki dəfə böyük olacaq. İkincisi, Fələstin bu planı qəbul edərsə, ora 50 milyard dollarlıq yatırım qoyulacaq, 1 milyon fələstinli üçün yeni iş yerləri açılacaq.

Üçüncüsü, Şərqi Qüds Fələstin paytaxtı kimi qəbul ediləcək. Dördüncüsü, Qəzza bölgəsi Fələstinin digər hissəsi ilə tunellə birləşdiriləcək. Beşincisi, ABŞ Fələstinin müstəqilliyini qəbul edərək bu ölkədə səfirlik açacaq”.

Elxan Şahinoğlu qeyd edib ki, yeni planı Fələstin üçün alçaldıcı qiymətləndirənlər az deyil:

“Bu necə sülh planıdır ki, İsrail həmin planı alqışlayır, Fələstin rəybərliyi lənətləyir. Əgər bu sülh planı idisə, Ağ Evdə Trampın sağ tərəfində Binyamin Netahyahu dayanırdısa, sol tərəfində Fələstin lideri Mahmud Abbas dayanmalı idi. Mahmud Abbas eyni gündə plan haqqında tənqidi fikirlərini söyləyirdi.

Türkiyə yeni planın əleyhinədir. Rusiya isə bir qədər gözləmə mövqeyindədir. Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl İsraildə idi. Ona görə də Kreml sahibi bəri başdan İsrailin bəyəndiyi planın əleyhinə çıxmağa lazım bilmədi.

Ancaq Rusiya ərəb dünyası, o cümlədən Fələstinlə də münasibətləri korlamaq istəmir. Moskva balanslı yanaşma ortaya qoymağa çalışacaq. Netanyahu Vaşinqtondan sonra Moskvaya yola düşüb. Netahyahu çalışacaq Putini inandırsın ki, Kreml sahibi planı bəyənməsə də, heç olmasa əleyhinə də çıxmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər