Avropa Şurası hər zaman Azərbaycan və Türkiyəyə münasibətdə ikili standartlara üstünlük verib. Bu həqiqətdir. Bu gün Avropanın özündə bəzən elə hallar olur ki, o bizdə olsa, dünyanı dağıdarlar. Fransada baş verən etiraz aksiyaları və ona münasibəti buna nümunə kimi göstərə bilərik. Amma nədənsə bu kimi hallarda Avropa Şurasından adekvat reaksiya görmürük.
Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Səadət Bənəniyarlı Avropa Şurasının Azərbaycana münasibətdə davranışları haqda danışarkən deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, Avropa Şurasına hər bir ölkədən müraciətlər gedir:
“Avropa Şurasının monitorinq qrupu, məruzəçisi və digər qurumları bu müraciətləri nəzarətində saxlayır. Bizim üçün daha həssas məsələ siyasi məhbuslarla bağlı qətnamədir. Mən hesab edirəm ki, bu şişirdilən rəqəmlərdir və reallıqla əlaqəsi yoxdur. Mən bu cür siyahıların əleyhinəyəm və mövqeyimi də açıq deyirəm”.
Hüquq müdafiəçisi əlavə edib ki, əslində xaricdə yaşayan keçmiş vətəndaş cəmiyyəti nümayəndələri Avropa Şurasına daha çox müraciət edirlər:
“Onlar burada baş verən hadisələri öz maraqlarına uyğun formada Avropa Şurasına çatdırırlar. Mən uzun illər Avropa Şurası ilə işləmişəm və görməmişəm ki, erməni müxalifəti orada reallıqdan uzaq olan məsələləri qaldırsın. Avropa Şurasının Azərbaycana, elə Türkiyəyə münasibəti də bir qədər fərqlidir və bu qeyd edilməlidir. Ola bilsin ki, bu, daha çox bizim müsəlman dövlətləri olmağımızla əlaqəlidir. Bunu istisna etməzdim. Ancaq o həqiqətdir ki, Azərbaycana münasibətdə ikili standartlardan çıxış etmə özünü dəfələrlə göstərib. Elə Türkiyəni də daima hədəf kimi görüblər. Baxın, Avropa ölkələrində bəzən elə hadisələr olur ki, belə olaylar bizdə olsa, dünyanı dağıdarlar. Ancaq özlərində bu hallar baş verəndə “müdrikcəsinə” susurlar. Orada bizə sanki xüsusi diqqət var və bu da təsadüfi deyil”.