13 Fevral 2020 19:30
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 11-də parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilməsinə cəhd göstərilmiş etiraz aksiyası ilə bağlı Demokrat.az-a bəzi təfərrüatlar məlum olub.

Seçkilərdə iştirak edən siyasi partiyalardan birinin namizədinin verdiyi məlumata görə, etiraz aksiyasının keçirilməsi təşəbbüsü bilavasitə ATƏT-in seçkiləri müşahidə missiyasından gəlib.

Belə ki, fevralın 10-da “Holidey İNN” otelində ATƏT, ATƏT PA və AŞPA-nın birgə mətbuat konfransında seçkilərlə bağlı bu qurumların hesabatı açıqlanıb.

Mətbuat konfransından sonra bəzi müxalifyönlü və müstəqil namizədlər müşahidə missiyası ilə əlaqə saxlayıb seçkilərdən narazılıqlarını bildiriblər. Onlara təkcə bu müraciətlə kifayətlənməmək, həm də fəal hərəkətə keçmək və etiraz aksiyası təşkil etmək tövsiyə olunub. Məhz bundan sonra fevralın 11-i axşam saatlarında Müsavat partiyası, REAL hərəkatının namizədləri və bir neçə müstəqil namizəd etiraz aksiyası keçirtməyə çalışıblar. Həmin vaxt çoxsaylı jurnalistlərin aksiyanı işıqlandırması da diqqətdən kənarda qalmayıb.

Əldə etdiyimiz digər məlumata görə, ATƏT-in müşahidə missiyasının nümayəndələri həm də namizədlərlə əlaqə saxlayaraq, onların hesabata münasibətini öyrənməyə çalşıb.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, namizədlərin bir çoxu hesabatı qeyri-obyektiv və qərəzli hesab ediblər və bununla bağlı ATƏT nümayəndələrinə öz fikirlərini açıq bildiriblər.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir, əlavə məlumatlar olan zaman oxuculara çatdırılacaq…


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər