Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 2020-ci ilin fevralın 9-da ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində növbəti dəfə qalib gəlməsi münasibətilə bu gün Fəxri Xiyabanda partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə əklil qoyub.
Teleqraf.com xəbər verir ki, ziyarət etdikdən sonra SƏS TV-yə açıqlama verən Siyavuş Novruzov bunları deyib:
“Ümumiyyətlə nəinki mən, bütün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə minnətdardır. Təbii ki, bizlər də Fəxri Xiyabana gələrək Ulu Öndərə öz minnətdarlığımızı bildiririk. Mən növbəti dəfə Naxçıvan Muxtar Respublikasından Milli Məclisə deputat seçilmişəm. Ziyarət etməkdə əsas məqsədim Ümummilli Liderdən xeyir-dua almaq və daha sonra öz fəaliyyətimlə məşğul olmaqdır. Mənim həyatımda, fəaliyyətimdə ömrü boyu Heydər Əliyev həmişə böyük rol oynayıb. Təbii ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasəti və cənab Prezident İlham Əliyevin siyasəti davam edəcək. Seçicilər bizlərə Heydər Əliyev yoluna, siyasətinə görə səs veriblər. Mən Ümummilli Liderin hesabına səs qazanmışam. Ona görə də Heydər Əliyevin məzarını ziyarət etməmək mənim üçün qəbulolunmazdır. Mən hər bir xeyir işimdə Fəxri Xiyabana gələrək Ulu Öndərin xeyir-duasını alıram".