14 Fevral 2020 22:31
4 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor Əli Abbasovla müsahibəni təqdim edir:

- Əli müəllim, Suriyada hökm sürən gərgin vəziyyət Türkiyə və Rusiyanı üz-üzə qoyub. Yaranan mürəkkəb durumu necə xarakterizə edirsiniz?

- Əslində burada təkcə Suriya və ya İdlib məsələsi deyil. Eləcə də Liviyada türk-rus maraqları toqquşur. Məsələyə daha geniş aspektdən baxlımalıdır. Hazırda vəziyyət çox gərgindir və bu iki ölkə arasında danışıqları qaçılmaz edir. Əslində bu iki dövlət arasında münasibətlər mərhələli formada gedir. Bir neçə il əvvəl türklər rus qırıcısını vurduqdan sonra vəziyyət gərginləşdi, hətta münasibətlər pozuldu. Sonra yenidən düzəldi. Münasibətlərdə praktik olaraq belə hallar müşahidə edilib. İndi də bunun şahidi oluruq.

- Demək istəyirsiz ki, Ankara və Moskva yenidən anlaşa biləcəklər...

- İdlibdə baş verənlərlə bağlı NATO və ABŞ mövqeyini elan edib. Ola bilsin ki, Türkiyə onlardan da kömək istəyib. Çünki Suriyada insanlar Türkiyəyə doğru qaçır, bu ölkəyə sığınmaq istəyirlər. Onlarında sayı 100 minlərlə ola bilər. Qərb də söz verib ki, bu məsələdə Ankaraya kömək edəcək, amma indiyə qədər etməyib. Bu mənada vəziyyət yaxşı deyil. Türkiyə və Rusiya arasında danışıqlar olmalıdır. Fakt odur ki, vəziyyət gərgindir. Bu vəziyyəti NATO da yaxından izləyir. Zamanında türk-rus yaxınlaşmasını Qərb tənqid edirdi, açıq bildirirdi, türklər ruslarla belə yaxınlıq etməməlidir. İndi də kənardan baxıb həzz alırlar. Rusların bu şəkildə nə qədər dayana biləciyini demək çətindir, amma hələlik gücləri çatır.

- Hazırda Rusiya ABŞ və Qərbin beynəlxalq sanksiyaları altındadır. Türkiyə isə bu ölkə ilə geniş ticarət əlaqələrinə malikdir. Ruslar Suriyadakı maraqları səbəbindən Ankaradan üz döndərə bilərmi?

- Söhbət ondan gedir ki, Rusiya olduğu yerdə digər qüvvələri əzişdirir. Biz diqqətlə baxanda görürük ki, Amerika ilə də maraqlı oyunları gedir. Məsələn, Afrika dövlətlərinin borclarını silib. Liviya və başqa nöqtələrdə çalışır ki, ABŞ-ı sıxışdırsın. Sözüm odur ki, Rusiya tək Suriyada deyil, digər regionlardan da belə davranır. Bu mənada məsələyə kompleks yanaşmaq lazımdır. Bir sözlə, əsl müharibə gedir.

- Hazırda Türkiyədə İdlib istiqamətində Əsəd ordusuna müəyyən zərəbələr endirir...

- Bəli, bunlar aydındır. Vəziyyət o qədər də ürəkaçan deyil. Əslində elə döyüş bu iki tərəf arasında gedir. Rusların bu işlərdə əli var. Əsəd ruslarız nə edə bilər? Hər kəsə bəllidir ki, Bəşər Əsədin arxasında ruslar durub. Bu iki ölkə arasında yaxınlarda görüş olacaq. Bu görüşdən sonra hər şey bəlli olacaq.

- Rusların məqsədi nədir?

- Əgər, Suriyada vəziyyət dəyişsə və müharibə başa çatsa, bu zaman Rusiyanın imkanı olacaq ki, oradakı hərbi bazalarını gücləndirsin. Ümumiyyətlə, Suriyada söz sahibi olacaq. Suriya elə-belə dövlət və ölkə deyil. Burada neft boruları, planlaşdırılan qaz xətlərinin çəkilişi var. Rusiya çalışacaq ki, ABŞ-ı belə Suriyadan çıxarsın. Bütün bunlar Rusiya maraqları baxımından normal siyasətdir.

Əslində Rusiya və Türkiyə Soçidə anlaşma əldə etmişdi, hətta İdlib istiqamətində birgə post-potrul nəzarəti həyata keçirməyə də razılaşmışdı. Bildiyim qədər bunu həyata keçirirdilər də. Amma hazırda türklər bu işi dayandırıb. Rusiya geri çəkilmək üçün əvəzində nəsə almalıdır. Əslində açıq alverdir.

Zamanında həm ABŞ, həm də NATO türklərə açıq mesaj verirdilər ki, ruslara çox da bel bağlamayın. Çünki ruslar sonda öz maraqlarını əsas götürəcəklər. Bu da baş verir.

Hazırda ABŞ-ın başı seçkilərə qarışıb. Ruslar da bu imkandan istifadə edib İdlib daxil olmaqla Yaxın Şərqdə, Afrikada istəklərini həyata keçirmək, bu regionu özünə daha da yaxınlaşdırmaq istəyir.

Əslində nə ruslar yaxşıdır, nə də amerikanlar. Hər kəsin öz marağı var. Türkiyənin də öz maraqları var və bu maraqları qorumalıdır.

- Bunaq qədər Türkiyə və Rusiya Suriyada sinxron fəaliyyət göstərirdi. Bundan sonra necə olacaq?

- Bunların hamısı yalan söhbətdir. Heç bir sinxronluq yox idi. Sadəcə olaraq “sən buradasan, mən burada” şəklində bölüşmə var idi. Reallıq budur: marağım bunu tələb edir və bunu da edirəm.

- Rusiya nədən Soçi anlaşmasını pozdu?

- Türkiyə də elan edir ki, ruslar Soçi anlaşmasını pozurlar. Mənə görə, ruslar ona görə pozularlar ki, bu, onların xeyrinədir. İndi ruslara və Əsədə lazımdır ki, Suriyada daha çox nəzarətsiz əraziləri ələ keçirib nəzarəti bərpa etsinlər. Niyyət budur.

- Gözlənilən Putin-Ərdoğan görüşü yaranan gərgin durumu aradan qaldıra bilərmi?

- Bilirsinizmi, hesab edirəm ki, bu ciddi görüş olacaq. Tərəflərin heç biri öz marağından geri çəkilmir. Zənnimcə, görüşdə məxfi müzakirələr aparılacaq. Hər halda kompromislərin tapılacağına ümid edirəm. Başqa yol yoxdur. Çünki əks təqdirdə üz-üzə dursalar, hər ikisi Suriyada zəifləyə, əvəzində ABŞ və müttəfiqləri güclənə bilər.


Müəllif: Cavad