18 Fevral 2020 09:14
2 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com fəlsəfə elmləri doktoru Niyazi Mehdi ilə müsahibəni təqdim edir.

- Niyazi bəy, Münhendə baş tutan debatdan sonra bildirmisiz ki, Paşinyan təhlükəsizlik qurşağı adı altında Laçın, Ağdam, Füzuli və başqa yerlərdə Ermənistan (guya Qarabağ) ordusunun istilasını təmizə çıxarmağa çalışıb. Qeyd edirsiniz ki, bununla erməni tərəfi bizə əsas verir ki, sabah fürsət düşən kimi Xankəndinin çevrəsində öz təhlükəsizlik qurşağımızı düzək. Bu ,mümkündürmü?

- Laçın tərəfdən ermənilər Dağlıq Qarabağa silah daşıyırlar. Günün birində rusların gücü zəifləsə və ya ermənilərə dəstəyi azalsa, Azərbaycanın tam mənəvi haqqı olar ki, Ermənistan torpağında təhlükəsizlik qurşağı yaratsın. Yəni, bu halda Azərbaycanın tam haqqı çatır ki, Laçın istiqamətində Ermənistanın torpaqlarını tutub özü üçün təhlükəsizlik zonası yaratsın. Onda Ermənistanın dili gödək olmazmı?! Ağıllı siyasət gələcəkdə özünə ziyan olacaq arqumentlərə əsas verməməkdir. Məsələn, Rusiya Krımla bağlı etdiklərinin cəzasını sonra çəkə bilər. 5-10 il sonra Qafqazda separatçı hərəkat başlasa, hansı üzlə buna nəsə deyəcəklər?! Büna görə də mən Ermənistanın təhlükəsizlik zonası adı altında Azərbaycan torpaqlarını tutmasını axmaq həyasızlıq sayıram, haçansa, onun bədəlini alacaqlar. Bizi hələ ki Bişkek protokolu saxlayır. Sabah Rusiyanın başı qarışsa, ordumuz Ağdam, Füzuli torpaqlarını geri qaytarmaq üçün hərəkətə keçsə, təhlükəsizlik zonası ideyası boş bir şeyə çevriləcək. Ermənilər uzaqgörən olsaydılar, Dağlıq Qarabağ avtonomiyasının yüksək qarantiyalı olması, Azərbaycan büdcəsindən daha çox pul qoparmaq haqqında danışıqlar aparardılar.

Yaxşı olardı bu dediklərimi Dağlıq Qarabağla məşğul olan mütəxəssislər, Prezidentin müşavirləri, Xarici İşlər Nazirliyi dərinləşdirib, Prezidendə uyğun arayışı hazırlasınlar.

- Qeyd edirsiniz ki, ermənilərin bir dövləti var və onların ikinci dövlət qurmasının mümkün omadığına dair arqument zəifdir. Siz, bunun əvəzində hansı arqument və ya mövqe təklif edirsiniz?

- Qarabağda ermənilərin öz dövlətlərini yaratmaq məsələsində “ikinci dövlət olmaz” arqumenti ona görə zəifdir ki, özümüzün sevdiyimiz “bir millət, iki dövlət” formulası var. Düzdür, bizdə bu ritorikdir, ancaq almanların Avstriya dövləti, ingilislərin Avstraliyası var. Amerikadan FB-də yardım saldılar ki, ərəblərin 29 dövləti var. Sabah Qarabağ erməniləri də deyə bilərlər ki, biz, Ermənistan ermənilərindən almanlarla avstriyalılar kimi fərqlənirik.

Daha güclü arqument, məncə, bizim QHT-nin Tiflisdə düzənlədiyi debatda azərbaycanlı hüquqşünas qızın (Günel xanımın) erməni opponentinə dediyi sözlər oldu. O bildirdi ki, öz müqəddaratını həll etmək hüququ avtonom qurumla da gerçəkləşə bilər. Sonra Cenevrədə bu arqumenti mən, əsasən ermənilərdən toplanmış dəyirmi masada səsləndirdim. Sonra isə kluar söhbətində keçmişdə Ter-Petrosyanın müşaviri olmuş professor Liparityan Qarabağdan olan separatçı ideoloqa “siz niyə hesab edirsiniz ki, millətlərin öz müqəddəratını həlletmə hüququ avtonom dövlət sistemi ilə həll oluna bilməz?!” sualını verdi.

- Azərbaycan və Ermənistan alimləri, ziyalıları və mütəxəssisləri arasında da debatların təşkil edilməsinə, dialoqlar qurulmasına necə baxırsınız?

- Hesab edirəm ki, olmalıdır. Yəni, bu istiqamətdə nə qədər ağıllı söhbətlər, müzakirələr olsa, elə səviyyəyə gəlib çıxa bilərik ki, vulqar münasibətlərin əvəzində svilizasiyalı, uyqar diskussiyalar yaranar. Yeri gəlmişkən, Avropada da buna oxşar proseslər müşahidə edilib. Məsələn, Avropada da italyanlarla fransızlar arasında konfliktlər olub. İsveçrə almanları Almaniyadakı almanları sevmirlər. Amma eyni zamanda mədəni dialoqlar gedəndə neqativlərin yükü azalır, mədəniyyətin yüksək səviyyəsində normal müzakirələr gedir.

Məsələn, bizim Azərbaycan qrupu olaraq İsveç Universitetində erməni qrupla debatımız olub. Orada bizim, şəxsən mənim ermənilərə cavabıma dair materiallar indi də mövcuddur.

- Siz müharibə variantına necə yanaşırsınız?

- Müharibə variantı təkcə Azərbaycan ordusunun güclü olması ilə bağlı məsələ deyil. Biz bilirik ki, ordumuz gerçəkdən güclüdür. Rusiya ermənilərə dəstək verəcəyi halda problemlər ortaya çıxar. Biz necə edə bilərik ki, ruslar ermənilərə dəstəyini azaltsın, işğalçılar qorxuya düşsünlər? Məncə, 90-cı illərdə bizim belə fürsətimiz vardı, ancaq təəssüflər olsun ki, bu şansı gücsüzlüyümüzə görə əldən buraxdıq. Onun üçün də sabah Azərbaycan ora hücum etsə, ermənilər bütün dünyada haray-həşir salacaqlar ki, etnik təmizlənmə gedir. Bunun üstündə gördünüz serblər necə cəzalandırıldı?! Yəni, məsələ asan deyil. Sözsüz, ritorik olaraq erməniləri müharibə ilə hədələmək olar, amma reallıqda bu çətin məsələdir.

Müharibə məsələsini istisna etmək olmaz, ancaq onun reallaşdırılması yalnız ordumuzun gücündən asılı deyil. Məncə, bu, mürəkkəb şahmat oyunu kimi olmalıdır. Yəni təmiz müharibə kimi yox, ordunun vasitəsilə müəyyən uğurlu mövqe əldə edib sonra danışıb razılığa gəlmək şəklində olmalıdır. Biz hibrid savaş texnikasını mənimsəməliyik.


Müəllif: Cavad

Oxşar xəbərlər