Türkiyə ilə Rusiya arasında münasibətlərin müsbət mənada və yüksək xətt üzrə inkişaf etməsi arzuediləndir. Bu iki böyük və güclü dövlətin regionda yaxşı münasibətlər sistemində olması fikrimcə, bizim Qarabağ məsələsinin ədalətli həll edilməsinə kömək edən amildir. Çar Rusiyası dövründə də, SSRİ zamanında da və indi də Ermənistan Rusiyanın bir quberniyası hesab olunur. Ermənistan tarix boyu Rusiya tərəfindən müdafiə və idarə olunub. Yəni Rusiyanın sözü Ermənistanda keçərlidir. Bu mənada Ankara-Moskva münasibətlərinin yaxınlaşması Qarabağ münaqişəsinin həllinə əlavə stimuldur.
Bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-a regionda baş verəm proseslər haqqında danışarkən deyib.
Deputat qeyd edib ki, Rusiya və Türkiyə arasında gərginliyin aradan qaldırılması, əməkdaşlığın və dostluğun davam etdirilməsi Azərbaycanın və regionun xeyrinədir: “Hesab edirəm ki, Prezident Ərdoğan düzgün addım ataraq Rusiyaya səfəri ilə bölgədə müşahidə edilən gərginliyin azaldılması üçün addım atdı. Ümid edirəm ki, danışıqlar uğurlu olacaq. Türkiyə az qala 10 ildir ki, 4 milyona yaxın suriyalı qaçqını öz ölkəsində saxlayır və bu müddət ərzində qaçqınlara 40 milyard vəsait xərcləyib. Bu ağır yükdür. Əgər Rusiya-Türkiyə arasında münasibətlər formalaşsa və Suriya ərazilərində təhlükəsizlik zonası yaradılsa qaçqın problemi həll ediləcək”.
Elman Məmmədovun fikrincə, rus-türk münasibətlərinin pozulmasında yalnız ermənilər maraqlıdır: “Türkiyəyə qarşı vuruşan terrorçuların içərisində ermənilərin olduğunu istisna etmirəm. Əgər araşdırma aparılsa məlum olar ki, PKK və başqa terror təşkilatlarının sırasında Türkiyəyə qarşı vuruşan erməni terrorçularının sayı az deyil. Bu terror təşkilatları üçün hazırlıq görmək istəyənləri Ermənistanda və bizim işğal olunan ərazilərdə təlimlər keçirirlər, bazaları var”.
Müsahibimiz əlavə edib ki, Suriya Türkiyə münasibətlərinin gərginləşməsinin alt qatlarında da erməni barmağının olması istisna deyil: “Suriyada çoxsaylı ermənilər yaşayır, onların Suriya siyasətində və iqtisadiyyatında kidayət qədər gücü var. Bu iki ölkə arasında münasibətlərin pozulmasında erməni dairələrinin barmağı olmamış deyil. Bu mənada türk-rus münasibətlərinin pisləşməsi, düşməni vəziyyətdə olması yalnız erməniləri sevindirə bilər.
Son 100 ilə götürsək Rusiya siyasi həyatında, mətbuatında, ekspert çevrəsində və digər qurumlarında kifayət qədər etmənilər fəaliyyət göstərir. Vaxtı ilə Mikoyan vardı, ardınca Abel Ağanbekyan, Şahnazaryan gəldi, bu gündə Lavrov var. Hələ yeni baş nazir haqqında fikirlər səslənir və onun hansı mövqedən çıxış edəcəyi bəlli deyil. Yəni Rusiya siyasətində ermənilərin mövqeyini müdafiə edənlər də çoxdur. Bu qrup əslində suyu bulandıran, vəziyyəti gərginləşməsində maraqlı olan dairələrdir. Hesab edirəm ki, Rusiya dövlət başçısı Vladimir Putin üçün daha önəmlisi Rusiyanın mənafeyidir.
Türkiyə ilə əməkdaşlıq tək bizim bölgəmiz və Türkiyə üçün xeyirli deyil. Türkiyədən də çox Rusiya üçün vacibdir. Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi, NATO-nun hər tərəfdən Rusiyanı əhatəyə aldığı zamanda rus-türk münasibətlərinin korlanması Rusiyanın maraqlarına işləməz. Odur ki, bu məsələ haqda Rusiyada da ciddi düşünürlər”.