3 Aprel 2020 17:40
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayında Çində ortaya çıxan və dünyaya yayılan Covid-19 epidemiyası hazırda dünya gündəmini zəbt edib. Dekabrdan epidemiya ilə mübarizə edən Çin artıq xaricdən gələnlərdə virus aşkar etdiyini, ölkə daxilində isə yoluxma faktları qeydə alınmadığını bildirir. Hətta Çin martın 20-dən sonra koronavirusla mübarizədə qələbə qazandığını elan edib. Hazırda virusun ən geniş yayıldığı dreal Avropa və ABŞ-dır. Epidemiyanın dünyanı təsiri altına alması və beynəlxalq qurumların, mövcud sistemin bu mərhələdə bacarıqsızlığı epidemiya sonrası yeni beynəlxalq sistemin şəkillənəcəyi haqda mülahizlərə yol açır.

Teleqraf.com-un xəbərinə görə beynəlxalq ekspertlər epidemiyanın qlobal iqtisadiyyata, ABŞ-Çin arasında güc rəqabətinə təsir etdiyi qədər Çin daxili siyasətinə və Çinin özünün iqtisadi dayanıqlıq hədəflərinə təsirinin qaçılmaz olduğunu bildirirlər.

Bu mənada koronavirus pandemiyasından sonra Çinin xarici və daxili siyasəti, iqtisadi fəaliyyətində gözlənilən dəyişikliklərə dair çərçivə çızmaq olar. Bu dairədə Çinin gələcək supergüc olma imkanlarını da qiymətləndirmək mümkündür.

1980-cı illərdən etibarən Deng Xiaoping dönəmindən “xaricə açılım” mərhələsinə daxil olan Çinin xarici siyasət arayışındakı istiqamət və dəyişiklikləri bilmək üçün bəzi məqamlar diqqətə alınmalıdır. 15 illik müzakirə mərhələsinin ardından 2001-ci ildən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqla Çin iqtisadi sferada xaricə açılım siyasətini gücləndirdi. 2008-ci ildə Pekin Olimpiadası isə Çinə “Bir dünya, bir xəyal” layihəsini-oyanışını dünyaya elan etməsinə vəsilə oldu. Həmçinin 2008-ci il dünya iqtisadi böhranından qazancla çıxan Çin iqtisadiyyatı böyümə rəqəmlərini davam etdirməklə yeni bazarlara çıxış əldə etdi və Qərb dünyası ilə qarşılıqlı-asılılıq mərhələsinə daxil oldu.

Xüsusilə, Si Çinpin dönəmində Çin beynəlxalq sistemdə “revizionist güc” kimi qəbul olunmağa başladı. Çin ənənəvi olaraq “dinc yüksəliş”, “Bəşəriyyətin ümumi taleyi”, “Qarşılıqlı qazanc”, “Başqa ölkələrin daxili işlərinə qarışmamaq” kimi şüarlarla passiv və bir addım geridə dayanan, izləyən və anında reaksiya verməyən bir xarici siyasət anlayışına sahib olduğunu nümayiş etdirdi. İndi də Çin xarici siyasətindəki bu anlayışlar Çinpinin çıxışlarında özünü biruzə verir.

Rusiya-Çin əlaqələri və maraqlar

Çinin Rusiya ilə inkişaf etdirməyə çalışdığı əməkdaşlıq əslində ABŞ-ın əleyhinə Yaxın Şərq, Aralıq dənizi və Avropadakı fəaliyyətləri, Qərb mərkəzli sistem strukturlarına alternativ olaraq ortaya çıxır və bu, hərbi-texnoloji sahəni də əhatə edir. Sözsüz ki, Çin-Rusiya rəqabəti də var, amma indiki şəraitdə bu rəqabətdə Rusiya Çinlə bacara bilmir və bir sıra qlobal məsələlərdə Çin siyasətinə hansısa formada dəstək verməli olur.

2002-ci ildə SARS virusu səbəbindən təsirlənən, bu müddətdə ÜTT-yə üzv olan və 2008-ci il olimpiadasından Çin özünü dünyaya tanıtmaq üçün istifadə etmişdi. Rusiya haqqında bunu demək bir qədər mübahisəlidir. Bu gün Covid-19 dünyaya yayılmış durumdadır və bu proses hələ davam edəcək. Çinin indiki durumu həm iqtisadi böyümə, həm də xarici siyasət arayışları baxımından 2002-ci ildən fərqlidir.

Çin-ABŞ “savaşları”, Covid-19-dan sonra nələr olacaq?

ÇİN-ABŞ münasibətləri enişli-yoxuşlu şəkildə davam edir. İndiki rəqabət mühitinə sözsüz ki, Covid-19-un ciddi təsirləri olacaq. Hazırkı mərhələdə koronavirus ABŞ-Çin münasibətlərində problemləri və rəqabəti arxa plana keçirib. Virusla bağlı dərman və vaksinlərin hazırlanması məsələsində Pekin və Vaşinqtonun bir-birinə qarşı söz savaşları prosesin davam edəcəyini göstərir.

ABŞ lideri Tramp “Çin virusu” ifadəsindən istifadə etməklə əslində Çini günahlandırır. Çin də ABŞ-ı infeksiyanı ciddiyə almamaqda və Avropaya yetəri dəstək verməməkdə ittiham edir. Hətta virusun Çinə ABŞ ordusu tərəfindən gətirildiyi kimi iddialar da ortaya qoyulub. G20 toplantısından sonra iki ölkə arasında söz savaşı səngiyib, əvəzində əməkdaşlıq mesajları ortaya çıxıb. Amma bu keçici durumdur. ABŞ-ın prezident seçksii mərhələsində olduğunu nəzərə alsaq Çinə qarşı sərt açıqlamaların olacağı çıxdaş edilməməlidir. Bu isə qlobal iqtisadiyyatın şok yaşadığı bir prosesə növbəti sarsıdıcı zərbə ola bilər...

Supergüclərin rəqabəti - Sakit okeandan Avropaya doğru

Önümüzdəki mərhələdə ABŞ-Çin rəqabətinin Avropa üzərindən davam edəcəyi gözlənilir. Çin Almaniya başda olmaqla uzun müddətdir ki, Avropa ölkələri ilə əməkdaşlıq yolunu axtarır. Covid-19-la mübarizədə əməkdaşlıq Çinin Avropya yönəlik cəhdlərini sürətləndirib. Virusa qarşı zəfər elan etməsinin ardınca təcrübəli səhiyyə qrupları və tibbi avadanlıqları ilə Avropanın dəstəyinə gedən Çin həm də "Qoca qitə"yə yardım edən ilk dövlət sayılır. İtaliya və Serbiya kimi ölkələr də Avropa Birliyini tənqid edərək, Çinlə əməkdaşlığa maraq göstərirlər. İspaniyanın gələcək mövqeyi bəlli deyil. Avropa qlobalizmin tərəfdarı, ABŞ əleyhdarı kimi çıxış edir. Çin isə açılım siyasəti izləyir və ixracatıı qlobalizm sayəsində şəkilləndirir.

Çin həmçinin Yaxın Şərqdə İran və İraqa yardımlarını davam etdirir. Sözsüz ki, bu ölkələr həm də Çinin İpək Yolu ideyasının tərkib hissədir. Aralıq dənizini də nəzərə alanda məlum olur ki, Çinin xarici siyasət arayışlarına “səhiyyə diplomatiyası” da əlavə olunub.

Çin-ABŞ qarşıdurmasının bir tərəfi də Sakit okeanda müşahidə edilir. Çin neçə müddətdir ki, regionda ABŞ və müttəfiqlərinə qarşı fəallığını artırıb. ABŞ ordusunda virusun tapılması ilə paralel olaraq, Pekin Cənubi Çin dənizində hərəkətliliyini sürətləndirib. Bütün bunları nəzərə alaraq, Çinin önümüzdəki mərhələdə xarici siyasətinin təməli olaraq iki ana xətt ortaya çıxa bilər.

Birinci: Qlobal problemlərin həlli axtarışı. Epidemiyanın qarşısını almaq məsələsində dünyanı məlumatlandırmaqda nöqsan və səhlənkarlığı ilə tənqid edilən Çin yeni əməkdaşlıq və yardım fəaliyyəti axtararaq “Dünyaya kömək edən Çin” imicini artırmaqda davam edə bilər.

İkinci: Sistemini dünyaya izah etmək baxımından Qərb təsissatlarının çatışmazlıqlarını və disfunksiyasını vurğulayan Çin ABŞ-la qlobal rəqabətdə öz müzakirə arqumentlərini gücləndirə bilər.
Beləliklədə, Çin böyük güc rəqabətində lider tərəfə çevrildiyini sübut etməklə siyasi nüfuzunu dərinləşdirməkdə davam edə bilər.

İqtisadiyyat

Covid-19 həm qlobal, həm də Çin iqtisdiyyatı üçün dönüş nöqtəsi olacaq. Uzun illərdir böyümə istiqamətində gedən Çin iqtisadiyyatı ötən ildən daralma yaşayır. ABŞ və Çin arasında iqtisadi rəqabət və ticarət müharibəsi buna qədər gündəmdə idi. Yanvar ayında razılıq əldə olunsa da, bu proses Çini hazırlıqsız yaxalamışdı. Nəticədə Çinin xarici ticarət həcmi ilə paralel olaraq iqtisdiyyatında böyümə sürəti azaldı.

Çinin virusa qarşı qələbəsini elan etməsindən sonra iqtisadi təməlli ikinci mübarizə başlanacaq. Bu durum yalnız Çinlə bağlı deyil. Çin tam gücü ilə istehsalını bərpa edə bilsə, bu, onun durumunu addım-addım yaxşılaşdıracaq. Əks halda, Çin 40 ildir qarşılaşmadığı iqtisadi təhdidlə üz-üzə qalacaq. Virusla mübarizə dövründə Çində 8 milyon insan işini itirib, milyonlarla müəssisə qapanıb. İqtisadi kiçilmə səbəbindən önə çıxan digər problem Çinin öz xalqının tələblərini qarşılayıb-qarşılaya bilməyəcəyi məsələsidir.

Çin lideri Çinpinin 2020-ci ilə qədər iqtisadiyyatla bağlı iki hədəf açıqlamışdı: 2020-ci ildə Çin çərçivəsində yoxsulluq həddini tamamilə bitirmək və Çin iqtisadiyyatını 2020-ci ilə qədər iki qatına artırmaq. İndi bu iki hədəf təhlkə altındadır. Epidemiyanın Çində nəzarət altına alınması ilə paralel olaraq həyat normal axarına düşür. Amma iqtisdiyyatda “ani silkələnmə”nin ardınca yenidən başlanğıc vəziyyətə qədər sürətli və yetərli çatıb-çatmamaq müəmmadır. Təbii ki, bu qeyri-dəqiqlik Çin iqtisadiyyatı ilə birlikdə dünya iqtisadiyyatının gələcəyinə təsir edəcək. Burada G20 liderlərinin qərarları əhəmiyyət daşıyır. Qlobal iqtisadiyyatın qarşılıqlı bağlılığı səbəbindən koronavirusun inkişafı kimi iqtisadi problemlər də domino effekti şəklində dünyada yayıla bilər. G20-nin 50 trilyon dollarlıq xilas olma paketinin gələcəyi ilə birlikdə ABŞ-Çin arasında iqtisadiyatda təməl anlaşılmazlıqlarında bir müddət yumuşaqlıq müşahidə edilə bilər.

Çini bu inkişaf mərhələsinə çıxaran liderinin taleyi necə olacaq?

Çini uzun illərdir ki, idarə edən Çinpinin baxışından Covid-19 həm fürsət, həm də təhlükə vəd edir. ABŞ və Avropada təlaş və sistemsizlik, Çində isə nəzarətin mövcudluğu görüntüsü var. Çinpin koronavirusa qarşı əvvəlcədən müharibə elan edib və gördüyü tədbirlər sayəsində virusa qarşı qələbə əldə olunub. Amma Çinin bu mərhələdə şəffaf davranmadığı, virusla bağlı bəzi məsələləri uzun müddət gizlədiyi də nəzərə alınmalıdır. Çin virusa nəzarəti əldə edə bilsə də, bu gün dünyanın virusa qarşı vuruşmasının günahkarı Çindir. Çində dekabrdan yeni virusla bağlı xəbərdarlıq edən jurnalist, vəkil və həkimlərin həbs olunduğuna dair xəbərlər yeni deyil. Hətta virus haqqında ilk xəbərdarlıq səsləndirən həkimə qarşı araşdırmaya başlanılıb və həkim koronavirus səbəbindən vəfat edib. Və Çin hökuməti onun ailəsindən rəsmən üzr istəmək məcburiyyətində qalıb.

Risklər

Başqa sözlə, epidemiya ilə mübarizədə insan haqlarını pozan qərarların alınması, bəzi uğursuz tədbirlər və xalqın rifahının aşağı düşməsi Çində bir sosial rahatsızlıq ortaya çıxara bilər. Çinin daxili siyasətinə təsir baxımından Honkonq və Tayvan faktorunu da bura aid etmək olar.

Çində dövlət və toplum arasında adı bilinməyən “sosial birlik sazişi” uzun illərdir ki davam edir. Çin daxili siyasətində ən böyü narahatlıq bu sosial sazişin zərər görməsidir. Hələlik Çin çapında yaşanmasa da, 3 ay təcrid vəiyyətində olmuş Uhan şəhərində etirazlar sosial şəbəkələrdə paylaşılır.

Çin yəqin ki, narahatlıqlarla bağlı daxildə və xaricdə bəlli siyasət izləyəcək. Amma 30 il əvvəl Tiananmen meydanında və son bir il boyunca Honkonqda baş verənlər Çinə yeni və ciddi daxili problemlər yaşada bilər. Odur ki, bu mərhələ Çin siyasəti və Si Çinpinin gələcəyi baxımından bir imtahan sayılır.

Çin siyasətinin idarəedilmə gücü, sağlam alt yapı keyfiyyətləri ilə birlikə bu sistemin gələcəyi və qərblə qarşılaşma dövrü bundan sonra da gündəm olacaq. Bu böhran digər mənada Mao və varisi Denq kimi əfsanəvi dövlət başçıları sırasında yer alan Si Çinpinin qlobal güclərlə qarşı-qarşıya qaldığı meydandır. Bu meydanda qalib olmaq üçün Çinpin Çin sisteminin uğurlarını koronavirusdan sonrakı dönəmdə də dünyaya sübut etməlidir. Hansı ki, Çinpin bir müddət əvvəl ordu qarşısında çıxışı zamanı açıq elan etmişdi ki, 2030-cu ildə Çin dünyada super dövlət halına gələcək...


Müəllif: Cavad

Oxşar xəbərlər