6 Aprel 2020 23:24
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanı bürüyən koronavirus pandemiyası hər keçən gün qurbanlarının sayını artırmaqdadır. Yeni, qlobal təhlükə hamımızı təhdid etməkdə, milyardlarla insan isə psixoloji sarsıntı kecirməkdədir”.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Onun sözlərinə görə, planetin planlaşdırılmamış iqtisadi məsrəflər, ən əsası qiymətli kapitalı insan itkisi ilə çalxalanır:

“Sosial təcrid və xüsusi karantin rejimi vasitəsilə dünyanı, ilk növbədə isə özümüzü və ailəmizi qorumaq kimi bir məsuliyyətimiz vardır. Bunun üçünsə ən təhlükəsiz məkan evimiz, ən etibarlı tərəfdaşımız ailə üzvlərimiz, daha çox qorumalı olduğumuz isə doğmalarımızdır. Bizə həyat verən valideynlərimiz, taleyimizi bölüşən həyat yoldaşımız, sağlam və bilikli böyütmək istədiyimiz övladlarımız, baba, nənələrimiz, bacı və qardaşlarımızdır.

Milli, mənəvi dəyərləri müqəddəs, nəsil bağları çox möhkəm olan Azərbaycan ailələri üçün indiki həssas dönəmdə bu məsələ yeni məzmun və çalarlar kəsb edir. Hörmətli bacılar və qardaşlar,əziz valideynlər gəlin baxaq, bu gün hər kəs onu kənardan gözləyən təhlükə qarşısında öz ailəsinə sığına bilirmi? Öz doğmalarından diqqət, dəstək, kömək ala bilirmi? Doğurdan da hər uşaq, qadın, ahıl və qayğıya ehtiyacı olanlar özlərini öz evlərində təhlükəsiz hiss edərək , mərhəmət və sevgiylə əhatə olunurlarmı?. Suallar çoxdur amma təəssüf ki, cavablar hər zaman qaneedici deyildir”.

O, qeyd edib ki, son günlərin koronavirus statistikası sübut edir ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər bu dəhşətli virusdan qorunmaq üçün əlverişli şəraiti təmin edir:

“Yetər ki, hər kəs öhdəlik və vəzifələrini lazımınca yerinə yetirsin, itkiləri azaltmağa yönəlmiş fəaliyyətin bir parçası kimi özünü hiss etsin. Özünə və ailəsinə görə cavabdeh olduğunu unutmasın. Əlbəttə virusun aldığı canlar və hədələdiyi soydaşlarımızın çəkdiyi əziyyətlər hər birimizi ağrıdır və günümüzün reallığıdır. Amma çox böyük təəssüflə qeyd etmək istədiyim daha bir acı reallıq da var ki, onu nə anlamaq, nə də ki, qəbul etmək mümkündür. Hər kəsin öz ailəsinə sığındığı indiki həssas bir zamanda bütün dünya ölkələrində ailədaxili zorakılıq halları daha da artmaqda, uşaqlar, ahıl insanlar ailə üzvlərinin təzyiqinə məruz qalmaqda, daha çox sayda qadınların isə həyatlarına faciəvi şəkildə son verilməkdədir.

Təsadüfi deyildir ki, BMT nin Baş Katibi Antonio Quterreş gender əsaslı zorakılığa son qoyulmasına dair son müraciətində "ən çox sayda qadının özünü olduqları yerdə - evdə təhlükəsiz hiss etmədiklərini "vurğulayaraq hər kəsi ailədaxili sülhə çağırıb.

Məncə ən dəhşətli və ən qorxulu virus hər birimiz üçün "qala sayılan" evlərdə və ailələrdə qadınlara və qızlara qarşı ən müxtəlif səbəblərdən və yaxud heç bir səbəbsiz bəslənən nifrət, heç nə ilə ovunmayan qəzəb, heç bir sərhəd tanımayan aqressiv münasibətdir”.

Komitə sədri qeyd edib ki, dünyaya gətirilən övladların həyatını, gələcəyini, arzularını məhv etmək, ağsaqqal məsləhətinə, ağbircək öyüdünə kar olmaq, nəinki cəmiyyət, eləcə də mənəviyyat qanunlarını heçə saymaqdır:

“Daxili komplekslərinin və şəxsi uğursuzluqlarının əsirinə çevrilərək öz həyatını və gələcəyini də ya impulsiv və düşünülməmiş hərəkətlərlə və daha pis halda şüurlu və planlaşdırılmış şəkildə qəddarcasına həyata keçirdiyi orta əsrlər dövrünə xas "ölüm aktı" ilə məhv etməkdir. Zənnimcə dünyanın daha böyük təhlükələrlə üz-üzə qaldığı bu "Qlobal Karantin" dövrü bizdən beynəlxalq, regional və məhəlli miqyasda həyatımıza və eləcə də düşüncələrimizə yeni bir baxış tələb edir. Çıxaracağımız nəticələr isə insanlığın taleyi üçün kifayət qədər əhəmiyyətli olmalıdır.

Amma bir həqiqəti də unutmaq olmaz ki, hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır. İnsani dəyərləri, mərhəməti, sevgini qorumaqdır. Hətta böyük olsa belə "Günahları "bağışlamağı bacarmaqdır. Yaxud bu işi ədalət mühakiməsinə həvalə etməkdir. İnsanı öz vicdanı ilə baş-başa buraxmaqdır. Heç bir halda özünü həm hakim, həm də hökmün icraçısı hesab etmək deyildir.

Hər kəsi öz hücrəsinə çəkilməyə vadar edən qlobal pandemiya təbii ki, dünya ölkələrinin birgə səyləri ilə itkilər hesabına olsa belə cilovlanacaq. Amma bu fiziki itkilər mənəvi itkilərimizlə heç zaman tən gələ bilməz. Odur ki, əziz həmvətənlər, biz hər zaman olduğu kimi bu çətin sınaq zamanında da milli mənəvi dəyərlərimizə, milli kimliyimizə, vətəndaş həmrəyliyinə xələl gətirən, ana və bacılarımızın ,gənc qızlarımızın öz evində belə təhlükəsizliyinə "Güvəni" zədələyən belə hallara qarşı çıxmalı, birliyimizin əsasını və dövlətimizin dayaqlarından birini təşkil edən ailə institutunun sarsıdılmasına yönələn belə zərərli meyllərdən qurtulmalıyıq.

Bir daha hamınızı məişət zorakılığı hallarına qarşı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səylərinə daha aktiv qoşulmağa, bizim bu gün koronavirusdan qorumağa çalışdığımız yaxınlarımıza və doğmalarımıza qarşı fiziki güc tətbiqindən çəkinməyə çağırırıq. Qoy uca Tanrı insanlığı qorusun!!!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər