11 Aprel 2020 12:58
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan həm şuranın fəaliyyəti, həm də beynəlxalq təşkilatların tarixində ilk dəfə videokonfrans vasitəsilə zirvə görüşü keçirməklə bir ilkə imza atdı.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, bu, məsələnin yalnız bir tərəfidir: “Hazırda koronavirus pandemiyası durmadan yayılmaqda davam edir və ona qarşı effektiv mübarizə də yalnız birgə səylərlə mümkündür. Çünki ayrı-ayrı dövlətlərin müxtəlif təcrübələri var və onların səmərəli olanlarının qarşılıqlı şəkildə öyrənilməsi və təhlükəsizlik məqsədilə istifadə olunması aktualdır. Bu mənada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var.

Ancaq Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir. Belə olan halda Azərbaycan Prezidentinin təşəbbüsü ilə zirvə görüşünün baş tutması Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi hesab edilə bilər. Ona görə də Azərbaycan Prezidenti ilk növbədə məhz bu məsələyə diqqət çəkərək qeyd etdi ki, bu zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Hazırkı mərhələdə koronavirusa qarşı mübarizədə tibbi tədbirlər nə qədər əhəmiyyətlidirsə mənəvi-psixoloji məsələlər və ümumi həmrəylik də bir o qədər əhəmiyyətlidir”.

Hikmət Babaoğlu qeyd edib ki, başqa bir əlamətdar məsələ isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun zirvə görüşünə qatılması idi. Bu da Azərbaycanın dəvəti ilə baş tutmuşdu və Türk Şurasının zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq keyfiyyəti qazandırırdı:

“Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi. Eyni zamanda bundan sonrakı mərhələdə koronavirusa qarşı mübarizədə daha yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı”.

Millət vəkilinin sözlərinə görə, şübhəsiz ki, bütün bunların məqsədi qardaş ölkələrin qlobal pandemiya təhlükəsinə qarşı öz vətəndaşlarının təhlükəsizliyini birlikdə qorumaq əzmi idi:

“Ancaq koronavirus pandemiyasının yaratdığı problemlər təkcə sağlıq müstəvisi ilə məhdudlaşmır. Digər sosial-iqtisadi sferalara da ciddi şəkildə mənfi təsir göstərir. Zirvə görüşündə bu məsələlərə də toxunuldu və iqtisadi itkilərin minimallaşdırılması məsələsi də gündəmə gəldi. Qardaş ölkələrin dövlət başçılarınn nitqində Azərbaycanın həyata keçirdiyi qlobal tranzit layihələrinin hazırki mənada iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyi bildirildi. Bu sırada Bak-Tbilisi-Qars dəmiryolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi”.

Hikmət Babaoğlu qeyd edib ki, bütövlükdə Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurasının zirvə toplantısı həm şura üzvlərinin həmrəyliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində, həm də hazırkı vəziyyətdə qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər